XƏBƏRLƏR
2016-11-12

Məcburi köçkünlər üçün salınan daha bir qəsəbənin açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.

Yalnız bu ilin on ayında Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 440, Qazaxdakı 304, Zaqataladakı 135 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə və Bakının Ramana qəsəbəsində inşa edilmiş beşmərtəbəli binaya 50 məcburi köçkün ailəsinin, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 50 hərbçi ailəsinin yeni yaşayış binasına köçürülməsi təmin edilib. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Abşeron rayonu ərazisində 44 hazır mənzil alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərin bu ilin noyabrında buraya köçürülməsi təmin ediləcək.

İndi Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir və Ucarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə və Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.

Prezident İlham Əliyev qəsəbədəki evlərdən birində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib.

Qəsəbədə 120 yerlik uşaq bağçası da tikilib. İkimərtəbəli bağça hər cür avadanlıqla təchiz olunub.

Dövlətimizin başçısı bağçada uşaqların əyləncəsi və istirahəti üçün yaradılan şəraitlə tanış oldu.

Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait mövcuddur.

Qəsəbədəki məktəbdə olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu təhsil ocağı 320 şagird yerlikdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada aprel döyüşlərində Ordumuzun qələbəsini əks etdirən fotolardan ibarət guşə, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də var. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var.

Prezident İlham Əliyevin

çıxışı

-Sizi ürəkdən salamlayıram. Füzuli rayonunda yenidən olmağımdan çox məmnunam. Bu gün 400 köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışını qeyd edirik. Gözəl qəsəbədir, bütün şərait yaradılıb. Məktəb, uşaq bağçası, tibb məntəqəsi, gözəl fərdi evlər tikilib, təbii ki, infrastruktur layihələri icra edilib, içməli su, qaz, elektrik xətləri çəkilib, yollar salınıb. 

İnşaatçılar da yaxşı işləyiblər. Mən onları da salamlayıram, onlara öz minnətdarlığımı bildirmək istəyirəm. İnşaatçılar son illər ərzində məcburi köçkünlər üçün 95 qəsəbə salıblar. Bu qəsəbələr yüksək səviyyədə qurulub, bütün şərait yaradılıb. Artıq bu, Azərbaycan standartıdır. Burada yaradılmış məktəbin, uşaq bağçasının binaları, fərdi evlər zövq oxşayır. Ona görə mən inşaatçıları da salamlayıram, köçkünlərə də öz hörmətimi bildirmək istəyirəm.

Bildiyiniz kimi, Azərbaycan dövləti məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər görür. 2004-cü ildə müvafiq proqram qəbul edilmişdir. 2007-ci ildə bu proqrama əlavələr edilmişdir. Bu proqramın icrası uğurla davam edir. Qeyd etdiyim kimi, 95 qəsəbə salınıb, təkcə Füzuli rayonunda 16 qəsəbə salınıb. Bu illər ərzində ancaq tikinti işlərinin aparılması üçün 2 milyard manatdan çox vəsait ayrılmışdır. Bütövlükdə isə məcburi köçkünlərə ayrılmış vəsait 6 milyard manatdan çoxdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır, qayğı göstərir. Bu, bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər uzun illərdir ki, işğaldan əziyyət çəkir. Köçkünlər arasında yoxsulluq hələ 13 il bundan əvvəl 75 faiz səviyyəsində idi. Bu gün köçkünlər arasında yoxsulluq 12 faizə düşübdür, ancaq ölkə üzrə orta göstərici 5 faizdir. Hələ ki, görüləsi işlər çoxdur. Təbii ki, köçkünlər üçün, ilk növbədə, yaşayış yerləri inşa edilməli idi və edilir. Eyni zamanda, onların məşğulluğu ilə bağlı çox ciddi addımlar atılır.

Bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Gələn il yeni qəsəbələr salınacaqdır. Dövlət Neft Fondundan maliyyələşən bu qəsəbələrin inşası əlbəttə ki, köçkünlərin vəziyyətini bir qədər yüngülləşdirir. Bu günə qədər Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, bizim ən böyük təbii sərvətimiz olan neft Azərbaycan xalqının sərəncamındadır, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Əgər bu imkanlar olmasaydı, belə gözəl qəsəbələr salmaq mümkün olmazdı. Ona görə güclü iqtisadi imkanlarımız bu şəraiti yaradır. Biz öz təbii resurslarımızdan səmərəli şəkildə istifadə edirik. İlk növbədə, sosial layihələrə diqqət yetiririk, köçkünlərin problemlərini həll etməyə çalışırıq.

Sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. Bu, mənim 2003-cü ildə seçkiqabağı vədlərimdən biri idi ki, 5 il ərzində çadır şəhərcikləri ləğv ediləcək. Biz buna dörd il ərzində nail olduq. Bu gün isə fin tipli sonuncu qəsəbə ləğv olunur. Fin tipli 16 qəsəbə var idi, indi onların biri də qalmayıb. Fin tipli sonuncu qəsəbənin yerində Füzuli köçkünləri üçün yeni müasir qəsəbə salınacaq. Beləliklə, Füzuli rayonunun köçkün problemi demək olar ki, öz həllini tapacaq.

Bu gün Füzuli rayonu ərazisində 71 min insan yaşayır. Rayon əhalisinin ümumi sayı isə 128 mindir. Yeni salınmış 16 qəsəbədə vətəndaşlar məskunlaşıblar. Eyni zamanda, 1994-cü ildə işğaldan azad edilmiş ərazilərdə yeni qəsəbələr salınıb, o cümlədən bu qəsəbə. Horadiz şəhəri vaxtilə qəsəbə idi, biz ona şəhər statusu verdik. İşğaldan 1994-cü ildə azad edilmiş torpaqlarda bax belə gözəl şərait yaradılıbdır. Bu, bizim gücümüzü göstərir. Ermənistana bəlkə də ən böyük zərbə elə budur. İşğal edilmiş Dağlıq Qarabağda və digər torpaqlarımızda məskunlaşan ermənilər bu gün səfalət içində yaşayırlar. O görüntülər bəzən televiziya və internet vasitəsilə yayımlanır - səfalət, yoxsulluq, işsizlik, ümidsizlik. Bizim torpağımızı zəbt ediblər, ancaq o torpaqlarda normal həyat qura bilməyiblər və bilməyəcəklər. Çünki o torpaq onlara məxsus deyil. Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq. Ona görə işğaldan azad edilmiş ərazilərdə ən müasir şəraiti yaratmaq bizim siyasətimizi əks etdirir və gücümüzü göstərir.

Bu gün Horadiz abad, inkişafda olan şəhərdir. Horadizdə bir çox sosial obyektlər inşa edilmişdir – Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Rəsm Qalereyası, Diaqnostika Mərkəzi, Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi, digər obyektlər. Füzuli rayonunun bütün infrastruktur məsələləri öz həllini tapıbdır. İçməli su, elektrik enerjisi məsələləri həll olunub. Bir neçə il bundan əvvəl mənim iştirakımla 25 meqavat gücündə Su Elektrik Stansiyası açılmışdır ki, bu, nəinki Füzuli rayonuna, ətraf bölgələrə də enerji verir. Qazlaşdırma Füzuli rayonunda 100 faizdir. Biz heç Azərbaycanda hələ 100 faizə çatmamışıq, təqribən 90-95 faizə yaxınlaşırıq, Füzulidə bu, 100 faizdir. Kəndlərarası üç böyük yol layihəsi icra edilmişdir. Kəndlərin demək olar ki, hamısı yollarla təmin edilib. Bu gün daha bir yolun açılışını etdik. Bax, budur bizim dövlətimizin gücü və bizim siyasətimiz.

Siz - burada yaşayan insanlar böyük hörmətə layiqsiniz. Siz döyüş bölgəsində, düşmənlə üz-üzə yaşayırsınız. Buna baxmayaraq, qurursunuz, yaradırsınız, uşaqlar böyüdürsünüz. Mən sizə minnətdaram. Sizi salamlayıram, sizə yeni uğurlar arzulayıram.