Xəbərlər Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyəti Azərbaycanda məcburi köçkünlərlə bağlı yeni layihənin icrasına başlayır

Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyəti Azərbaycanda məcburi köçkünlərlə bağlı yeni layihənin icrasına başlayır


 

          Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyətinin (GIZ) həyata keçirdiyi “Cənubi Qafqazda məskunlaşmış məcburi köçkünlərin və əhalinin aztəminatlı təbəqəsinin iqtisadiyyatda iştirakı” layihəsi çərçivəsində fəaliyyətlərin planlaşdırılması ilə bağlı 19 aprel 2018-ci il tarixində Cəmiyyətin Azərbaycan nümayəndəliyində seminar keçirilmişdir.


          Seminarda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini cənab Fuad Hüseynov, GIZ-in Azərbaycan üzrə direktoru xanım Sonia Fontaine, layihənin rəhbəri xanım Friederike Rochovanski,  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini cənab Namiq İbrahimov, Fondun əməkdaşları və layihənin icrasına cəlb edilmiş mütəxəssislər iştirak etmişlər.


          Layihə haqqında ətraflı məlumat verən xanım S.Fontaine qeyd etmişdir ki, layihə çərçivəsində müxtəlif istiqamətli fəaliyyətlərin həyata keçirilməsi ilə məcburi köçkünlər üçün yeni gəlir imkanlarının yaradılması gözlənilir. O məlumat vermişdir ki, respublikanın seçilmiş inzibati rayonlarında məskunlaşan məcburi köçkünlərə yeni gəlir gətirmə imkanlarının yaradılması məqsədilə fərdi dəstək göstərilməklə yanaşı, bilavasitə məcburi köçkünlər tərəfindən idarə olunan və ya işçi heyəti arasında məcburi köçkünlərin üstünlük təşkil etdiyi bir neçə kiçik sahibkarlıq subyektlərinə mövcud biznesin inkişaf etdirilməsi ilə bağlı texniki və maliyyə yardımı təmin ediləcəkdir. Xanım S.Fontaine layihənin icrası ilə əlaqədar Azərbaycan Respublikasında yerli tərəfdaş kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmiş və bunu Fondun məcburi köçkünlərlə iş sahəsində əhəmiyyətli təcrübəyə malik olması ilə əsaslandırmışdır.


          Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları da daxil olmaqla ərazisinin 20 faizinin hələ də işğal altında olduğunu və bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını seminar iştirakçılarının diqqətinə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini cənab F.Hüseynov Azərbaycan Hökuməti tərəfindən bu kateqoriyadan olan insanların yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında məlumat verdi. Cənab F.Hüseynov qeyd etmişdir ki, əlverişsiz yerlərdə məskunlaşmış məcburi köçkün əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlər çərçivəsində respublikanın müxtəlif ərazilərində bütün zəruri sosial-texniki infrastruktura malik 96 müasir tipli qəsəbə inşa edilmiş və 250 mindən çox məcburi köçkün bu qəsəbələrdə yeni evlərlə təmin olunmuşdur. O, qeyd etmişdir ki, məcburi köçkünlərin təhsil, səhiyyə, sosial müdafiə və məşğulluğu ilə bağlı Hökumət tərəfindən ardıcıl tədbirlərin keçirilməsi ilə yanaşı, müxtəlif istiqamətli donor layihələrinin icrası da təqdirəlayiqdir.


          Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini cənab N.İbrahimov məlumat vermişdir ki, 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan fond bu gün iki əsas istiqamət üzrə fəaliyyətini təşkil edir: Dövlət Neft Fondundan ayrılan maliyyə vəsaitləri hesabına məcburi köçkünlər üçün yeni qəsəbələrin inşası Fondun fəaliyyətinin birinci, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının dəstəklənməsi üzrə layihənin həyata keçirilməsi isə ikinci istiqamətidir. O qeyd etmişdir ki, Fond yarandığı gündən Azərbaycan Hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi 4 inkişaf layihəsinin icrasını uğurla başa çatdırmışdır. Bununla yanaşı, fond İslam İnkişaf Bankı, Yaponiya Sosial Inkişaf Fondu, Türkiyə və Yunanıstanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına istiqamətlənmiş digər layihələrində icrasında geniş təcrübəyə malikdir. Cənab N.İbrahimov bildirmişdir ki, fond GIZ-in həyata keçirdiyi layihənin icrasına öz tövhəsini verməklə onun uğurlu nəticələr əldə etməsinə yaxından dəstək göstərəcəkdir.


          Tədbirin sonunda layihənin idarəetmə şurasının tərkibi və səlahiyyətlər çərçivəsi, habelə, layihənin icrasına dəstəyin göstərilməsi ilə bağlı Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyəti və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumunun məzmunu və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.