Gənclərin dəstəklənməsi proqramı

Məcburi köçkün gənclərin dəstəklənməsi və gəlirgətirən fəaliyyətlər proqramı

Proqram haqqında

“Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi”nin  “C” komponenti məcburi köçkünlər arasındakı məşğulluq və gəlirlərinin aşağı səviyyədə olması və onların hələ də dövlətin maddi yardımından yüksək dərəcədə asılı olmaları probleminin qismən həllinə yönəldilmişdir. Komponentin məqsədi məcburi köçkünlər arasında iqtisadi imkanların və aktivlərin artırılması və onları müstəqil gəlir əldə etmə cəhdlərinin stimullaşdırılmasından ibarətdir. Komponentin ümumi məqsədi hədəf məcburi köçkünlərin iqtisadi müstəqilliyinin gücləndirilməsidir. Komponentin icrası nəticəsində hədəf məcburi köçkünlərin ailə gəlirini artırmaq nəzərdə tutulur.

“C” komponenti 3 sub-komponentdən ibarətdir:

(i)    1-ci sub-komponent – Məcburi köçkün gənclərin dəstəklənməsi proqramı (GDP);

(ii)   2-ci sub-komponent – Gəlirgətirən fəaliyyətlər proqramı (GFP); və

(iii)  3-cü sub-komponent – mikro-kredit proqramı (MKP).

Bu sxem şəklində göstərilmişdir:


 “Gəlir İmkanlarının Dəstəklənməsi” komponenti çərçivəsində həyata keçirilən “məcburi köçkün gənclərin dəstəklənməsi” və “gəlirgətirən fəaliyyətlərin dəstəklənməsi” proqramları üzrə:

   1-ci sub-komponent (GDP) Yaponiya Sosial İnkişaf Fondunun Qrant vəsaiti hesabına maliyyələşdirilən və 2008-2012-ci illərdə həyata keçirilmiş “Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi” çərçivəsində sınaqdan keçirilmiş və gənclərin peşə bacarığı və iş imkanlarının yaxşılaşdırılmasına xidmət edən fəaliyyətlərin dəstəklənməsindən ibarətdir. Bu sub-komponent çərçivəsində təxminən 1300 gəncə peşə təlimləri təşkil ediləcəkdir. Onlar seçilmiş peşə üzrə təlim keçəcək və sonra bu peşə üzrə kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün maddi və texniki yardımla təmin olunacaqlar.

     2-ci sub-komponent çərçivəsində məcburi köçkün icmaları üçün gəlirgətirən fəaliyyətlərin dəstəklənməsi həyata keçiriləcək. Sub-komponentdə məcburi köçkün qruplarının kollektiv şəkildə sahib olduğu və idarə etdiyi təxminən 200 kiçik biznes və mikromüəssisə yaradılacaq. Yoxsulluq və işsizlik səviyyəsi yüksək olan və əsas gəlir mənbəyi kimi dövlətin ayırdığı maddi yardımdan asılı olan icmalar hədəf kimi seçiləcək. Hədəf icmalar müntəzəm olaraq icma səfərbərliyi üzrə yardım alacaq və mümkün gəlirgətirən fəaliyyətlərin müəyyən edilməsi üçün kiçik özünə dəstək qruplarının (ÖDQ) yaradılmasına həvəsləndiriləcək. Proqramda iştirak etmək üçün təsdiq olunmuş icmalara yeni mikromüəssisələrin yaradılması üçün 12,000 ABŞ dollarından yuxarı olmayan məbləğdə qrantlar veriləcək. ÖDQ-lər xüsusilə mikromüəssisənin məhsullarının satışı üzrə davamlı texniki yardım alacaqlar.

    Hər iki proqram çərçivəsində işlərin icrası üzrə əsas qərarların qəbul edilməsi məqsədilə bir sıra dövlət orqanları və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət (Azərbaycan Respublikası Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) Seçim Komissiyası yaradılmışdır.

 Ötən ilin yekunları

   1. “Məcburi köçkün gənclərin dəstəklənməsi” proqramı üzrə:

   2013-cü il ərzində Dünya Bankının satınalma qaydalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq proqram çərçivəsində məsləhətçi xidmətləri göstərəcək təşkilatın seçimi prosesi həyata keçirilmişdir. Nəticədə “Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi” İctimai Birliyi qalib elan edilmişdir. 14 yanvar 2013-cü il tarixində “Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi” İctimai Birliyi ilə MKSİF arasında müqavilə imzalanmışdır.

   Proqram üzrə 1300 nəfər gənc (15-24 yaşında) məcburi köçkünə sahibkarlıq bacarıqlarının artırılması üzrə biliklərin verilməsi, icma səfərbərliyi üzrə tədbirlərin keçirilməsi, peşə təlimlərinin təşkil edilməsi və sahibkarlıq fəaliyyətlərinin ilkin mərhələdə texniki və maliyyə baxımından dəstəklənməsi nəzərdə tutulur.

   2013-cü il ərzində proqram çərçivəsində iştirak üçün nəzərdə tutulan 1300 nəfər məcburi köçkün gəncdən 849 nəfərin seçimi və təsdiq edilməsi, onlar üçün peşə təlimlərinin təşkil edilməsi, peşə təlimləri ilə parallel olaraq kompüter kurslarının təşkil edilməsi həyata keçirilmişdir.

   Dünya Bankının xətti ilə ayrılmış Yaponiya Sosial İnkişaf Fondunun qrant vəsaiti hesabına 2008-2012-ci illər ərzində MKSİF tərəfindən həyata keçirilən “Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi” Dünya Bankı tərəfindən keçirilən müsabiqədə “Dövlət siyasəti kontekstini və icra çağırışlarını ən yaxşı nəzərə alan layihə” kateqoriyasında “İş yerləri üzrə bilik platforması” mükafatına layiq görülmüşdür. Bununla əlaqədar, 2013-cü ilin 20 may tarixində MKSİF-in“gənclərin dəstəklənməsi” və “gəlirgətirən fəaliyyətlər” proqramları üzrə əməkdaşı ABŞ-ın Vaşinqton şəhərində Dünya Bankının baş ofisində keçirilən mükafatlandırma mərasimində iştirak etmişdir.

 

 2. “Gəlirgətirən fəaliyyətlərin dəstəklənməsi” proqramı üzrə:

2013-cü il ərzində Dünya Bankının satınalma qaydalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq proqram çərçivəsində məsləhətçi xidmətləri göstərəcək təşkilatın seçimi prosesi həyata küçirilmişdir. Nəticədə “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” qalib elan edilmişdir. 15 yanvar 2013-cü il tarixində Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi ilə MKSİF arasında müqavilə imzalanmışdır.

Proqram üzrə nəzərdə tutulmuşdur ki, ölkə ərazisində məskunlaşmış məcburi köçkün icmaları arasında daha həssas, yoxsul və təcrid olunmuş 200 məcburi köçkün icması müəyyən edilərək onların gəlirgətirən fəaliyyətlərinin dəstəklənməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilsin.  

Proqramda iştirak üçün ilkin olaraq seçilmiş icmalar üzrə məlumatların toplanılması, sorğu vərəqlərin doldurulması və seçim üzrə prosedurların işin gedişatına uyğun təkmilləşdirilməsi həyata keçirilmişdir.

 Seçim Komissiyasının iclasının qərarları ilə təqdim edilmiş siyahıdan MKSİF-in Əməliyyat Rəhbərliyinə uyğun olaraq 200 məcburi köçkün icmasının siyahısı təsdiq edilmişdir. 2013-cü ilin ikinci yarımilliyi ərzində həmin icmalardan 100-ü ilə sahibkarlığın əsasları üzrə təlim kursları təşkil edilmişdir. Həmin icmalar təlimlərdən sonra seçdikləri fəaliyyət növünə uyğun biznes-planlar tərtib etmişdir. Proqramda iştirak etmək üçün seçilmiş məcburi köçkün icmaları tərəfindən hazırlanan biznes-planlar Seçim Komissiyası tərəfindən təsdiq edilmişdir. 100 məcburi köçkün icması əsasında Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradılmışdır. Birinci 100 icmadan 90 icma heyvandarlıq fəaliyyəti ilə (66-sı iri buynuzlu, 24-ü xırda buynuzlu mal-qara artırılması) məşğul olmaq qərarı vermişdir, 10-u isə digər fəaliyyət növləri seçmişdir (çörək istehsalı (2), arıçılıq (7) və ayaqqabı istehsalı (1)).

  2013-cü il ərzində  MKSİF-in sözügedən proqramlar üzrə çalışan əməkdaşları təşkilatlararası əlaqələrin saxlanılması və oxşar layihələrin əlaqələndirilməsi ilə bağlı, həmçinin MKSİF xətti ilə həyata keçirilən proqramların səmərəliliyini artıarmaq və məcburi köçkün icmalarının və gənclərin problemləri ilə yaxından tanış olmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən irəli sürülən “Məcburi Köçkünlərin Gəlir İmkanlarının Dəstəklənməsi” proqramı çərçivəsində “İcmaların səfərbər edilməsi və iştirakçı qiymətləndirilməsi” mövzusunda təşkil etdiyi təlimlərə cəlb edilmişdirlər və BMT QAK və digər hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə Abşeron, Şəki, Qəbələ rayonlarında və Bakı şəhərində məcburi köçkün icmaları ilə keçirilən görüşlərdə və icmalar üçün təşkil edilən təlimlərdə təlimçi qismində iştirak etmişdirlər.

   2013-cü ilin oktyabr ayının 11-də Gəncə şəhərində xarici məsləhətçi cənab Piter Ridin, MKSİF, TİT, yerli qeyri-hökumət təşkilatları, məcburi köçkün icmaları və Kredit İttifaqları nümayəndələrinin iştirakı ilə “Gəlirgətirən fəaliyyətlər” mövzusunda bir günlük seminar təşkil edilmişdir. Seminarın keçirilməsi məqsədləri MKSİF tərəfindən icra olunan Layihənin “Gəlir İmkanlarının Dəstəklənməsi” komponenti çərçivəsində hər bir proqram üzrə biznesin inkişafı mütəxəssisləri arasında əlaqənin yaradılması, faydalananların digər proqramlar çərçivəsində cəlb edilməsi, təcrübə mübadiləsi, təlim kursları və sahibkarlıq növlərinin seçimində müxtəlif fəaliyyət istiqamətlərinin və onların gəlirliliyinin müzakirəsi olmuşdur. Seminarın nəticəsi olaraq proqramların səmərəliliyinin artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi planı qəbul edilmişdir.