Xəbərlər Məcburi köçkün ailəsi üçün nəzərdə tutulan daha bir müasir yaşayış qəsəbəsində tikinti işləri yekunlaşmaq üzrədir.

Məcburi köçkün ailəsi üçün nəzərdə tutulan daha bir müasir yaşayış qəsəbəsində tikinti işləri yekunlaşmaq üzrədir.


            “Son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılmışdır. Bu məqsədlər üçün dövlət çox böyük vəsait xərcləyib və bu da təbiidir. Çünki mən həmişə demişəm ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır”- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi bu ifadələr və həyata keçirilən real işlər bir daha sübut edir ki, bu sahə hər zaman dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edilmişdir.


            Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirəsini məhz məcburi köçkünlərə həsr etməsi və bu istiqamətdə çox ciddi irəlləyişə səbəb olacaq qərarlar verməsi sübut edir ki, Azərbaycan höküməti üçün məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi ən prioritet məsələlərdən biridir.


            Məhz bunun nəticəsidir ki, yüksək şəraiti ilə seçilən, beynalxalq tikinti normalarına cavab verən müasir yaşayış komplekslərinin sayının daha da artırılmasına, qısa zamanda daha çox məcburi köçkün ailəsinin bu qəsəbələrə köçürülməsinə qərar verilib. Bələ yaşayış qəsəbələrindən biri də Şirvan şəhərində nəzərdə tutulmuşdur. Artıq qəsəbədə tikinti işləri yekunlaşmaq üzrədir. Burada 685 məcburi köçkün ailəsi üçün 13 ədəd 9 mərtəbəli yaşayış binaları, o cümlədən məktəb, bağça və digər inzibati binalar inşa edilib.


            Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Dövlət Proqramı”na edilmiş əlavələr əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149S  №-li Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 1.7 bəndinin icrası ilə əlaqədar çoxmərətəbəli binalardan  ibarət yeni yaşayış məhəlləsi tam müasir standartlara cavab verən bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilir.


            Kompleksdə 12 bina 54 mənzilli, 1 bina isə 37 mənzillidir. Ümumili tikilməkdə olan çoxmərtəbəli binalarda 64 ədəd 1 otaqlı, 298 ədəd 2 otaqlı, 270 ədəd 3 otaqlı, 53 ədəd 4 otaqlı mənzil var.


            Qəsəbənin ümumi ərazisi 10 hektardır. Kompleksdə müasir standartlara tam cavab verən 540 yerlik məktəb binası,140 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və  klub-icma mərkəzi  var.


            Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılır, müasir yol-küçə infrastrukturu salınır. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün ən zəruri inventar və avadanlıqlar təmin olunacaq. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcək. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Yetərincə geniş sahəyə malik  akt zalında isə böyük tədbirlərin keçirilməsi mümkün olacaq.


            Baş plana əsasən tikinti işləri yekunlaşdıqdan sonra qəsəbə ərazisində yol-küçə şəbəkəsi salınacaq, abadlıq və yaşıllaşdırma işlərinə başlanılacaq.