20 YANVAR – HÜZN VƏ QÜRUR GÜNÜMÜZ!
Azərbaycan xalqının tarixinə
Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də
millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş
etdirdiyi şərəfli bir tarixdir.
1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı
dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində
əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə
demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik
istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik
arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası
günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş
qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən
bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı.
Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər
respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək
təşəbbüsü də boşa çıxmış oldu.
Sovet
Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili
qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə
müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana,
Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet
İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da
təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da
təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki
münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana
yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan
səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət
edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə, – bəzi
məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, – “doyüş tapşırığını” yerinə
yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər (“Şit” təşkilatı müstəqil
hərbi ekspertlərinin hesabatından): sizi Bakıya rusları müdafiə etmək üçün
gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının
(Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında
snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar,
mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü
avtomat-pulemyot atəşinə tutacaqlar.
Mixail Qorbaçov başda olmaqla sovet
imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə
etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq,
“millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan
idi.
1990-cı il yanvarın 19-da
Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının
71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə
vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın “Alfa”
qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu
partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun
fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə
divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də
saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması
haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika
radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.
Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar
həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan
olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh
mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası
rəhbərliyinin rəzil siması bu idi…
Tanklar, zirehli
transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər
yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda
gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər.
Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də
atəşə tuturdular. SSRİ Müdafiə
Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı
əməliyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A"
təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184
mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında
beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. "Qara
Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq
materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və
bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz
indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu
təsnifatı almayıb.
Hadisədən dərhal sonra
Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 Yanvarın gerçək miqyas və
mahiyyətini dünya birliyinin diqqətinə çatdırmadı, əksinə, yeritdiyi səbatsız
siyasətlə faktiki olaraq Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünü retuş
etmiş oldu. Verilən hər bəyanatda, atılan hər addımda Moskvaya boylanma,
Mərkəzin əhvalının göz önünə alınması aşkar idi. Digər tərəfdən, 20 Yanvar
Azərbaycanda lap əvvəldən siyasi "razborka" predmeti olub,
"Faciənin günahkarları kimdir?" sualına cavab daha çox Azərbaycanın
daxilində axtarılıb, nəinki gerçək ünvanlarda. Məhz 20 yanvara daxili-siyasi
konyukturdan yanaşma dünyanın gözündə bu hadisənin mahiyyətini kiçiltdi. Əksər
ölkələr 20 Yanvarın Azərbaycandakı daxili siyasi mübarizənin, hakimiyyət
davasının nəticəsi kimi dəyərləndirdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt,
1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və
Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar
hadisələri Moskvanın hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya
dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi
tanındı. O vaxtkı Azərbaycan rəhbərliyinin bivec və qorxaq siyasəti üzündən 20
Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində də layiq olduğu
hüquqi-siyasi təsnifatı almamışdı.
20 Yanvardan sonra
Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik
nümayişi idi. O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yegənə etiraz
bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ
rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə
seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə
Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan
xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi.
Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin
qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.
SSRİ-nin digər bölgələrində,
o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet
rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, 20 Yanvar
hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum
edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov
Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20
Yanvarın ildönümündə Azərbaycan xalqına başsağlığı (?) verməklə münasibət
bildirmişdi.
Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror
aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq
əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza
tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi
Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan
haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu
məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da
təsdiqlənir. Onları bir araya gətirib dünyanın diqqətinə çıxarmaqla, gec də olsa,
beynəlxalq müstəvidə 20 Yanvar barəsində gərəkən rəyin formalaşmasına nail
olmalıyıq. 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası
gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə
yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan xalqına
qarşı məqsədli qırğın, soyqırımı kampaniyasının bir halqası olduğunu dünyaya
tanıtdırmağı bacarmalıyıq. Ona görə yox ki, dünya da bizim hüznə şərik olub
matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın və azərbaycanlıların tarixini
olduğu kimi dərk etsin. Bu aksiyanın Azərbaycan üçün, onun beynəlxalq imici
üçün heç də formal olmayan əhəmiyyəti var...
Qanlı tarix illər, əsrlər ötsə də, bu söz dəyişməyəcək. Bu, həqiqətən
də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir. "1990. 20
Yanvar"....
Yığıncaqlar, mitinqlər... Uzun illərin sovet imperiyası boyunduruğundan
azad olmaq istəyi... İnsanlarda sanki bir inam, stimul yaranmışdı...
Axşam saat 9-dan sonra şəhərin küçələrində şütüyən maşınlardakı meqafonla
insanları - vətənini sevənləri XI Qızıl Ordu meydanına çağırırdılar. Hamı
axın-axın yalnız bir səmtə - Biləcəri yoluna tərəf axışırdı. Lakin sadə
insanların heç biri təsəvvürünə belə gətirə bilməzdi ki, "möhtəşəm"
sovet əsgəri - tankı, hərbi texnikası Bakı nefti ilə təmin olunan ordu əliyalın
xalqa silah tuşlayar, atəş açar...
Faciə törədildi, günahsız insanlar şəhid oldular...
O gün gecənin zülmətindən istifadə edən "şücaətli" rus əsgəri
yurddaşlarımızın əzəmətindən qorxub gizlənmişdi. O gün Moskvada matəm saxlayan
Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. O gün heç kəs başını aşağı
əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün
"Azadlıq!" sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına
əldə etdik... Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız qalsın.
Dövlət başçımızın görüşünə gələn xarici qonaqlar da buranı ziyarət edir,
şəhidlərin şərəfinə yandırılan əbədi məşəl qarşısında baş əyirlər. Axı nə idi o
qocaların, körpələrin günahı?!
İndi nəyin bahasına
olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs
borcumuz!