Xəbərlər Məcburi köçkünlər üçün daha bir yaşayış kompleksi Qazax rayonunda istifadəyə verilib.

Məcburi köçkünlər üçün daha bir yaşayış kompleksi Qazax rayonunda istifadəyə verilib.

 

         Qazax rayon ərazisində 304 mənzilli 10 ədəd dörd mərtəbəli binalarından ibarət yeni yaşayış məhəlləsi uzun illərdir ki, çətin şəraitdə yaşayan məcburi köçkün ailələrinin ixtiyarına verilib.

         Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq sərhəd bölgəsi olan Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün rayonun Qazaxbəyli kəndinin səfalı guşəsində geniş bir ərazini əhatə edən şəhərcik bütün zəruri sosial-texniki infrastrukturla təmin edilib

         Yeni məhəllədəki  binalarda 52 bir otaqlı, 156 iki otaqlı, 88 üç otaqlı, 8 dörd otaqlı mənzillər var. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilib. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunub, hərtərəfli abadlıq və 3,6 hektarı əhatə edən ərazidə yaşıllaşdırma işləri aparılıb. Yaşayış binasının tikintisinə 2015-ci ilin aprelində başlanılıb və dekabrında tam başa çatdırılıb.

         Qazax rayonu ərazisindəki yataqxana və məktəblərdə, inzibati binalarda və uşaq bağçalarında məskunlaşan soydaşlarımızın köçürülməsi nəzərdə tutulub. Bu yaşayış məhəlləsində ayrı-ayrılıqda istər yaşayış binalarının, istərsə də burada inşa olunan məktəb binasının, uşaq bağçasının, həmçinin tibb məntəqəsi, ATS binası, klub-icma mərkəzi və digər sosial obyektlərin, istərsə də xarici və daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşası yüksək keyfiyyətlə həyata keçirilib, 3 kilometr uzunluğunda müasir yol-küçə infrastrukturu yaradılıb. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün müasir tələblər səviyyəsində şərait yaradılıb, təhsil ocağının sinif otaqları və idman zalı, həmçinin uşaq bağçası bütün zəruri inventar və avadanlıqlarla təchiz olunub, yaşayış kompleksində 9 sanitariya-təmizləmə meydançası təşkil edilib.

         Hazırda Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən müvafiq qaydalara uyğun olaraq buraya köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin yeni qəsəbədəki mənzillərə köçürülməsi davam etdirilməkdədir. İşlərin planlı şəkildə və operativ qaydada həyata keçirilməsinin nəticəsidir ki, artıq köçürülmə başa çatmaq üzrədir.

         Yeni məhəlləyə köçürülən məcburi köçkünlər yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Onlar Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə işğal altındakı bütün torpaqlarımızın azad ediləcəyinə inandıqlarını söyləyirlər.

         Doğma kəndləri Əskipara işğal olunduqdan sonra neçə illərdir uşaq bağçasında məskunlaşan və yeni məhəllədəki üçotaqlı mənzilə köçən Sona Babayeva, hərbi şəhərcikdəki yataqxanadan yaraşıqlı və geniş üçotaqlı mənzilə köçən Yuxarı Əskiparadan məcburi köçkün Novruz Hüseynov və digərləri söhbət zamanı bütün həmyerlilərinin fikirlərini ifadə edərək bu gün sevinclərinin həddi-hüdudu olmadığını deyiblər. Neçə illərdir bu cür şəraitlərinin olması, onları məcburi köçkün vəziyyətinə salan düşmənin layiqli cavabının verilməsi arzusu ilə yaşadıqlarını qeyd ediblər. Onlar bildiriblər ki, artıq arzuları çin olub. Vurğulayıblar ki, bu arzularına onları daim qaçqın və məcburi köçkünlərin himayədarı olan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli addımları, Azərbaycan Ordusunun zəfəri çatdırıb. Onlar deyiblər: “Düşmənə vurulan ağır zərbə bizi o qədər sevindirir ki, indiyədək çəkdiyimiz əzab-əziyyət də yadımızdan çıxıb. Bütün Azərbaycan xalqı kimi, biz məcburi köçkünlər çox istəyirik ki, ordumuzun zəfərləri davamlı olsun, düşmən işğal altındakı torpaqlardan tamamilə qovulsun. Bu amal uğrunda hər bir kəs əsgərlərlə eyni sırada döyüşməyə, düşməndən layiqli qisas almaq üçün səngərə atılmağa hazırdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi siyasət, qətiyyətli və prinsipial mövqe ürəyimizcədir. Ona görə də biz dövlət başçısına inanırıq. İnanırıq ki, doğma Qarabağımız, işğal altında olan bütün torpaqlarımız onun yeritdiyi müdrik siyasət nəticəsində tezliklə işğaldan azad olunacaq. Buna qədər isə biz məcburi köçkünlərə bu cür qayğı və diqqət göstərdiyinə, bizə bu cür rahat həyat bəxş etdiyinə görə bütün məcburi köçkünlər adından minnətdarlığımızı bildiririk”.

         Bütün bu deyilənlər, Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünləri üçün həyata keçirdiyi və ölkə ictimaiyyəti, həmçinin beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilən, dünyada oxşar problemi yaşayan ölkələr üçün nümunə kimi dəyərləndirilən bu tədbirlər özlüyündə bir daha təsdiq edir ki, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli daim Azərbaycan dövlətinin və şəxsən dövlətimizin başçısı İlham Əliyevin gündəlik diqqət mərkəzindədir.