FOND HAQQINDA Yaranma tarixi
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


Azərbaycan Respublikasında məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək və "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri həyata keçirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradılsın.

2. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 6 dekabr
Bakı şəhəri, 6 dekabr

1999-cu il № 215

Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 


NİZAMNAMƏSİ


1. ÜMUMİ MÜDDƏALAR


1.1. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (bundan sonra «Fond» adlanır) Azərbaycan Respublikası  Prezidentinin qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında yaradılır və öz fəaliyyətində Azərbaycan Respublikasının  qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və  sərəncamlarını, bu Nizamnaməni və Əməliyyat üzrə Rəhbərliyi əsas tutur.Əməliyyat üzrə Rəhbərlik Fondun fəaliyyət prinsiplərini müəyyən edən sənəddir, bu sənəd Ümumdünya Bankı ilə Azərbaycan  Respublikasının hökuməti arasında əldə edilmiş razılığa və məsləhətləşmələrə əsasən, Ümumdünya Bankı və Fondun Müşahidə Şurası  tərəfindən birgə işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

1.2. Fond qeyri-kommersiya qurumudur.

1.3. Fond müstəqil balansı, bank hesabları, üzərində Dövlət Gerbinin təsviri, Azərbaycan və ingilis dillərində adı yazılmış möhürü, ştampı,  blankları və digər atributları olan hüquqi şəxsdir.

1.4. Fondun hüquqi ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 57.


2. FONDUN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ


2.1. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən  tədbirlərin həyata keçirilməsi, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş mikrolayihələrin yerinə yetirilməsi üçün vəsait ayırmaq və  bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.

2.2. Fond aşağıdakı vəzifələri yerinə yetirir: mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarına, əhaliyə fəaliyyətinin məqsədi haqqında  müvafiq məlumatlar verir; məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onlar üçün iş yerləri yaratmaq məqsədilə sorğular keçirir, tədqiqat aparır  və konkret təkliflər hazırlayır; mikro-layihələrin hazırlanmasında və həyata keçirilməsində mütəxəssislərə, qeyri-hökumət təşkilatlarına yardımçı olur; Əməliyyat üzrə Rəhbərliyin müddəalarına uyğun olaraq, təqdim edilmiş mikro-layihələrin təkmilləşdirilməsini, qiymətləndirilməsini və  qəbul edilməsini təşkil edir, həmin layihələrin həyata keçirilməsi üçün Müşahidə Şurasında məsləhətləşmələr keçirərək vəsait ayırır.


3. FONDUN HÜQUQLARI


Fond ona həvalə edilmiş məqsəd və vəzifələrə uyğun olaraq aşağıdakı hüquqlara malikdir:  

Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə sövdələşmələr aparmaq; 

Onun sərəncamında olan əmlakdan istifadə etmək; 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müxtəlif cür daşınar və daşınmaz əmlak satın almaq və  icarəyə götürmək; 

Müəssisə və təşkilatlarla, banklarla müəyyən edilmiş qaydada münasibətlər qurmaq;

Azərbaycan Respublikasının banklarında hesablar açmaq, milli və xarici valyutalarda kreditlər almaq; 

Öz vəzifələrinin yerinə yetirilməsini təmin etmək üçün müstəqil ekspert və məsləhətçilərin xidmətlərindən istifadə etmək.


4. FONDUN ƏMLAKI, ONUN MALİYYƏ VƏSAİTLƏRİNİN FORMALAŞDIRILMASI VƏ İSTİFADƏ OLUNMASI


4.1. Fondun əmlakı onun sərəncamında olan binalardan, avadanlıqlardan, qurğulardan, nəqliyyat vasitələrindən və öz vəzifələrini həyata  keçirmək üçün lazım olan digər əmlakdan ibarətdir.

4.2. Fondun əmlakı dövlət mülkiyyəti hesab olunur və istifadə üçün Fonda operativ idarəetmə əsasında təhkim edilir.

4.3. Fondun maliyyə vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır: 

        çoxtərəfli və ikitərəfli beynəlxalq proqramlara uyğun ayrılmış vəsaitlər; 

        Azərbaycan Respublikasının ayırdığı maliyyə vəsaitləri; 

        hüquqi və fiziki şəxslərin könüllülük əsasında verdiyi ianələr;

        beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının ayırdığı vəsaitlər, qrantlar; 

        qanunla qadağan olunmayan digər mənbələr.

4.4. Fond qeyri-kommersiya qurumu kimi maliyyə vəsaitlərini yalnız öz məqsədinə uyğun olan fəaliyyəti həyata keçirməyə sərf edə bilər.  Fondun bilavasitə öz məqsədi ilə bağlı olmayan kommersiya fəaliyyəti qadağandır.

4.5. Fondun hesabları üzrə pul vəsaitlərinin verilməsi və köçürülməsi Fondun direktorunun və baş mühasibinin sərəncamı ilə icra edilir.


5. FONDUN İDARƏ OLUNMASI


5.1. Fondun ali idarəetmə orqanı Müşahidə Şurasıdır.

5.2. Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir: Əməliyyat üzrə Rəhbərliyin layihəsini hazırlamaq; 

        Fondun hər il üçün fəaliyyət proqramını, illik büdcəsini və iş planını təsdiq etmək; 

        Fondun təşkilati quruluşunu (strukturunu) təsdiq etmək; 

        Fondun direktorunun hesabatını təsdiq etmək; 

        Fondun maliyyə-təsərrüfat fəaliyyətinin auditor yoxlanmasını (təftiş olunmasını) təşkil etmək və onun nəticələrini təsdiq etmək; 

        təqdim olunmuş mikrolayihələrin maliyyələşdirilməsini təsdiq etmək; 

        Fondun direktorunu işə təyin və işdən azad etmək.

5.3. Fondun Müşahidə Şurasının tərkibi 9 nəfərdən ibarətdir. Müşahidə Şurasının sədri — Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Müşahidə Şurası üzvlərinin şəxsi  tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir və onun tərkibinə aşağıdakı təşkilatların və beynəlxalq  qurumların nümayəndələri daxil edilir:

        Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

        Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

        Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

        Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;

        BMT İnkişaf Proqramı;

        ABŞ Beynəlxalq İnkişaf Agentliyi;

        BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi;

        Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası;

        Sahibkar.

5.4. Müşahidə Şurasının iclasları ən azı iki ayda bir dəfə keçirilir. Zəruri halda Müşahidə Şurasının növbədənkənar iclasları da keçirilə bilər.  Müşahidə Şurasının iclasları və qərarları Sədrin imzaladığı protokolla rəsmiləşdirilir.

5.5. Müşahidə Şurasının qərarları açıq səsvermə yolu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin səsi həlledici hesab olunur. Müşahidə  Şurası iclasının qərarı onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə hüquqi qüvvəyə malikdir.

5.6. Fondun fəaliyyətinə operativ rəhbərliyi direktor həyata keçirir. Direktor, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi  Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təklifi əsasında Fondun Müşahidə Şurasının qərarı ilə vəzifəyə təyin və vəzifədən azad edilir.

5.7. Fondun direktoru Müşahidə Şurasının üzvü ola bilməz.

5.8. Fondun direktoru Müşahidə Şurasına hesabat verir və onun qərarlarının yerinə yetirilməsini təşkil edir.

        Direktor: Fondun fəaliyyətini təşkil edir. Fondu hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edir, etibarnaməsiz fəaliyyət göstərir, tələb və          iddialar barəsində qərar qəbul edir; 

        Fondun struktur bölmələrinin hesabatlarını və iş planlarını təsdiq edir;

        Fondun əmlak və vəsaitlərindən istifadə olunmasına dair sərəncam verir; 

        əmək qanunvericiliyinə uyğun olaraq işçiləri işə təyin və işdən azad edir; 

        Fondun ştat vahidlərini müəyyənləşdirir və işçilər arasında iş bölgüsü aparır; 

        Müşahidə Şurası ilə razılaşdıraraq baş mühasibi vəzifəyə təyin edir; 

        maliyyə ili başa çatdıqdan sonra ən geci bir y müddətində Fondun illik hesabatını təsdiq üçün Müşahidə Şurasına təqdim edir; 

        Müşahidə Şurasının səlahiyyətlərinə aid olmayan digər məsələləri həll edir.

5.9. Fondun maliyyə təsərrüfat fəaliyyətinə nəzarəti Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurası ildə bir dəfədən az olmayaraq Fondda  audit yoxlaması təşkil edir.


6. UÇOT VƏ HESABAT


6.1. Fond müəyyən edilmiş qaydada əməliyyat, mühasibat, statistika uçotu və hesabatını icra edir və onların doğruluğu üçün məsuliyyət  daşıyır.

6.2. Fondun maliyyə ili təqvim ilinin yanvar ayının 1-dən başlayır, dekabr ayının 31-də başa çatır.


7. FONDUN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞVİ


7.1. Fondun yenidən təşkili və ləğvi Azərbaycan Respublikası Prezidentinin qərarı ilə həyata keçirilir.


7.2. Fond ləğv edildikdən sonra qalan əmlak Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət  Komitəsinin sərəncamına verilir.