DÜNYA BANKI Hazırki layihə C komponenti

GƏLİR İMKANLARININ DƏSTƏKLƏNMƏSİ KOMPONENTİ

 

“Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün Əlavə maliyyələşdirmə çərçivəsində icra edilən “Gəlir İmkanlarının Dəstəklənməsi” komponenti məcburi köçkünlər arasındakı məşğulluq və gəlirlərinin aşağı səviyyədə olması və onların hələ də dövlətin maddi yardımından yüksək dərəcədə asılı olmaları probleminin qismən həllinə yönəldilmişdir. Komponentin məqsədi məcburi köçkünlər arasında iqtisadi imkanların və aktivlərin artırılması və onları müstəqil gəlir əldə etmə cəhdlərinin stimullaşdırılmasından ibarətdir. Komponentin ümumi məqsədi hədəf məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi və ailə gəlirini artırılmasından ibarətdir.

 

Komponent çərçivəsində aşağıdakı proqramlar icra olunur:

 

          (i)    1-ci proqram – Gənclərin dəstəklənməsi proqramı (GDP);

          (ii)   2-ci proqram – Gəlirgətirən fəaliyyətlər proqramı (GFP);

          (iii)  3-cü proqram – Ümumi iqtisadi dəstək proqramı (ÜİDP).

 

1.      Gənclərin dəstəklənməsi proqramı.

 

 “Gənclərin dəstəklənməsi” proqramı üzrə 2500 gəncin seçilməsi, onlara kompyuter, peşə və biznes təlimlərin keçirilməsi, hazırladıqları biznes-planlarda göstərdikləri avadanlıqların alınması üçün vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

 

2.         Gəlirgətirən fəaliyyətlər proqramı.

 

 “Gəlirgətirən fəaliyyətlər” proqramı üzrə 400 məcburi köçkün icmasının seçilməsi, onlara icma səfərbərliyi və sahibkarlıq üzrə təlimlər təşkil edilməsi, həmin icmalar əsasında Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) yaradılması və kiçik sahibkarlıq fəaliyyətinin başlanması üçün vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

 

3.         Ümumi iqtisadi dəstək proqramı.

 

 “Ümumi iqtisadi dəstək” proqramı çərçivəsində məcburi köçkünlər üçün salınmış 36 qəsəbədən 72 icmanın səfərbər olunması və 250 nəfər gənc məcburi köçkünün seçilməsi planlaşdırılır. Onlardan 36 icmanın və 125 nəfər gəncin cəlb edilməsi  birinci mərhələ üzrə, digər 36 icmanın və 125 nəfər gəncin cəlb edilməsi isə ikinci mərhələ üzrə nəzərdə tutulmuşdur.

 

Ümumiyyətlə MKSİF tərəfindən həyata keçirilən layihələr nəticəsində 30973 nəfər (bunlardan 28543 nəfəri məcburi köçkün olmaqla) iş imkanları ilə təmin edilmişdir və sahibkarlıq fəaliyyətinin başlanmasına dəstək verilmişdir.

 

 Ötən layihə çərçivəsində icra edilmiş “Gəlir imkanlarının dəstəklənməsi” komponentinin yekunları

 

1.      “Məcburi köçkün gənclərin dəstəklənməsi” proqramı üzrə:


         2013-cü il ərzində Dünya Bankının satınalma qaydalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq proqram çərçivəsində məsləhətçi xidmətləri göstərəcək təşkilatın seçimi prosesi həyata keçirilmişdir. Nəticədə “Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi” İctimai Birliyi qalib elan edilmişdir. 14 yanvar 2013-cü il tarixində “Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi” İctimai Birliyi ilə MKSİF arasında müqavilə imzalanmışdır.

          Proqram üzrə 1650 nəfər gənc (15-24 yaşında) məcburi köçkünə sahibkarlıq bacarıqlarının artırılması üzrə biliklərin verilməsi, icma səfərbərliyi üzrə tədbirlərin keçirilməsi, peşə təlimlərinin təşkil edilməsi və sahibkarlıq fəaliyyətlərinin ilkin mərhələdə texniki və maliyyə baxımından dəstəklənməsi kimi fəaliyyətlərdən bəhrələnmişdir.

          Müddət ərzində proqram çərçivəsində iştirak üçün nəzərdə tutulan 1650 nəfər məcburi köçkün gəncdən 1624 nəfərin seçimi və təsdiq edilməsi, onlar üçün peşə təlimlərinin təşkil edilməsi, peşə təlimləri ilə parallel olaraq kompüter kurslarının təşkil edilməsi həyata keçirilmişdir.

          Dünya Bankının xətti ilə ayrılmış Yaponiya Sosial İnkişaf Fondunun qrant vəsaiti hesabına 2008-2012-ci illər ərzində MKSİF tərəfindən həyata keçirilən “Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi” Dünya Bankı tərəfindən keçirilən müsabiqədə “Dövlət siyasəti kontekstini və icra çağırışlarını ən yaxşı nəzərə alan layihə” kateqoriyasında “İş yerləri üzrə bilik platforması” mükafatına layiq görülmüşdür. Bununla əlaqədar, 2013-cü ilin 20 may tarixində MKSİF-in“gənclərin dəstəklənməsi” və “gəlirgətirən fəaliyyətlər” proqramları üzrə əməkdaşı ABŞ-ın Vaşinqton şəhərində Dünya Bankının baş ofisində keçirilən mükafatlandırma mərasimində iştirak etmişdir.

 

    
 2. “Gəlirgətirən fəaliyyətlərin dəstəklənməsi” proqramı üzrə:


          2013-cü il ərzində Dünya Bankının satınalma qaydalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq proqram çərçivəsində məsləhətçi xidmətləri göstərəcək təşkilatın seçimi prosesi həyata küçirilmişdir. Nəticədə “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” qalib elan edilmişdir. 15 yanvar 2013-cü il tarixində Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi ilə MKSİF arasında müqavilə imzalanmışdır.

          Proqram üzrə nəzərdə tutulmuşdur ki, ölkə ərazisində məskunlaşmış məcburi köçkün icmaları arasında daha həssas, yoxsul və təcrid olunmuş 262 məcburi köçkün icması müəyyən edilərək onların gəlirgətirən fəaliyyətlərinin dəstəklənməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.  

          Proqramda iştirak üçün ilkin olaraq seçilmiş icmalar üzrə məlumatların toplanılması, sorğu vərəqlərin doldurulması və seçim üzrə prosedurların işin gedişatına uyğun təkmilləşdirilməsi həyata keçirilmişdir.

          Seçim Komissiyasının iclasının qərarları ilə təqdim edilmiş siyahıdan MKSİF-in Əməliyyat Rəhbərliyinə uyğun olaraq 262 məcburi köçkün icmasının siyahısı təsdiq edilmişdir. 2013-cü ilin ikinci yarımilliyi ərzində həmin icmalar sahibkarlığın əsasları üzrə təlim kursları təşkil edilmişdir. Həmin icmalar təlimlərdən sonra seçdikləri fəaliyyət növünə uyğun biznes-planlar tərtib etmişdir. Proqramda iştirak etmək üçün seçilmiş məcburi köçkün icmaları tərəfindən hazırlanan biznes-planlar Seçim Komissiyası tərəfindən təsdiq edilmişdir. Məcburi köçkün icmaları əsasında Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradılmışdır və sahibkarlıq fəaliyyətlərinə başlanılmışdır.

          2013-cü il ərzində  MKSİF-in sözügedən proqramlar üzrə çalışan əməkdaşları təşkilatlararası əlaqələrin saxlanılması və oxşar layihələrin əlaqələndirilməsi ilə bağlı, həmçinin MKSİF xətti ilə həyata keçirilən proqramların səmərəliliyini artıarmaq və məcburi köçkün icmalarının və gənclərin problemləri ilə yaxından tanış olmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən irəli sürülən “Məcburi Köçkünlərin Gəlir İmkanlarının Dəstəklənməsi” proqramı çərçivəsində “İcmaların səfərbər edilməsi və iştirakçı qiymətləndirilməsi” mövzusunda təşkil etdiyi təlimlərə cəlb edilmişdirlər və BMT QAK və digər hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə Abşeron, Şəki, Qəbələ rayonlarında və Bakı şəhərində məcburi köçkün icmaları ilə keçirilən görüşlərdə və icmalar üçün təşkil edilən təlimlərdə təlimçi qismində iştirak etmişdirlər.

           2013-cü ilin oktyabr ayının 11-də Gəncə şəhərində xarici məsləhətçi cənab Piter Ridin, MKSİF, TİT, yerli qeyri-hökumət təşkilatları, məcburi köçkün icmaları və Kredit İttifaqları nümayəndələrinin iştirakı ilə “Gəlirgətirən fəaliyyətlər” mövzusunda bir günlük seminar təşkil edilmişdir. Seminarın keçirilməsi məqsədləri MKSİF tərəfindən icra olunan Layihənin “Gəlir İmkanlarının Dəstəklənməsi” komponenti çərçivəsində hər bir proqram üzrə biznesin inkişafı mütəxəssisləri arasında əlaqənin yaradılması, faydalananların digər proqramlar çərçivəsində cəlb edilməsi, təcrübə mübadiləsi, təlim kursları və sahibkarlıq növlərinin seçimində müxtəlif fəaliyyət istiqamətlərinin və onların gəlirliliyinin müzakirəsi olmuşdur. Seminarın nəticəsi olaraq proqramların səmərəliliyinin artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi planı qəbul edilmişdir.