News Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.


         Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov iyunun 13-də Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru xanım Mersi Tembon və Azərbaycan üzrə ofisinin rəhbəri xanım Larisa Leşşenkonu qəbul edib.


         Görüşdə bildirilib ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vaxtından başlayaraq Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı indiyə kimi 4 kredit sazişi imzalanmış, həmin sazişlərdə müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi kimi komponentlər nəzərdə tutulmuşdur. Artıq növbəti layihədə isə daha yeni komponentlər olacaqdır.


         Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb və Azərbaycan hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını, həyata keçirilən layihələr zamanı heç bir anlaşılmazlığın olmadığını, missiya üzvlərinin öz işlərinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb.


         Görüşdə Əli Həsənov bildirib ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkə  sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur: “Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. Bu gün dünyada Azərbaycanı qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələr son illər yeni mərhələyə qədəm qoymuş, həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirilmiş, bütün bunlar isə istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir və dünyanın maliyyə institutları içərisində ən şəffafı məhz elə Dünya Bankıdır.”

         Diqqətə çatdırılıb ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirilmiş və bu işlər hazırda davam etdirilməkdədir. Bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin günü-gündən artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir. Elə buna görədir ki, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən «Məcburi Köçkünlərin Həyat şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi» layihəsinin müzakirəsi zamanı həmin layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilmiş, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilmişdir.


         Baş nazirin müavini həmçinin bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə olan beynəlxalq təşkilatların fəaliyyəti üçün tam şəffaf şərait yaradılıb: “Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünləri üçün yaratdığı şərait bütün dünya üçün nümunədir. Ümumilikdə 550 milyon əhalisi olan Avropa ölkələrinə cəmi 800 min qaçqın gəlib.Görün o ölkələrdə həmin qaçqınların başına nə oyunlar açırlar. Ancaq soruşan yoxdur ki, bəs 10 milyona yaxın əhalisi olan Azərbaycan Prezidenti cənab İlham Əliyev 1 milyon 200 min qaçqın və məcburi köçkünün öhdəsindən necə gəlir?! Bu gün baxın görün Avropada insan hüquqları ilə bağlı nələr baş verir. Cənab Prezident həmişə öz çıxışlarında bildirmişdir ki, Azərbaycan dövlətinin bu sahədə çox böyük təcrübəsi var və Avropa ölkələri də bu təcrübədən istifadə edə bilərlər.”
Görüşdə qonağın diqqətinə çatdırılıb  ki, işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdikləri qətnamələrə məhəl qoymur, ərazilərimizi işğal altında saxlamaqda davam edir, bununla yanaşı Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulur, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, hərbiçilər və mülki əhalidən olan sakinlər isə həlak olmuşlar. 


         Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən xanım Mersi Tembon Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı qeyd edib ki, onun təmsil etdiyi qurum da Azərbaycan hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır və bu gün qaçqın və məcburi köçkün probleminin həllində Azərbaycanın təcrübəsindən dünyanın oxşar problemləri ilə üzləşən ölkələrində istifadə olunur. 


         Azərbaycanın bütün sahələrdə gündən-günə inkişaf etdiyindən məmnunluğunu bildirən Dünya Bankının rəsmisi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin bütün dünya üçün örnək olduğunu bildirib, Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirib.

         Görüşdə Dünya Bankının Azərbaycan üzrə ofisinin rəhbəri Larisa Leşşenko ölkəmizdə fəaliyyət müddətinin başa çatdığını bildirmiş, Dünya Bankı ilə Azərbaycan hökumətinin əməkdaşlıq etdiyi müddətdə əldə olunan ən yaxşı təcrübələrin dünyanın bir sıra ölkələrində təbliğ edəcəklərini qeyd etmişdir. Xanım Larisa Leşşenko həmçinin gələcəkdə həyata keçiriləcək layihələrdə gənclər arasında informasiya texnologiyaları sahəsində təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb.

         Baş nazirin müavini Əli Həsənov xanım Larisa Leşşenkoya ölkəmizdə uğurlu fəaliyyətinə görə təşəkkürünü bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb və onun irəli sürdüyü təklifin gələcək layihələrdə mütləq nəzərə alınacağını diqqətə çatdırıb.