Xəbərlər Əli Həsənov Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan şəhərcikdə işlərin gedişi ilə maraqlanıb

Əli Həsənov Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan şəhərcikdə işlərin gedişi ilə maraqlanıb.

          Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə yanvarın 6-da Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub.

         Əraziyə baxış keçirən Əli Həsənov yeni şəhərcikdə indiyədək görülən işlər, tikinti işlərinin hazırkı vəziyyəti, nəzərdə tutulan tədbirlərlə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün konkret tapşırıqlar verib.

          Məlumat verilib ki, layihəyə uyğun olaraq ərazidə 594 mənzilli 11 ədəd doqquz mərtəbəli yaşayış evləri tikilib. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər var. Ərazidə bundan əlavə, 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binalar tikilib.

          Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu ilin yayında “Bakı-2015” ilk Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək. Həmin yarışların iştirakçısı olan idmançılar və komandaların nümayəndələri bu yeni salınan şəhərcikdə yerləşdiriləcək. Əli Həsənov “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirakı ilə bir neçə dəfə yeni qəsəbədə aparılan tikinti işlərinə baxış keçirdiklərini bildirib.

          Məlumat verilib ki, ərazidə tikinti işlərinə  ötən ilin may ayından başlanmasına baxmayaraq, qısa müddət ərzində  inşaat işləri artıq başa çatdırılıb, binaların daxilində aparılan təmir işləri sahəsində və ərazinin abadlaşdırılması ilə bağlı son tamamlanma işləri görülür.

          Əli Həsənov inşaat işlərinin sürətləndirilməsi məqsədilə konkret tapşırıqlar verib, işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.

          Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.