News Prezident Tərtərdə 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi ilə tanış olub

Prezident Tərtərdə 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi ilə tanış olub


          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan dördmərtəbəli 34 yaşayış binasından ibarət  yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.


          Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib ki,  1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.


          Qeyd olundu ki, 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada balacaların ilkin biliklərə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb.


          Komplekslə tanışlıq zamanı Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.


          Pakizə MƏMMƏDOVA: Xoş gəlmisiniz.

          Prezident İlham ƏLİYEV: Sizi təbrik edirəm.

          Pakizə MƏMMƏDOVA: Çox sağ olun. Bizə belə bir şərait yaratdığınıza görə çox minnətdaram.

          Prezident İlham ƏLİYEV: Şərait necədir, xoşunuza gəlir?


          Pakizə MƏMMƏDOVA: Çox xoşumuza gəlir. Gələndə buralara baxdım, heç gözümə inanmadım. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O, yerində belə davamçı qoyub. Allah-Təala Sizi həmişə uca eləsin, bayrağımızı Xankəndidə, Şuşada, Kəlbəcərdə yüksəltsin. Mehriban xanımla bərabər başınızın üstündən heç vaxt yaman yellər əsməsin. O da əlil uşaqlara, böyüklərə şərait yaradır, bizim üçün əziyyət çəkir, çox sağ olsun. Allah Sizə də, ona da uzun ömür versin. Allah həmişə Sizdən razı olsun. Xalqın, köçkünlərin qeydinə qaldığınıza görə çox sağ olun.


          Prezident İlham ƏLİYEV: İndi yeni, çox gözəl, yaraşıqlı mənziliniz var. Burada rahat yaşamaq olar.


          Pakizə MƏMMƏDOVA: Çox gözəldir, çox yaxşıdır. Allah Sizə həmişə ömür versin.


          Prezident daha sonra  yaşayış kompleksindəki məktəblə tanış olub. Dövlət başçısına məlumat verilib ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var.


          Prezident İlham Əliyevə məlumat verilib ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, indiyə qədər salınan yeni yaşayış kоmplеkslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, kilometrlərlə yol, su, hava elektrik və qaz xətləri çəkilib.


          Burada ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi barədə də məlumatlar var. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan bu abidə Tərtər rayonunun Şıxarx qəsəbəsindədir və 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, o, yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.


          Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. İdman zalı da zəruri avadanlıqla təchiz olunub və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkün olacaq.


          Prezident İlham Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.


          Dövlətimizin başçısı görüşdə çıxış edib.


          Prezident İlham Əliyevin

          çıxışı


          -Bu gün biz Tərtər rayonunda köçkünlər üçün salınmış yeni şəhərciyin açılışında görüşürük. Burada yaşayacaq bütün köçkünləri bu gözəl hadisə münasibətilə təbrik edirəm. 


          Bu, çox böyük layihədir, 1170 ailə bundan sonra 34 çoxmərtəbəli binadan ibarət bu şəhərcikdə rahat yaşayacaq. Burada 1200 şagird yerlik bu gözəl məktəb, uşaq bağçası, musiqi məktəbi, tibb məntəqəsi tikilib. Burada rahat yaşamaq üçün bütün şərait var, infrastruktur yaradılıb - istilik, qaz, işıq, su.


          Bu, bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir və bizim üçün prioritet təşkil edir. Bu, sayca 97-ci qəsəbədir ki, Azərbaycan dövləti köçkünlər üçün istifadəyə verir. Bu qəsəbələrdə 250 mindən çox insan evlərlə, mənzillərlə təmin edilibdir. Bu il 2300 ailə yeni mənzillərə, evlərə köçürülür, gələn il də bu proses davam etdiriləcəkdir. Gələn il ən azı 4 min köçkün ailəsi yeni mənzillərə, evlərə köçürüləcəkdir. Bu, Azərbaycan dövlətinin siyasətini göstərir. Onu göstərir ki, məcburi köçkünlərin problemlərinin həlli bizim üçün əsas məsələdir. Təsadüfi deyil ki, Dövlət Neft Fondunun ilk vəsaiti ulu öndər Heydər Əliyevin göstərişi ilə məhz köçkünlərin problemlərinin həllinə istiqamətləndirilmişdir. Bu siyasət bu gün də davam etdirilir, hər il kifayət qədər böyük vəsait nəzərdə tutulur və bu il də belədir, gələn il də belə olacaq. Hələ də çətin vəziyyətdə yaşayan köçkünlər var, onların problemləri də öz həllini tapacaq. Qeyd etdiyim kimi, gələn il ən azı 4 min ailə yeni evlərlə təmin ediləcək və beləliklə, tədricən biz bu problemi həll edəcəyik. Bu şəhərcikdə yaşayacaq köçkünlər bu günə qədər çox ağır vəziyyətdə yaşayırdılar. Kimsə kirayədə, kimsə yararsız binalarda, uşaq bağçalarında yaşayırdı. İndi onların həyatında yeni dövr başlayır və bu, doğrudan da çox əlamətdar hadisədir. Onu da qeyd etməliyəm ki, bu şəhərcik qısa müddət ərzində tikilib istifadəyə verilir. Tikintinin başlanmasından heç bir il keçməyib. Bu, onu göstərir ki, bu məsələləri qısa müddət ərzində həll etmək üçün bizim kifayət qədər böyük imkanlarımız var.


          Dövlət Neft Fondunun fəaliyyətinin bir istiqaməti də ölkə üçün ən önəmli layihələrdə maliyyə mənbəyi kimi iştirak etməkdir. Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bir neçə layihənin maliyyə mənbəyi Dövlət Neft Fondudur. O cümlədən, ilk növbədə, köçkünlərin problemlərinin həlli üçün salınan qəsəbələrin mütləq əksəriyyəti Dövlət Neft Fondunun maliyyə mənbələri hesabına yaradılmışdır. Bu, onu göstərir ki, - mən həmişə bunu demişəm, - biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk. Neftdən əldə edilən gəlirlər həm ölkə iqtisadiyyatının inkişafına, infrastruktur layihələrinin icrasına, eyni zamanda, sosial məsələlərin həllinə yönəldilibdir və beləliklə, bu ağır problem tədricən öz həllini tapır.


          Bu il köçkünlərin həyatında digər önəmli hadisə baş vermişdir. Uzun fasilədən sonra Cocuq Mərcanlı kəndinə həyat qayıtdı. Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində indi son addımlar atılır. Birinci mərhələdə biz bu il 50 evin istifadəyə verilməsini qeyd etmişik. Mən o mərasimdə iştirak etmişəm. İndi isə əlavə 100 evin tikintisi başa çatıb və tezliklə o evlərə də Cocuq Mərcanlı kəndinin sakinləri yerləşəcəklər. Orada da bütün infrastruktur yaradılıb, məktəb, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Cocuq Mərcanlı kəndinin bərpası xüsusi məna, rəmzi xarakter daşıyır. Onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq. Uzun illər ərzində digər yerlərdə yaşayan Cocuq Mərcanlı sakinləri imkan yarandıqca öz doğma kəndinə qayıtmışlar. Onlar bu arzu ilə yaşamışlar və artıq bu arzu həyatda öz əksini tapdı. Onlar bu arzuya çatdılar. Ona görə Cocuq Mərcanlının bərpası çox böyük rəmzi məna daşıyan bir hadisədir.


          Eyni zamanda, Cocuq Mərcanlının bərpası aprel döyüşlərinin uğurlu nəticəsi hesabına mümkün olmuşdur. Keçən il Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək minlərlə hektar torpağı düşməndən azad etmişdir və bundan sonra Cocuq Mərcanlıda yaşamaq mümkün olmuşdur. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir. Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir.


          Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini demişlər. Onların arasında ən mötəbər təşkilat BMT-dir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Yəni, beynəlxalq aləm bu məsələ ilə bağlı öz sözünü deyib. Tarixi ədalət də bizim tərəfimizdədir. Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür. Bunu əks etdirən bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb. 1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə də bunu təsdiqləyir. O vaxt ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyi qeyd olunmuş və bunu əks etdirən abidə ucaldılmışdır. Münaqişə başlayan kimi ermənilər o abidəni dağıtmışlar. Ancaq axıra qədər dağıda bilməmişlər. O abidənin qalıqları tapılıb, bərpa edilib və əyani sübut kimi artıq qorunur. Bu, bütün dünyaya göstərir ki, ermənilər bu ərazidə gəlmədirlər, köçürülüblər. Necə köçürülüblər, kim tərəfindən köçürülüblər – biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir.


          Ona görə, mən həmişə deyəndə ki, Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır, bunu tarixi həqiqətə əsaslanıb deyirdim. Bizim ümumi işimiz ondan ibarətdir ki, bütün dünya bunu bilsin və artıq biz bunu görürük. Bizim səylərimiz və yorulmaz fəaliyyət nəticəsində dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı fikir formalaşıb. Qeyd etdiyim kimi, bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu təsdiqləyən bir çox qərar, qətnamələr qəbul edilmişdir. Dağlıq Qarabağın tarixi keçmişi haqqında biz bütün dünyaya məlumatlar təqdim edirik. Bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamədə də Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqlənib və dəstəklənib. Bu, bizim böyük diplomatik nailiyyətimizdir. Ona görə münaqişənin həlli yolları bu tarixi həqiqətə, ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır. Əminəm ki, belə də olacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Heç vaxt biz imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın.


          Bu gün, eyni zamanda, mən yeni tikilmiş hərbi hissənin açılışında da olacağam. Azərbaycanın hərbi qüdrəti gündən-günə artır. Qeyd etdiyim kimi, bizim Ordumuz beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır. Ordumuzun bütün ehtiyacları təmin edilir. Ən müasir silahlar, texnikalar alınır, şəhərciklər salınır, infrastruktur, hərbi bazalar yaradılır. Əlbəttə, bir daha qeyd etmək istəyirəm ki, Tərtər və tərtərlilər düşmənlə üz-üzə ön xətdə möhkəm dayanıblar.


          Sizi bir daha salamlayıram və belə gözəl hadisə münasibətilə təbrik edirəm.