“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 fevral tarixli 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram: 

 

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “40,0 (qırx)” sözləri “60,0 (altmış)” sözləri ilə əvəz edilsin;

2. 1-3-cü hissədə “22,0 (iyirmi iki)” sözləri “33,0 (otuz üç)” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2019-cu il.

 

 

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 fevral 2019-cu il.

 

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanmışdır. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmişdir.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və respublikamızın müxtəlif bölgələrində məskunlaşmış Cocuq Mərcanlı kənd sakinlərinin öz doğma yurdlarına qayıtmaq barədə müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9,0 (doqquz) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyun 2017-ci il.

 

 

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2017-ci il.

 

Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram

1. Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2016-cı il.

 

 

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 2000-ci ilin yanvar ayının 1-dən ayda 20000 manat məbləğində müəyyən edilsin.

2. Bu sərəncamın qəbul edilməsi ilə əlaqədar olaraq "Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 17 fevral tarixli 81 nömrəli sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.


Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 1999-cu il, № 279

 

 

 


1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət  nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən -min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran  edilmişdir.

 SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı  növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948—1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR  ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların  icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır  köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist  dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi,  soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

 Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca  araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.

 Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:

 1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının  hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və  onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Dövlət Komissiyası yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası ilə bağlı məsələləri həll etsin.

 

 Heydər Əliyev

 Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 18 dekabr 1997-ci il

          № 656

 

 

 

"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı


"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasının layihəsini hazırlasın və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyəti hüdudlarında həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 1-cı maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həyata keçirir.

həmin Qanunun 16-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

həmin Qanunun 17-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin qanunun 10-cu maddəsinin birinci hissəsində (birinci halda), 12-ci maddəsinin birinci hissəsində (birinci halda), 15-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

 

Heydər  Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 8 iyul 1999-cu il

 № 148