Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Bakıda “Məcburi köçkün icmaları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycan dünyada bütün sahələrdə sürətlə inkişaf edən dövlət kimi tanınır, ölkəmizin hərbi qüdrəti artır, ordumuz güclənir.
Azərbaycan xalqının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan S.Əhmədov deyib: “Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məhz buna görə də prezident seçkilərində məcburi köçkünlərin dövlətimizin başçısını dəstəkləməsi təbiidir”.
Tədbirdə çıxış edən Ağdam rayonundan gənc məcburi köçkün Alim Rzayev, Zəngilan rayonundan məcburi köçkün Nailə Həsənova, Qubadlı rayonundan məcburi köçkün Savalan İmanov, İcma İnkişaf Mərkəzinin icraçı direktoru Yasin Dadaşov, məcburi köçkün icmaları ilə işləyən tərəfdaş təşkilatın nümayəndəsi Mirsaleh Məmmədov və başqaları ölkəmizdə məcburi köçkünlərin əhatə olunduqları dövlət qayğısından bəhs ediblər. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanlar qəzalı vəziyyətdə olan binalarda, çadır şəhərçiklərində, fin evlərində, yataqxanalarda ağır şəraitdə yaşayırdılar. Ancaq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüldü. Məcburi köçkünlər üçün yeni qəsəbələr, şəhərçiklər salındı, onların digər sosial problemlərinin həlli ilə bağlı ciddi addımlar atıldı. Ümumilikdə qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri inşa edilib ki, bu da 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması deməkdir. Bu isə Azərbaycan Prezidentinin məcburi köçkünlərin problemlərinin həllinə göstərdiyi diqqətin təzahürüdür. Sevindirici haldır ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən bu diqqət və qayğı bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və bu təcrübədən istifadə olunur. Birinci vitse-prezident Mehriban Əliyevanın da hər zaman məcburi köçkünlərin problemlərinin həllinə həssaslıqla yanaşdığı qeyd edilib. Bildirilib ki, təkcə ötən il Mehriban Əliyevanın rəhbərliyi ilə 1000-ə yaxın məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirən məcburi köçkünlər Cocuq Mərcanlıdan başlayan və Ağdərədə gedən Böyük qayıdış prosesinin işğal altında olan digər torpaqlarımızı da tezliklə əhatə edəcəyinə inandıqlarını vurğulayıblar.
Çıxış edənlər bütün məcburi köçkünlərin hər zaman dövlətimizin başçısının yanında olduqlarını, onu dəstəklədiklərini bir daha bəyan ediblər. Bildirilib ki, məcburi köçkünlər aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edərək dövlətimizin başçısına səs verəcəklər.
Sonra məcburi köçkün icma nümayəndələrinin bəyanatı qəbul edilib.
Bəyanatda bildirilir ki, Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilmiş VI qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qəbul edilən tarixi qərar ölkənin hər bir vətəndaşı, hər bir azərbaycanlı, hər bir qaçqın və məcburi köçkün tərəfindən rəğbətlə qarşılanıb, geniş ümumxalq dəstəyi qazanıb.
Artıq 20 ildən çoxdur ki, 1 milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Soydaşlarımızın üzləşdiyi problemlər Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlər, atılan addımlar dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlərlə təmin edilməsi üçün 2004-cü ildə Dövlət Proqramı qəbul olunub, 2007-ci və 2011-ci illərdə bu proqrama əlavələr təsdiqlənib. Ümumiyyətlə, bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait ayrılıb.
Qeyd edilir ki, dövlətimizin başçısı tərəfindən bu sahə ilə bağlı 98 fərman və sərəncam imzalanıb. Milli Məclis 34 qanun, Nazirlər Kabineti isə 370 qərar və sərəncam qəbul edib.
2007-ci ildə məcburi köçkünlərin olduqca ağır şəraitdə yaşadıqları 12 çadır və 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət düşərgə, 2016-cı ildə isə fin tipli evlərdən ibarət 16 qəsəbədən sonuncusu ləğv olunub və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr yeni salınmış qəsəbələrə köçürülüb.
Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Konkret desək, 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr elektrik, 465 kilometr qaz xəttləri çəkilib. Məcburi köçkünlər üçün ən böyük təhsil ocağı - 1300 şagird yerlik məktəb 2012-ci ildə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, gücünə görə (280 meqavat) ən böyük elektrik yarımstansiyası 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilib.
İndiyədək 53 min ailə və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bundan 49 min ailə, yaxud 245 min nəfər son 14 ilin payına düşür.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 24 ildə 6,6 milyard manat vəsait sərf olunub. Ondan 3,1 milyard manatı dövlət büdcəsinin, 2,1 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Son 14 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb. Həmin müddətdə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınıb. Ali və orta ixtisas təhsili ocaqlarında ödənişli formada təhsil alan qaçqın və məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad olunublar. Bu gün də dövlət tərəfindən həyata keçirilən bir sıra proqramlar, özünüməşğulluq, regionlarda ictimai işlərə aid yerlərin açılması məhz bu məqsədə, əhalimizin bu təbəqəsinin sosial problemlərinin həllinə yönəldilib və bir çox sosial problemlər öz həllini tapmaqdadır.
Ümumiyyətlə, Azərbaycan dövlətinin bu sahədə təcrübəsi - həm çadır şəhərciklərinin ləğvi, həm də demək olar ki, humanitar fəlakətin qarşısının alınması çox nadir bir təcrübədir. Bu təcrübə nümunə olaraq bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və istifadə olunur.
2016-cı ilin aprel döyüşlərindən sonra Lələtəpə, Talış yüksəkliyi düşmən işğalından azad edildi. Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cocuq Mərcanlı kəndinin bərpasına şərait yarandı. Böyük qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndi bərpa edildi. Həmçinin ötən il Tərtər rayonunun Şıxarx qəsəbəsində 1170 ailəyə sevinc yaşadan yeni şəhərcik salındı.
Bəyanatda bildirilir ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu humanist siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyevanın ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Birinci vitse-prezident tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təməlinin qoyulması, bu yaxınlarda isə “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində yeni mənzillərə köçürülməsi, oktyabrın 5-də isə həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsinin və təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq işlərə başlanılması da məhz bu diqqət və qayğının nəticəsidir. Bununla yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda artıq tikilmiş hazır binalarda həmin məqsəd üçün dövlət tərəfindən mənzillər alınır.
Bəyanatda daha sonra deyilir: “Aprel ayının 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqlar başlayıb. Ötən həftə VI qurultayını keçirən Yeni Azərbaycan Partiyası xalqın alternativsiz lideri olan İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü.
Qaçqın və məcburi köçkün icmalarının nümayəndələri hesab edirlər ki, partiyanın bu qərarı ümumilikdə xalqın mövqeyinin ifadəsidir. Çünki cənab İlham Əliyev bütün fəaliyyəti ilə yenidən prezident seçilmək üçün xalqın tam etimadını qazanıb.
İnanırıq ki, Azərbaycanı xoşbəxt gələcəyə aparan siyasət növbəti 7 ildə də uğurla davam edəcək.
Biz Azərbaycan xalqını müasir dünya siyasətində öz sözü və rolu olan şəxsiyyətə - İlham Əliyevə səs verməyə çağırırıq”.