Xəbərlər Zaqatalada məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir

Zaqatalada məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir

 

         Zaqatala rayonunun ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 135 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan yeni yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir.

         Kompleksin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

         Rayonun Aşağı Tala kəndinin ərazisində tikilən yeni yaşayış kompleksinə hər biri 45 mənzildən ibarət 3 ədəd beşmərtəbəli yaşayış binası, həmçinin 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb mərkəzi, poçt binası, klub-icma mərkəzi, inzibati bina və yardımçı tikililər daxildir.

         Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Zaqatala ofisi üzrə baş texniki nəzarətçisi Kamal Əzizovun bildirdiyinə görə, yaşayış binalarının tikintisi artıq tam başa çatıb. Hazırda binaların daxilində avadanlığın quraşdırılması və təmizlik işləri aparılır.


         Məktəb binası, uşaq bağçası və digər obyektlərin inşası da yekunlaşıb. Binaların elektrik və istilik şəbəkələri, su-kanalizasiya sistemi istifadəyə hazırdır. Hər birinin 200 kubmetr tutumu olan iki su anbarının tikintisində isə son tamamlama işləri görülür.


         Yaşayış kompleksinin ərazisində abadlıq və yaşıllaşdırma işlərinə də başlanılıb.