Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci
il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı
Günü kimi dövlət səviyyəsində qeyd edilir. Azərbaycanlılara qarşı soyqırım
siyasəti erməni şovinistləri tərəfindən 100 illər boyu planlı surətdə həyata
keçirilmişdir. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından
sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə bu ərazilərdə mifik
“Böyük Ermənistan” dövləti yaratmaq idi. Azərbaycanın tarixi ərazilərinə sonradan
köçürülmüş və çar Rusiyasının “parçala, hökmranlıq et” siyasətinə uyğun olaraq
məskunlaşdırılmış ermənilər müəyyən müddət keçdikdən sonra Azərbaycan
torpaqlarını ələ keçirmək istiqamətində fəaliyyətə başladılar. Bu proses məhz
Rusiya imperiyasının fəal dəstəyi ilə həyata keçirilirdi. 1813-cü il Gülüstan,
1828-ci il Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan torpaqlarının
bölünməsi və xalqımızın parçalanmasının əsasını qoydu. Bununla da milli faciəmiz
- torpaqlarımızın hiyləgərliklə zəbt edilməsi, ermənilərin Azərbaycan
torpaqlarına köçürülməsi başlandı. 1828-1896-cı illərdə İrandan və Türkiyədən
Azərbaycana 1 milyon 200 min erməni köçürüldü. Bunun 985 min nəfərdən çoxu Azərbaycanın
qərb bölgəsində, qalanları isə Qarabağ və Gəncə quberniyalarında yerləşdirildi.
Onlar həmin ərazilərdə özlərinə yer etdikdən sonra azərbaycanlıları sıxışdırıb
çıxarmış, qarətlər,talanlar törətmiş, yerli azəri türklərini xüsusi
amansızlıqla məhv etmişlər. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində
məskunlaşan ermənilər himayədarlarının sayəsində tezliklə erməni vilayəti
adlandırılan inzibati bölgənin yaradılmasına nail oldular.Belə bir süni ərazi
bölgüsü ilə azərbaycanlıların doğma torpaqlarından qovulması və qətlə yetirilməsi
siyasətinin bünövrəsi qoyuldu. 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində
əhalinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında ilk dəfə
keçirilən əhalinin siyahıya alınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda -
İrəvan quberniyasında 313178 azərbaycanlı yaşayırdı. Lakin sonralar bu rəqəmlər
tamamilə dəyişdirildi. Gəlmə bir etnosun bizim ərazimizdə dövlət yaratmasına bəraət
qazandırmaq məqsədilə Azərbaycanın və ümumən Qafqazın tarixinin
saxtalaşdırılmasına rəvac verildi. Erməni qəsbkarları ”Böyük Ermənistan” yaratmaq
eşqi ilə 1905-1907-cı illərdə azərbaycanlılara qarşı kütləvi soyqırım aktları həyata
keçirməyə başladılar. Bu illər ərzində ermənilər Bakıda,Tiflisdə, İrəvanda,
Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda və başqa bölgələrdə kütləvi şəkildə
azərbaycanlıları qətlə yetirmiş, dəhşətli cinayətlər törətmişdilər. Bu illərin
məlumatlarına görə, 500-ə qədər cinayət hadisəsi qeydə alınmışdır. Ermənilər Zəngəzur,
Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində 75 Azərbaycan kəndi, İrəvan və Gəncə
quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini tamanilə dağıtmışdılar.
Bu qanlı hadisələri ciddi faktlar əsasında həmin dövrdə yaşayıb-yaratmış və
hadisələrin canlı şahidləri olmuş ziyalılarımız, xüsusilə, M.S.Ordubadi (“Qanlı
sənələr”), M.M.Nəvvab (“1905-1906-cı illərdə erməni-müsəlman davası”) öz
kitablarında qələmə almışlar. Lakin bu kitablar sovet dövründə arxivlərdə gizli
saxlanılaraq xalqa çatdırılmamışdır. Araşdırmalar göstərir ki, bütün bu illər ərzində
ədavəti qızışdıran və təşkil edən başlıca qüvvə kilsə və onun ətrafında
toplanmış erməni “ziyalıları” olmuşdur.İki millət arasında davam edən ixtişaş və
qırğınlar zamanı kilsənin fəaliyyətini dərindən öyrənmiş rus diplomatı, general
Mayevski öz qeydlərində yazır: “Erməni din xadimlərinin fəaliyyəti Allah kəlamını
çatdırmaqdan çox müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir”.
Vaxtilə Eçmiədzinə səfər etdikdən və onun fəaliyyəti ilə yaxından tanış
olduqdan sonra fransız alimi Baron De-Baq yazmışdı: “Bu kilsə bir müddət saxta
pul düzəldənlərin yuvası olmuşdur. Bu monastır məndə dini mərkəzdən çox siyasi
mərkəz təəssüratı yaratdı”. 2 Ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən
qəddar soyqırım aktı 1918-ci ildə baş vermişdir. Birinci Dünya müharibəsi,
Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişindən məharətlə
istifadə edən ermənilər öz çirkin məqsədlərini bu dəfə bolşevik bayrağı altında
reallaşdırmağa nail oldular. Bolşeviklər 1917-ci il dekabrın 31-də Bakı
Sovetinin iclasında hakimiyyəti öz əllərinə aldıqları barədə qətnamə qəbul
edib, noyabrın 2-də Bakı Sovetinin konfransını çağırıb Bakıda Sovet hakimiyyətini
elan etdilər.S.Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi və Cənubi
Qafqazın fövqəladə komissarı təyin edildi. Qafqaz ordusunun Tiflisdə çağırılan
II Diyar qurultayında milliyyətcə erməni olan Korqanovun başçılığı ilə
yaradılmış Hərbi İnqilab Komitəsi Bakıya gəldi. Ərzincan barışığı əsasında
yaxın Şərq və Qafqaz cəbhələrindən dönən 6 min rus və 8 min erməni əsgəri də
Bakıya toplaşdı. Ümumiyyətlə, həmin vaxtlarda bolşevik-daşnak qrupunun kök
saldığı Bakı Sovetinin ixtiyarında - əksəriyyəti ermənilərdən təşkil olunmuş 20
minlik Qırmızı Ordu vardı. Yanvar ayında Müsəlman Korpusunun komandanı general
Talışinskinin Bakıda həbs edilməsi şəhərin azərbaycanlı əhalisinin ciddi
narazılığına səbəb olmuşdu. Erməni daşnaklarının şəhərin müsəlman əhalisi ilə
bolşıveklər arasında silahlı toqquşmasını törətmək planları o vaxt baş
tutmamışdı. Azərbaycanın siyasi xadimləri və ziyalılarının səyi ilə bu
toqquşmanın qarşısı alınmışdı. Mart ayının 15-də Şaumyan Bakı Sovetinin
iclasında “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca
istehkamına çevrilməlidir” -deyərək əslində azərbaycanlıların soyqırımına göstəriş
verdi. Milli qırğını başlamaq üçün bəhanə isə martın 24-də şəxsi heyəti müsəlmanlardan
ibarət “Evelina” gəmisinin tərksilah edilməsi oldu. Azərbaycanlılar yaşayan məhəllələrdə
əhali buna qarşı ciddi etiraz edərək, müsadirə edilən silahların geri
qaytarılmasını tələb etdi. Alınmış silahların qaytarılması barədə razılığa nail
olunsa da, bolşevik-daşnak hökuməti öz vədlərinə əməl etmədi.Martın 30-da
qırğının həyata keçirilməsinə rəhbərlik etmək üçün Bakı Soveti yanında İnqilabı
Müdafiə Komitəsi yaradıldı. 1918-ci il mart ayının 31-də səhər tezdən
bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücuma keçdilər.
Aldadılmış matroslar hərbi gəmilərdən və təyyarələrdən müsəlman məhəllələrini
bombalamağa başladılar. Qeyri-bərabər döyüşdə müsəlmanların müqaviməti
dayandırmalarına baxmayaraq, erməni millətçiləri dinc Azərbaycan əhalisinə
divan tutur, onları qılıncdan keçirirdilər. Müsəlmanların soyqırımı aprelin
2-si gecəyədək davam etdi. Bolşevik-daşnak birləşmələri həmin günlərdə “Kaspi”
mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, ”İsmailiyyə” binasını yandırmış,
“Təzə pir” məscidinin minarələrini top atəşləri ilə dağıtmışdılar. Bu soyqırım
nəticəsində Bakıda 15 mindən, bölgələrdə 38 mindən artıq azərbaycanlı qətlə
yetirildi. Bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran
qəzalarında da soyqırım aktlarını törətmişdilər. S.Lalayans və T.Əmiryanın
daşnak dəstələri aprelin 3-16-da Şamaxı əhalisinə qanlı divan tutdular. Evlərindan
çıxan adamlar cənubdan ermənilər, şimal-şərq səmtdən isə rus-malakan birləşmələrinin
mühasirəsinə düşdülər. Əvvəlcədən müdafiəyə hazırlaşmayan soydaşlarımız demək
olar ki, heç bir müqavimət göstərə bilmədilər. Adamları evlərdə və küçələrdə
ağlagəlməz zülm və işgəncələrlə qətlə yetirirdilər. Qiymətli əmlakın hamısı qarət
edilirdi. Nəticədə Şamaxıda 8 mindən artıq dinc azərbaycanlı əhali öldürüldü,
72 kənd isə dağıdıldı və yandırıldı. Azərbaycanın müxtəlif bölgələrindən köməyə
gələn döyüşçülər və Türkiyədən gələn general Nuru Paşanın ordusu erməni
zorakılığına son qoysa da, Şamaxı, demək olar ki, tamamilə dağıdıldı. 1918-ci
il mayın 1-də daşnak Hamazapsın rəhbərliyi ilə ermənilərdən ibarət silahlı dəstə
Quba şəhərinə soxuldu. Hər cür qəddarlıq edən ermənilər Kərbəlayı Məmmədtağı
adlı şəxsi 14 nəfər ailə üzvü ilə, Məhəmməd Rəsul oğlunu 5 nəfər ailə üzvü ilə
vəhşicəsinə qətlə yetirdilər. Quldurlar Quba şəhərində 105 evi yandırmış, qəzanın
162 kəndini tamamilə dağıtmışdılar. Azğınlaşmış Hamazaps təkcə Qubadan 4 milyon
nağd pul, 4,5 milyon manatlıq brilliant daş-qaş, 3 2 pud qızıl, 25 milyon
manatlıq qab-qacaq aparmışdı. Qəzanın mərkəzində və kəndlədə, eləcə də Şabran
elindən erməni faşistləri tərəfindən 16 min insan qətlə yetirildi. Soyqırım
günlərində ermənilər dəmiryolu boyunca məntəqələri, o cümlədən Dəvəçi, Xaçmaz,
Xudat qəsəbələrinə və onlara yaxın kəndlərə hücum edərək evləri talayıb
aparmış, yandırmış, yüzlərlə insanı qətlə yetirmişlər. Birinci müstəqilliyimiz
dövründə hökumətin 15 iyul 1918-ci il və 31 avqust 1918-ci il qərarı ilə
yaradılmış Fövqəladə İstintaq Komissiyası Azərbaycan ərazisinin müxtəlif bölgələrini
dağıdan, dinc müsəlman əhalisinin həyatına və əmlakına qarşı vəhşilik edən
quldur dəstələrin törətdiyi cinayətləri, vəhşilikləri və vurulmuş zərərin qədərini
müəyyənləşdirməli idi. Təəssüf ki, komissiya üzvlərinin ciddi və gərgin
axtarışları sovet Rusiyası hökumətinin 1920-ci il fevralın 2- də verdiyi
amnistiya haqqında qanuna əsasən dayandırıldı.Nəticədə komissiyanın topladığı
çoxcildli materiallar nəinki xalqa çatdırılmadı, hətta sovet dövründə illərlə
arxiv dustağına çevrildi. Ermənistanın 1988-ci ilin fevralından Qarabağı da mənimsəmək
iştahı ilə başladığı işğalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda
maddi və mənəvi ziyan vurmuş, kütləvi soyqırım aktları və terrorçuluq əməlləri
törədilmişdir. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni gavurları
rusların 366-cı motoatıcı polkunun köməkliyi ilə XX əsrin ən böyük faciələrdən
birini Xocalı soyqırımını törətdilər. Bu günün özündə də Ermənistan heç bir
real arqumentə istinad etmədən Azərbaycan ərazilərinin beşdə birini işğal
altında saxlamaqda davam edir. Xalqımızın başına gətirilən bu faciələr, çox təəssüf
ki, uzun illər özünün hüquqi-siyasi qiymətini almamışdır. Yalnız ümummilli
liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra - 1993-cü
ildən başlayaraq millətimizə qarşı törədilən soyqırımlar obyektiv şəkildə
araşdırılmış, tarixi həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyətinə
çatdırılması üçün son dərəcə əhəmiyyətli işlər görülmüşdür. Bu hamımızı milli
birliyə, gələcəyimiz naminə keçmişimizi unutmamağa çağırır.