Xəbərlər Prezident İlham Əliyev Mingəçevirdə məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev Mingəçevirdə məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

 

         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

         Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verib. Bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub.

         Yeni yaşayış kompleksinə Mingəçevir şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

         Dövlətimizin başçısı 480 şagird yerlik məktəb binasında yaradılan şəraitlə tanış oldu.

         Yüksək keyfiyyətlə inşa olunan, müasir avadanlıqla təchiz edilən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

         Yeni yaşayış kompleksinin sxeminə və maketinə baxış zamanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə məlumat verib ki, 12 hektar sahəni əhatə edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Mingəçevir şəhərinin kommunikasiyalarına qoşulub. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunub. Məhəllənin tikintisinə 2014-cü ilin may ayında başlanılıb və bu ilin fevralında tam başa çatdırılıb. Yeni yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış sayca 89-cu yaşayış kompleksidir.

         Dövlətimizin başçısı yaşayış kompleksinin uşaq bağçasında da olub və burada yaradılan şəraitlə maraqlanıb. Qeyd olunub ki, uşaq bağçasında da yüksək şərait yaradılıb.

           Sonra Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış oldu.

         Bütün bunlar göstərir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri də ölkədə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının yaxşılaşmasıdır. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən vətəndaşlarımızın həyat şəraitinin Prezident İlham Əliyevin müvafiq fərmanlarına və sərəncamlarına əsasən yaxşılaşdırılması və bu sahədə təsirli tədbirlərin görülməsi də daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısının diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış kompleksi də bu qayğının bariz nümunəsidir.