Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov noyabrın 8-də Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Navid Hasan Naqvi və Bankın sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobel ilə görüşüb.
Öncə yeni vəzifəyə təyin olunması münasibətilə Navid Hasan Naqvini təbrik edən Baş nazirin müavini Ə.Həsənov ona gələcək fəaliyyətində uğurlar arzulayaraq Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Bildirib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib.
Baş nazirin müavini qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş bir milyon 200 mindən çox qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını, indiyədək həyata keçirilən layihələr zamanı heç bir anlaşılmazlığın olmadığını, missiya üzvlərinin ölkəmizdə öz işlərinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb.
Xüsusilə cənab Prezidentin tapşırığına əsasən məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmiş səylərin gücləndirilməsi məqsədilə cari ilin iyun ayında Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış yeni Kredit Sazişinin müzakirə olunduğu görüşdə indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində respublikanın müxtəlif ərazilərində məskunlaşmış məcburi köçkünlər üçün tikilmiş uşaq bağçaları, məktəblər, icma mərkəzləri kimi sosial-infrastruktur obyektlərinin təmiri, içməli su, elektrik enerjisi ilə təchizatı, kəndlərarası və daxili yolların təmiri, sanitariya və irriqasiya sistemlərinin bərpası, habelə yeni salınmış qəsəbələrdə müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, məcburi köçkünlərin gəlir imkanlarının artırılması və məşğulluğunun təmin olunması istiqamətində də məcburi köçkün icmalarına texniki və maliyyə dəstəyi göstəriləcəkdir.
Bu gün Azərbaycanın sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrildiyini, bəşəri problemlərin həllinə yönəlmiş mühüm tədbirlərə ev sahibliyi etdiyini, dünya dövlətləri ilə, beynəlxalq maliyyə qurumları ilə qarşılıqlı əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran Baş nazirin müavini deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əlaqələr də son illər yeni mərhələyə qədəm qoyub, həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir və Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe, qəbul edilmiş qətnamələrə məhəl qoymaması nəticəsində münaqişə həllini tapmadığından bunlara ehtiyac var. Düzdür, bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməsi zərurəti qalmaqdadır.
Baş nazirin müavini, həmçinin bildirib ki, bütün bunlar nəzərə alınaraq bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdəki beynəlxalq təşkilatların fəaliyyəti üçün tam şəffaf şərait yaradılıb. Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünləri üçün yaratdığı şərait bütün dünya üçün nümunədir və Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi təcrübədən oxşar problemlə üzləşən ölkələr də lazımınca istifadə edə bilərlər. Həmçinin ölkəmizin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə əldə etdiyi təcrübə də dünyanın bir sıra ölkələrində təbliğ və tətbiq oluna bilər.
Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən Navid Hasan Naqvi Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, təmsil etdiyi qurum da Azərbaycan Hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. O, fəaliyyəti dövründə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirib.