“Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün
əlavə maliyyələşdirmə (8627-AZ saylı kredit sazişi)
Məcburi
köçkünlər arasında məşğulluğun təmin edilməsinə zəruri ehtiyacı, habelə,
onların istifadəsində olan sosial-iqtisadi infrastruktur obyektlərinin ağır
vəziyyətini nəzərə alaraq, Azərbaycan Hökuməti və Dünya Bankı arasında
imzalanmış 23 iyun 2016-cı il tarixli kredit sazişinə əsasən 2017-2020-ci
illəri əhatə edəcək “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının
Dəstəklənməsi Layihəsi” üçün əlavə maliyyələşdirmənin icrasına başlanılmışdır.
Layihənin həyata keçirilməsi nəticəsində məcburi köçkünlər üçün yeni iş
yerlərinin yaradılması məqsədilə 2500 nəfər məcburi köçkün gəncin peşə
təlimlərinə cəlb etməklə məşğulluğunun təmin olunması, o cümlədən, 5000 nəfər
məcburi köçkünün daimi məşğulluğunu təmin edəcək 400 kiçik sahibkarlıq
subyektinin yaradılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, 2000 nəfər məcburi
köçkün kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün mikro-kreditlərlə təmin
olunacaqdır. Layihə çərçivəsində məcburi köçkünlərin sıx məskunlaşma yerlərində
sosial-iqtisadi infrastrukturun təmirini (məktəb, uşaq bağçası, icma
mərkəzləri, səhiyyə müəssisələrinin, su, elektrik təchizatı şəbəkəsi,
kanalizasiya xətləri, yollar, suvarma və drenaj sistemlərinin təmiri) nəzərdə
tutan 400-dək layihənin icrası da planlaşdırılmışdır. Layihənin icrası nəticəsində
ümumilikdə 268 min nəfər insanın (o cümlədən, 210 min məcburi köçkünün)
faydalanacağı gözlənilir.