XƏBƏRLƏR
2019-08-08

Kürdəmir rayon ərazisində 564 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində tikinti işləri uğurla davam etdirilir.

Məcburi köçkünlər üçün regionlarda tikilən ən böyük yaşayış məhəllələrindən biri olacaq kompleksdə hər biri 4 mərtəbəli olmaqla 17 yaşayış binası inşa edilir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Dövlət Proqramı”na edilmiş əlavələr əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149S  №-li Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 1.7 bəndinin icrası ilə əlaqədar çoxmərətəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi tam müasir standartlara cavab verən bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilir.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında tikilən yaşayış kompleksindəki binalarda ümumilikdə 44 ədəd 1 otaqlı, 236 ədəd 2 otaqlı, 228 ədəd 3 otaqlı, 56 ədəd 4 otaqlı mənzil olacaq.

Yeni yaşayış məhəlləsində o cümlədən 432 yerlik məktəb, 140 yerlik bağça, klub icma mərkəzi, tibb məntəqəsi, telefon qovşağı , inzibati binalar, 1 ədəd  35 kV yarımstansiya, 2 ədəd 10 kV yarımstansiyanın inşası nəzərdə tutulur.

Yaşayış kompleksinin ümumi ərazisi 13 hektardır. Baş plana əsasən məhəllədə elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün ən zəruri inventar və avadanlıqlar olacaq.

    Ölkə başçısının tapşırığına əsasən kompleksdə sakinlərin istirahəti üçün tələb olunan müasir infrastrukturun yaradılması da nəzərdə tutulur.

Son illərdə ölkənin bir çox yerlərində salınan bu cür yeni yaşayış qəsəbələrinin sayının artırılması və bu istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsi onu göstərir ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır və  onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Həm dövlət başçısı İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın demək olar ki, hər bir çıxışında və əməlli işlərində məcburi köçkünlərin problemini daim diqqətdə saxlaması sübut edir ki, Azərbaycan höküməti üçün məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi ən prioritet məsələlərdən biridir.

Qeyd edək ki, yeni yaşayış kompleksindəki tikinti işlərinin bu ilin sonuna kimi başa çatdırılması gözlənilir.