Xəbərlər Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası çatdı.

Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndinin bərpası çatdı.


          Azərbaycan Prezidenti İlham Əliyev işğaldan sonra tamamilə yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, kəndin doğma sakinləri ilə görüşüb. 


          Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri yeni salınan kənd yolunun açılışı ilə başlayıb. Dövlətimizin başçısına məlumat verilib ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir. İki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən həyata keçirilib. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikilib, uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edilib. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkilib.


          Sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində olub. Səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərib. Prezident İlham Əliyev doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Qeyd edək ki, Oqtay Həziyev 7 nəfərlik ailəsi ilə 23 ildir Cocuq Mərcanlıda yaşayır.


          Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə yenidən salınan kənddə birinci mərhələdə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Prezidentə məlumat verilib ki, tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.


          Daha sonra dövlətimizin başçısı yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış olub. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə məlumat verib  ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.


          Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər.


          Məktəbin foyesində əks olunan fotostendlər Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, rayonun tanınmış xadimləri, ali məktəblərə yüksək balla qəbul olan rayonun məzunları, bu kənddə ermənilərin törətdikləri vandalizm, vəhşilik, 23 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsi, Prezident İlham Əliyevin tapşırığı ilə xarici KİV nümayəndələrinin, diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfərləri nümayiş etdirir və kənd haqqında dolğun təəssürat yaradır. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostend qoyulub. Dəhlizdə rəşadətli Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri, Cocuq Mərcanlı kəndinin bərpadan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu stendlər yer alıb. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, müəllimlər otağından ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib.


          Məktəbdə olarkən Prezident İlham Əliyev hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşüb.


          Məktəbin həyətində qazanxana, voleybol və basketbol meydançaları yaradılıb, yaşıllıqlar salınıb. Bu məktəbdə dərs deyəcək müəllimlər və təhsil alacaq uşaqlar indi ikiqat sevinc hissi keçirirlər.


          Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi, həmçinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfədir.


          Məsciddə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir.


          Sonra Prezident İlham Əliyev kəndin ərazisini gəzib.


          Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə 6 milyard manatdan çox vəsait sərf olunub. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Hazırda 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün dördmərtəbəli 34 yaşayış binasının tikintisinin başa çatdırılması nəzərdə tutulur. Artıq Abşeron rayonunun Masazır və Ramana qəsəbələrində yaşayış binalarının tikintisinə başlanılıb, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin təməli qoyulub.