News Prezident Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub



Prezident Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub

           Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

           Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verib. Bu kompleks dövlət başçısının “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Bərdədə yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

           Burada yeni məhəllənin sxeminə və maketinə baxan Prezident İlham Əliyevə məlumat verilib ki, 11 hektar sahəni əhatə edən yeni yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdənin kommunikasiya şəbəkələrinə qoşulub. Kompleksin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb və bu ilin mart ayında tam başa çatdırılıb. Yeni kompleks qaçqın və məcburi köçkünlər üçün salınmış 90-cı yaşayış kompleksidir.

           Dövlət başçısı kompleksdəki məktəbdə yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təhsilə qayğısını və məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlərə baxıb. Burada, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də yaradılıb. Məktəblə tanışlıq zamanı bildirilib ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

           Dövlət başçısı yaşayış kompleksindəki uşaq bağçasında da olub və burada yaradılan şəraitlə maraqlanıb. Uşaq bağçasında balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.

           Prezident İlham Əliyev yeni yaşayış kompleksində görülən işlərdən razılığını bildirib
.