News Qazax, Sabirabad və Zaqatala rayonları ərazisində məcburi köçkün ailələri üçün yeni salınan yaşayış komplekslərinin tikintisi başa çatmaq üzrədir.

Qazax, Sabirabad və Zaqatala rayonları ərazisində məcburi köçkün ailələri üçün yeni salınan yaşayış komplekslərinin  
tikintisi başa çatmaq üzrədir.

         Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov tikinti işlərinin başa çatması ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə noyabrın 12-13-də Qazax və Zaqatala rayonlarında məcburi köçkünlər üçün yeni salınan yaşayış komplekslərində olub.
Əvvəlcə Qazax rayonuna gələn Baş nazirin müavini Əli Həsənov tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə yeni salınan məhəllədə tikinti işlərinin başa çatması ilə bağlı birgə müzakirələr aparılmışdır.


         Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr” in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə şəhərciyin salınması işləri başa çatmaq üzrədir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə ərazidə 10 ədəd 4 mərtəbəli , 300 mənzilli binalar tikilib. Binalarda 52 ədəd 1 otaqlı, 156 ədəd 2 otaqlı, 88 ədəd 3 otaqlı, 8 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilib. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaqdır. 


         Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Zaqatala rayonuna gəlmiş və həmin rayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 135 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşası aparılan 3 ədəd 5 mərtəbəli binalardan ibarət yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə də maraqlanmışdır.


         Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Zaqatala rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir. MKSİF-in sifarişi ilə layihəyə uyğun olaraq ərazidə 10 ədəd 1 otaqlı, 65 ədəd 2 otaqlı, 50 ədəd 3 otaqlı, 10 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina tikilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaqdır. 
Hər iki rayonun ərazisində aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra Baş nazirin müavini Əli Həsənov ərazidə inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib.


         Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib. 


         Baş nazirin müavini Əli Həsənov bir daha vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Yuxarıda göstərilən rayonların ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir.
Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.


         İnşasına bu ilin əvvəlində başlanan qəsəbələrdəki inşaat işlərinin gedişində heç bir problem yaşanmadığını bildirən, ayrı-ayrılıqda istər yaşayış binalarının, istərsə də bu məhəllədə inşa olunan məktəb binasının, uşaq bağçasının, həmçinin tibb məntəqəsi, ATS binası, klub-icma mərkəzi və digər sosial obyektlərin, istərsə də daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşasını həyata keçirən tikinti təşkilatlarının rəhbərləri məlumat verərək bildirmişlər ki, onlar məsul olduqları sahələrdə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklər. 


         Qərara alınmışdır ki, tikinti işlərində keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksləri bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə təhvil verilməlidir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.1-ci bəndinin icrası ilə əlaqədar olaraq Sabirabad rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə qəsəbənin tikinti işləri başa çatmaq üzrədir. MKSİF-in sifarişi ilə ərazidə 44 ədəd 1 otaqlı, 198 ədəd 2 otaqlı, 176 ədəd 3 otaqlı, 22 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə 370 şagird yerlik məktəb binası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina da tikilib. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz olunacaqdır.