Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində ikinci mərhələ çərçivəsində məcburi köçkünlər üçün daha bir neçə yaşayış binasının tikitisi həyata keçirilir. Hal hazırda ərazidə plana uyğun olaraq, 300 məcburi köçkün ailəsini təmin edəcək əlavə 4 ədəd 5 mərtəbəli yaşayış binasının inşası yekunlaşmaq üzrədir.
Qeyd edək ki, 2014-cü ildə salınan qəsəbədə 1-ci mərhələ daxilində 3 ədəd 5 mərtəbəli bina inşa edilmişdir ki, bu da 200 məcburi köçkün ailəsinin ev probleminin həllinə səbəb olmuşdur. Birinci mərhələ çərçivəsində 220 şagird yerlik məktəb tikilsə də baxça, icma mərkəzi, tibb məntəqəsi və s inzibati binaların inşası ikinci mərhələyə saxlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkün soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilməsi məqsədi ilə ikinci mərhələ daxilində inşa edilən 300 ailəlik yaşayış binalarından əlavə ərazidə həmçinin bir ədəd 140 uşaq yerlik bağça, bir ədəd inzibati bina, bir ədəd tibb məntəqəsi, bir ədəd klub icma mərkəzi və bir ədəd qazanxana tikilməkdədir.
Ümumilikdə 500 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş Ümid qəsəbəsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunur. Tam müasir standartlara uyğun inşa edilən qəsəbədə bütün sosial-texniki infrastruktur nəzərdə tutur. Yeni yaşayış məhəlləsi elektrik, qaz, su və müasir istilik sistemi ilə tam təchiz ediləcəkdir. Qeyd olunan sahədə işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir. Bunlar isə özlüyündə bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişəki kimi, bu gün də dövlətin, xüsusilə Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahələrdəndir.
Ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Bu həssas məsələyə prinsipiallıqla yanaşma Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindəndir. Bu fəaliyyət təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.