XƏBƏRLƏR
2019-05-02

Beyləqan rayonunda məcburi köçkünlər üçün nəzərdə tutulan 146 evlik

 yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir.

 

Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş, qaçqın və məcburi köçkünə çevirilmiş soydaşlarımızın yeni mənzillərlə təmin olunması istiqamətində son bir neçə ildə daha da sürətli işlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırığına əsasən  məcburi köçkünlər üçün yeni qəsəbə, yaşayış kompleksləri və məhəllələrin tikintisi əhəmiyyətli dərəcədə artıb. Ölkə rəhbərinin tapşırıqlarının icrasına əsasən belə komplekslərdən biri də  Beyləqan rayonunda gerçəkləşmək üzrədir. Tezliklə açılışı gözlənilən bu kompleksdə  bütün zəruri sosial-texniki infrastruktur olan 146 ev, məktəb, bağça və digər sosial obyektlər inşa olunub.

 Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Dövlət Proqramı”na edilmiş əlavələrin əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149s №-li Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 1.7 bəndinin icrası ilə əlaqədar Beyləqan rayon ərasizində müvəqqəti məskunlaşmış ailələr üçün 146  mənzildən ibarət  yeni yaşayış qəsəbəsinin tikilməsi nəzərdə tutulmuşdur. Yeni yaşayış qəsəbəsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) həvalə edilmişdir. 

Yaşayış kompleksində 12 ədəd 1 otaqlı, 73 ədəd 2 otaqlı,  54 ədəd 3 otaqlı və 7 ədəd 4 otaqlı  mənzillər inşa edilib. O cümlədən, qəsəbədə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası (Qazanxana ilə birlikdə) klub-icma mərkəzi, inzibati bina və həkim məntəqəsi də tikilib.

Baş plana əsasən tikinti işləri yekunlaşıb və hal hazırda kompleksdə yol-küçə şəbəkəsinin salınmasına  başlanılıb. Bu işlərin ardınca ərazidə abadlıq və yaşıllaşdırma işləri həyata keçiriləcək.

Bu ilin may və ya iyun aylarında təhvil verilməsi planlaşdırılan qəsəbədə hər bir ev tikinti normalarına uyğun olaraq, yüksək keyfiyyətli xəttlərlə çəkilmiş elektirik, qaz, su və rabitə ilə təmin olunacaq.