Birgə əməkdaşlıq haqqında

Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması

     Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı və Fatmayı qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilmişdir.

      2001-ci ildən 01.01.2014 tarixinədək olan dövr ərzində bu layihə üzrə  Azərbaycanın müxtəlif bölgələrində enerji, qaz, su təchizatı və digər zəruri sosial və texniki infrastruktur sistemləri ilə təmin edilən yeni yaşayış qəsəbələri salınmışdır.

     Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Dövlət Neft Fondu tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş və müvafiq qaydada əsaslandırılmış sifarişləri əsasında adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir.

     Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.
      Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmişdir.
Həmçinin gücünə görə son 20 ildə ən böyük elektrik yarımstansiyası -280 meqavat olmaqla, məcburi köçkünlər üçün 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilmişdir. Bu yarımstansiya 5 rayonun-Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və İmişli rayonlarının elektrik enerjisinə olan tələbatını stabilləşdirmişdir.