Xəbərlər Baş nazirin müavini Əli Həsənov Füzuli, Ağdam və Tərtər rayonlarında olub


Baş nazirin müavini Əli Həsənov Füzuli, Ağdam və Tərtər rayonlarında olub

        Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunda məskunlaşmış məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub. 

        Burada inşaat işlərini yerinə yetirən şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə müvafiq müzakirələr aparılıb. Baş nazirin müavini qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

        Müşavirədə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamla edilmiş “Əlavələr”in 1.1-ci bəndinin icrası ilə əlaqədar olaraq Füzuli rayonu ərazisində fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə işlər davam etdirilir. Layihəyə əsasən, qəsəbədə 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si dördotaqlı olmaqla, 400 mənzil olacaq. Ərazidə bundan əlavə, 360 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina da tikilir. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz olunacaq.


        Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılır. Füzuli rayonu ərazisində salınan bu qəsəbə dövlət başçısının sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir.


        Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlət başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.


        Qərara alınıb ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək səviyyədə təhvil verilməlidir.


        Müşavirədən sonra Əli Həsənov AZƏRTAC-a müsahibə verib. Baş nazirin müavini bildirib ki, bu günədək ölkəmizdə 15 fin qəsəbəsi mövcud idi, onların 14-ü artıq ləğv edilib, 15-ci fin qəsəbəsi isə bu il ərzində ləğv ediləcək və orada məskunlaşmış məcburi köçkünlər yeni tikilən müasir qəsəbəyə köçürüləcəklər. Bundan başqa, digər müxtəlif layihələrimiz də var. Tərtərdə yeni qəsəbənin salınması ilə bağlı layihə artıq hazırdır. Şirvan şəhərində, Bakının Kürdəxanı qəsəbəsində salınacaq böyük massivlərin layihələri hazırlanıb. Qobu qəsəbəsində salınacaq kompleksin isə layihələndirmə işləri bu il başa çatdırılacaq. Ayrılacaq vəsaitlər hesabına artıq bu ərazilərdə də tikinti işlərinə başlanılacaq. 


        Füzuli rayonuna səfəri zamanı Baş nazirin müavini Əli Həsənov aprelin ilk günlərində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin işğalından azad etdiyi strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə gəlib, burada əsgərlər və zabitlərlə görüşüb. 

        Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam və Tərtər rayonlarına gələrək apreldə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində dağılmış evlərə baxıb. 


        Diqqətə çatdırılıb ki, təmas xəttində yerləşən ərazilərimiz işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində mütəmadi olaraq atəşə tutulub, məcburi köçkünlərə və yerli sakinlərə ciddi ziyan dəyib, evlər dağıdılıb, hərbçilər və mülki sakinlər həlak olub. On yeddi məcburi köçkün həlak olub, 40 nəfər yaralanıb. Məcburi köçkünlərin məskunlaşdığı 452 mənzil zərər çəkib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Dağılmış evlərdə artıq bərpa işlərinə başlanılıb. 


        Zərər çəkmiş sakinlərlə söhbəti zamanı Əli Həsənov onların dağılmış bütün evlərinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacağını diqqətə çatdırıb. O bildirib ki, zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa ediləcək. 
Əli Həsənov Azərbaycan Silahlı Qüvvələrinin aprelin əvvəllərində döyüş meydanında öz gücünü göstərdiyini, ermənilərin ordumuz qarşısında aciz qaldıqlarını, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki əhaliyə atəş açdıqlarını söyləyib. 


        Qoşunların təmas xəttinə yaxın ərazilərdəki kəndlərin sakinlərinin xalqımızın qürur mənbəyi  olduğunu vurğulayan Baş nazirin müavini onların burada, təhlükəli yerdə, düşmənlə üz-üzə yaşadıqlarını, öz yerlərində möhkəm dayandıqlarını deyib. O, düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən Azərbaycan Ordusunun cəbhənin bütün istiqamətlərindəki uğurlarının xalqımızda qürur hissi yaratdığını bildirib.


        Sakinlər düşməndən qorxmadıqlarını, öz torpaqlarında möhkəm dayandıqlarını, əhval-ruhiyyələrinin yüksək səviyyədə olduğunu, Prezident, Ali Baş Komandan İlham Əliyevə, ordumuza arxalandıqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Həmçinin qeyd ediblər ki, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsindəki rayonlara səfəri, əsgər və zabitlərlə, buradakı kəndlərin sakinləri və məcburi köçkünlər ilə görüşü onlarda böyük ruh yüksəkliyi yaradıb və qələbəyə inamı daha da artırıb.