DÖVLƏT NEFT FONDU Birgə əməkdaşlıq haqqında

    Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması



        Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Göyçay və Şirvan şəhərlərində, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı və Fatmayı qəsəbələri və s bır sıra ərazilərdə qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilmişdir.

    Ümumilikdə, 2001-ci ildən 2019-cu ilin 6 aprel tarixinədək qaçqın və məcburi köçkünlər üçün respublikanın 30  şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış  vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 106 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınmışdır. Bunun dа 3,3 milyon kvadratmetr yaşayış sahəsinə malik  97-si, yaxud 95 faizi son 15 ildə inşa edilmişdir.

     

    Beləliklə, 2018-ci ilin sonunadək 58.223 ailənin və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır ki, ondan da 54.223 ailə, yaxud 272 min nəfər (93%) son 15 ilin payına düşür.

     

    2018-ci ildə 5.923, 2019-cu ilin 1-ci rübü ərzində isə 2.227  məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilmişdir.



    Yeni yaşayış коmplеkslərində 158 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi, 1 mədəniyyət Sarayı, 62 mədəniyyət, 63 səhiyyə müəssisəsi, 66 uşaq bağçası, 2 olimpiya idman kompleksi tikilmiş, 775 kilometr yol, 985 kilometr su, 1,8 min kilometr hava elektrik, 655 km qaz, 193 kilometr drenaj şəbəkəsi çəkilmiş, 866 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.



         Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərin böyük qismi Dövlət Neft Fondu tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş və müvafiq qaydada əsaslandırılmış sifarişləri əsasında adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir.



    Onu da xüsusi ilə vurğulamaq lazımdır ki, ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə olan qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən də uğurla davam etdirlir.



    Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva:



    - 2017-ci il martın 9-da keçirdiyi müşavirədə Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda müvəqqəti məskunlaşmış 4 min məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı konkret tapşırıq vermişdir;



    - 2017-ci il mayın 30-da Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün “Qobu Park yaşayış kompleksi”nin təməlqoyma tədbirində iştirak etmişdir;



    - 2017-ci il iyunun 27-də Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində Heydər Əliyev Fondu tərəfindən alınmış 210 mənzili məcburi köçkün ailələrinə təqdim edilməsi mərasimində iştirak etmişdir. Həmin mənzillərə Bakı şəhəri Xəzər rayonunun  Şüvəlan qəsəbəsindəki qəzalı vəziyyətdə olan “Energetik” pansionatında müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülmüşdür.



    - 2017-ci il oktyabrın 5-də Komitə tərəfindən Sabunçu rayonunun Ramana və Abşeron rayonunun Masazır qəsəbələrində yeni inşa olunmuş 260 mənzilli 4 binada mənzillərin təqdim edilməsi mərasimində iştirak etmişdir. Həmin mənzillərə Binəqədi rayonundakı Sarıqaya massivində yerləşən “Şəfəq” pansionatında və Xətai rayonu ərazisində qəzalı vəziyyətdə olan binada müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülmüşdür.



    - 2017-ci ildə Heydər Əliyev Fondu tərəfindən alınmış 465 mənzilə Binəqədi rayonu ərazisində, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülmüşdür.        



    - 2018-ci il mayın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış miqyasına görə ən böyük yaşayış qəsəbələrindən biri - 1026 ailəlik “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak etmişdir. Ölkə başçısı İlham Əliyevin Azərbaycan şirkətlərinə, özəl sektora həmrəylik və sosial məsuliyyət nümayiş etdirərək ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün yeni binaların inşası prosesinə dəstək olmaları ilə bağlı çağırışına əsasən özəl sektorun köməkliyi ilə tikilən kompleksə Bakı şəhəri ərazisində zirzəmilərdə və digər ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürülmüşdür.

    Təxminən bir il sonra 2019-cu ilin oktyabr 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva  ərazidə daha bir yaşayış məskəninin  “Qobu Park-2” yaşayış kompleksinin açılışını etdilər. Açılış zamanı ölkə başçısına məlumat verildi ki, təməli ötən ilin sentyabrında qoyulan bu kompleksdə, ümumilikdə, onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub.

    Məcburi köçkünlər üçün salınmış sayca 106-cı qəsəbə olan  “Qobu Park-2” yaşayış kompleksinin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. Hazırda “Qobu Park-3” yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.

     Qaçqınlar və məcburi kökünlərlə iş sahəsində  mövcud qanunvericilik aktlarında, qəbul edilmiş Dövlət Proqramında və ona edilmiş Əlavələrdə nəzərdə tutulmuş məsələlər, ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tapşırıqlar bu gün də sürətlə davam etdirilir.