Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində müntəzəm olaraq ciddi tədbirlər görür. Tezliklə məcburi köçkünlərin ixtiyarına veriləcək növbəti yaşayış kompleksi Bakı şəhəri, Sabunçu rayon, Kürdəxanı qəsəbəsində inşa edilib. Ümumi yaşayış sahəsi - 59 862,6 kvadrat metr olan yaşayış məhəlləsində 800-dən çox məcburi köçkün ailəsi üçün 15 ədəd 9 mərtəbəli binalar inşa edilib.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 810 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşa edilib.
Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 9 mərtəbəli olmaqla, 15 yaşayış binası, 560 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, Klub-İcma Mərkəzi, İnzibati bina inşa edilib. Binalardakı mənzillərin 72 ədədi bir, 360 ədədi iki, 306 ədədi üç, 72 ədədi dördotaqlıdır. Yaşayış məhəlləsi qaz, su, elektrik enerjisi, müasir istilik sistemi ilə tam təchiz olunub.
Ümumilikdə bu cür yeni yaşayış məhəllələri və qəsəbələrin salınması, orada məskunlaşdırılması nəzərdə tutulan soydaşlarımızın bu yaşayış sahələrinə köçürülməsi, paytaxtdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün hündür mərtəbəli yaşayış binaları kompleksinin tikintisi və ilk növbədə, şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq bəndlərinə uyğun və mərhələli şəkildə həyata keçirilir.
Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır, qayğı göstərir. Təsadüfü deyil ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident seçildikdən sonra keçirdiyi ilk müşavirəni məhs qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etdi və müşavirədə bəyan etdi ki, məcburi köçkünlərin mənzil problemləri ən qısa vaxtda həll ediləcək. Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər məcburi köçkün ailəsinin yaşadığını vurğulayan Birinci vitse-prezident bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün məcburi köçkün ailələri tezliklə yeni mənzillərə köçürüləcək: “Qarşımızda duran əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.”
Qeyd edək ki, ölkəmizdə məcburi köçkün ailələri üçün inşa edilmiş ən böyük yaşayış komplekslərindən biri olan qəsəbənin yaxın günlərdə açılışı gözlənilir.