XƏBƏRLƏR
2014-01-20

 

MKSİF -in həyata keçirdiyi Layihə beynəlxalq mükafata layiq görülmüşdür  

  Dünya Bankının xətti ilə ayrılmış Yaponiya Sosial İnkişaf Fondunun qrant vəsaiti hesabına 2008-2012-ci illər ərzində MKSİF tərəfindən həyata keçirilən “Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi” Dünya Bankı tərəfindən 2013-cü ildə keçirilən müsabiqədə “Dövlət siyasəti kontekstini və icra çağırışlarını ən yaxşı nəzərə alan layihə” kateqoriyasında “İş yerləri üzrə bilik platforması” mükafatına layiq görülmüşdür. Bununla əlaqədar, 2013-cü ilin 20 may tarixində MKSİF-in “gənclərin dəstəklənməsi” və “gəlirgətirən fəaliyyətlər” proqramları üzrə meneceri Namiq İbrahimov və MKSİF-ə müqavilə əsasında məsləhətçi xidmətləri göstərən “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyinin layihə əlaqələndiricisi Kamran Ağaməliyev ABŞ-ın Vaşinqton şəhərində Dünya Bankının baş ofisində keçirilən mükafatlandırma mərasimində iştirak etmişdirlər, Dünya Bankının Layihə üzrə rəhbəri xanım Coanna De Berri ilə birlikdə mərasim iştirakçılarına Layihə haqqında təqdimat etmiş və Dünya Bankının rəhbərliyi tərəfindən təqdim edilən mükafatı qəbul etmişdirlər.

    Məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbələrdə gənc məcburi köçkünlərə yardım etmək məqsədilə Yaponiya Sosial İnkişaf Fondu Dünya Bankının xətti ilə 2 milyon ABŞ dolları məbləğində qrant vəsaiti ayırmışdır və 2008-2012-ci illər ərzində MKSİF tərəfindən «Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi» həyata keçirilmişdir. Layihə üzrə Qrant Sazişi 17 oktyabr 2007-ci il tarixdə imzalanmışdır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2007-ci il tarixli 453s №-li Sərəncamı ilə təsdiq edilmişdir.

    Layihənin məqsədləri məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbələrdə və şəhər yerlərindəki kollektiv mərkəzlərdə yaşayan məcburi köçkün gənclərin sosial inteqrasiyasını genişləndirməkdən və onların iqtisadi imkanlarını gücləndirməkdən ibarət olmuşdur.

Layihə üç komponent üzrə fəaliyyətləri əhatə etmişdir:

Layihənin «A» komponenti –Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə gənclər üçün icma qrantları;

Layihənin «B» komponenti – Məcburi köçkün gənclər üçün peşə təlimlərinin təşkili;

Layihənin «C» komponenti – Yerli və məcburi köçkün gənclər üçün məktəblərdə icma qrantları.

    Layihənin icrası üçün yerli qeyri-hökumət təşkilatları cəlb edilmişdir. Belə ki, inzibati məsələlərin həlli və Layihənin icrasına ümumi dəstək üzrə məsləhətçi xidmətini Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi göstərmişdir. Layihənin “A” və “B” komponentlərinin icrası ilə əlaqədar icmaların inkişafı və səfərbər edilməsi üzrə məsləhətçi xidmətlərini “Sosial Tərəqqi” İctimai Birliyi və “Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi” təmin etmişdir. Layihənin “C” komponentinin icrası ilə əlaqədar məsləhətçi xidmətini “Beynəlxalq Avrasiya Mətbuat Fondu” göstərmişdir. Göstərilən yerli qeyri-hökumət təşkilatları Azərbaycan Respublikası və Dünya Bankının satınalma qaydalarına uyğun tender üsulu ilə seçilmiş və Layihə çərçivəsində yaradılmış Seçim Komissiyası tərəfindən təsdiq edilmişdirlər. Həmin Seçim Komissiyası Layihə üzrə əsas qərarların şəffaflıq şəraitində qəbul edilməsi məqsədilə yaradılmışdır və Komissiyanın tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və İdman Nazirliyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Komissiyanın üzvləri təyin olunmuşdurlar. Komissiyaya Yaponiyanın Azərbaycandakı Səfirinin birinci müavini sədrlik edirdi.

   Layihə çərçivəsində yeni qəsəbələrdə məskunlaşmış gənc məcburi köçkünlər arasında sosial gərginliyinin aradan qaldırılması, onların bir qisminin məşğulluq probleminin həll edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi üçün gənclərin Layihə üzrə nəzərdə tutulmuş fəaliyyətlərə cəlb edilməsi, müxtəlif tədbirlərin keçirilməsi vasitəsilə onların dünya görüşlərinin genişləndirilməsi, məcburi köçkün/yerli ortaq məktəblərdə  şagirdlər arasında müsbət inteqrasiyanın yaradılması, məktəblər arasında münasibətlərin yaxşılaşdırılması və sair istiqamətlər üzrə müvafiq işlər həyata keçirilmişdir.

Layihənin “A” komponenti çərçivəsində Ağdam, Biləsuvar, Goranboy, Füzuli, Beyləqan, Sabirabad rayonlarında, Yevlax və Mingəçevir şəhərləri ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbələrdə gənc məcburi köçkün icmaları üçün 65 mikrolayihə icra olunmuşdur (o cümlədən 22 kompyuter mərkəzi, 14 idman kompleksi,  gənclərin asudə vaxtlarının keçirilməsi üçün 16 gənclər-əyləncə mərkəzi və  qızlar üçün 13 məişət-tədris mərkəzi yaradılmişdır).

Layihənin “B” Komponenti çərçivəsində 242 məcburi köçkün gənc üçün peşə təlimləri təşkil edilmişdir (gənclər tərəfindən seçilmiş əsas peşələr: bərbər, dərzi, avtomobil ustası, komputer mütəxəssisi və s.) və onlardan 207-si sahibkarlığın inkişafı sahəsində təlim almışdır. Bu komponent çərçivəsində 207 nəfər gənc məcburi köçkün tərəfindən təqdim edilmiş biznes-planlar təsdiq edilmişdir və həmin gənclərə kiçik sahibkarlıq fəaliyyətinin başlanması məqsədilə müvafiq alət və avadanlıqlar verilmişdir (kompüterlər, videokameralar, avtomobil təmiri alətləri, tikiş maşınları, musiqi alətləri, bərbər dəstləri və sair).

Layihənin “C” komponenti çərçivəsində Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən yerli/məcburi köçkün ortaq məktəblərdə 36 mikrolayihə (o cümlədən 5 kompyuter mərkəzi, 15 idman meydançası/idman ləvazimatlarının təchizatı, 8 musiqi klubu, 6 məktəb  radio-qovşaq sistemi, 2 məktəbin klubunun  müvafiq mebel/avadanlıqla təchizatı üzrə mikrolayihələr) icra olunmuşdur.