Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilib, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.
Məcburi köçkün soydaşlarımıza göstərilən diqqət və qayğının təzahürüdür ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin Dövlət Proqramına Əlavələr təsdiq edilib.
Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin Dövlət Proqramı, ona edilmiş Əlavələr və digər normativ aktlar uğurla icra edilib və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir.
Ümumilikdə bu günə kimi 94 müasir yaşayış kompleksi salınıb, 49 min ailə və ya 243 min nəfər məcburi köçkün mənzillə təmin olunub. 2015-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 840 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək azalıb.
Respublikanın bir çox yerlərində salınan bu cür yeni yaşayış qəsəbələri bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Sabirabad rayonu ərazisində fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 440 ailəlik yeni salınmış yaşayış qəsəbəsində işlər tam başa çatdırılıb və məcburi köçkünlərin həmin qəsəbəyə köçürülməsinə başlanılıb.
Qəsəbə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.2-ci bəndinin icrası ilə əlaqədar olaraq tikilib.
Qəsəbənin ümumi ərazisi 30 hektardır. Qəsəbənin ərazisində müasir standartlara tam cavab verən 370 yerlik məktəb binası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və poçt binası da tikilib.
Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları və idman zalı bütün zəruri inventar və avadanlıqla təchiz olunub.
Yeni yaşayış məhəlləsinə köçürülən məcburi köçkün soydaşlarımız yaradılan bu cür şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Məcburi köçkünlər Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqlarına inandıqlarını bildiriblər. Onlar bu inamın dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasətdən qaynaqlandığını vurğulayıblar.
Ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Bu həssas məsələyə prinsipiallıqla yanaşma Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindəndir. Bu fəaliyyət təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.