Bakı şəhəri, Pirallahı rayonunda 300 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan yeni yaşayış kompleksində 3 ədəd 9 mərtəbəli yaşayış binası inşa edilir.
Kompleksin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”-nın və ona edilmiş Əlavələrin müvafiq bəndlərinə, o cümlədən ötən ilin iyun ayında “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsinin icrası çərçivəsində həyata keçirilir.
Yeni yaşayış məhəlləsində iki ədədi 72 mənzildən və bir ədədi 162 mənzildən ibarət 3 ədəd 9 mərtəbəli yaşayış binası və həmçinin 220 şagird yerlik məktəb binasının tikintisi aparılır.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında inşa edilən yaşayış məhəlləsində mənzillərin 37 ədədi bir, 107 ədədi iki, 126 ədədi üç, 36 ədədi dördotaqlı olacaq.
Qeyd edək ki, uzun illərdi ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərlə təmin edilməsi ölkəmizdə ən prioritet məsələlərdən biridir. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyadan irəli gələn tələblərin və həmçinin dövlət başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqların vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməsi son illər daha geniş miqyaslı işlər görülür və işlərin nəzərdə tutlan vaxtda təhvil verilməsi üçün bütün imkanlar səfərbər olunur.
İnşasına bu ilin ortalarında başlanan qəsəbədəki inşaat işlərinin gedişində hər hansı ləngimə baş verməyib. Ayrı-ayrılıqda, istər yaşayış binalarının, istərsə də bu məhəllədə inşa olunan məktəb binasının və digər sosial obyektlərin, istərsə də daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşası tikinti normaları daxilində mərhələli şəkildə davam etdirilir.
Yaşayış məhəlləsi qaz, su, elektrik enerjisi, müasir istilik sistemi ilə tam təchiz olunacaq. Məhəllədə inşaat işlərinin gələn ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.