Dünya Bankı ilə əməkdaşlıq uğurla davam etdirilir
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov aprelin 26-da Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək qeyd edib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib.
Baş nazirin müavini qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər zəngin təcrübənin toplandığını, indiyədək həyata keçirilən layihələr zamanı heç bir anlaşılmazlığın olmadığını, missiya üzvlərinin ölkəmizdə öz işlərinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb.
Xüsusilə cənab Prezidentin tapşırığına əsasən məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmiş səylərin gücləndirilməsi məqsədilə keçən ilin iyun ayında Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış yeni Kredit Sazişinin müzakirə olunduğu görüşdə indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində respublikanın müxtəlif ərazilərində məskunlaşmış məcburi köçkünlər üçün tikilmiş uşaq bağçaları, məktəblər, icma mərkəzləri kimi sosial-infrastruktur obyektlərinin təmiri, içməli su, elektrik enerjisi ilə təchizatı, kəndlərarası və daxili yolların təmiri, sanitariya və irriqasiya sistemlərinin bərpası, habelə yeni salınmış qəsəbələrdə müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, məcburi köçkünlərin gəlir imkanlarının artırılması və məşğulluğunun təmin olunması istiqamətində də məcburi köçkün icmalarına texniki və maliyyə dəstəyi göstəriləcəkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir.
Dünya Bankı tərəfindən həyata keçirilən bir çox layihələrdən danışan Navid Hasan Naqvi qeyd edib ki, bu layihələr içərisində ən çox diqqətçəkən kənd yerlərinin inkişafını dəstəkləyən və məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrdir.O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti həm Bakı ətrafı ərazilərdə, həm də regionlara səfər edərək layihə yerlərinə baş çəkərək orada həyata keçirilən işlərlə yerində tanış olacaqlar.
Baş nazirin müavini Dünya Bankının nümayəndələrinin yeni layihə yerlərinə səfər etmələrini və həyata keçirilən işlərlə tanış olmalarını yüksək qiymətləndirdi və bu səfərlərin tez tez olmasının vacibliyini vurğuladı.
Cənab Əli Həsənov bildirib ki, Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlirgətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməsi zərurəti qalmaqdadır.
Bu gün Azərbaycanın sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrildiyini, dünyəvi problemlərin həllinə yönəlmiş mühüm tədbirlərə ev sahibliyi etdiyini, dünya dövlətləri ilə, beynəlxalq maliyyə qurumları ilə qarşılıqlı əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran Baş nazirin müavini deyib ki,bütün bu qazanılmış uğurlar cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsində əldə olunub. Bu yaxınlarda ölkəmizdə keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları və Formula 1 yarışları isə ölkəmizin artan nüfzunu bütün dünyaya bir daha nümayiş etdirəcək.
Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən Navid Hasan Naqvi Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, təmsil etdiyi qurum da Azərbaycan Hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. O, fəaliyyəti dövründə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəmədiyini qeyd edib və bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirib. Navid Hasan Naqvi eyni zamanda istər paytaxt Bakının, istərsə də regionların sürətlə inkişaf etdiyini, ölkəmizin sülhün, tolerantlığın və həmrəyliyin mövcud olduğu bir məkana çevrilməsinin onda xoş təəssürat yaratdığını qeyd etdi.
Görüşdə Navid Hasan Naqvinin məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların istismarı ilə bağlı fikirlərinə toxunan Əli Həsənov diqqətə çatdırdı ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etdi.Artıq cənab Prezidentin və Birinci vitse-prezidentin tapşırığı ilə qəzalı vəziyyətdə olan yataqxanalarda və digər obyektlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı müvafiq işlər görülməkdədir.