Xəbərlər Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub
 
Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub 

 

Martın 31-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub.


Baş nazirin müavini yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.


Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsində işlər davam etdirilir. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa ediləcək. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlı olacaqdır. Yaşayış məhəlləsi qaz, su, elektrik enerjisi, müasir istilik sistemi ilə tam təchiz olunacaq. Məhəllədə inşaat işlərinin bu ilin sentyabr ayınadək başa çatdırılması nəzərdə tutulur.


Baş nazirin müavini Əli Həsənov inşaat işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin təkliflərini dinləyib. Tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar.


Əli Həsənov qeyd edib ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək səviyyədə təhvil verilməlidir.


Baş nazirin müavini Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Tərtər rayonunda 25 hektar sahədə inşa edilən yaşayış məhəlləsi bu günədək tikilmiş 95 qəsəbə içərisində ən böyük qəsəbələrdən biridir. Burada elektrik, su, istilik sistemləri kimi genişhəcmli işlər aparılır. Yaşayış məhəlləsində orta məktəb binası, uşaq bağçası və musiqi məktəbi yeni layihə əsasında inşa edilir. Orta məktəbdə 700 yerlik akt zalı, 400 yerlik yeməkxana yaradılacaq. Tikintidə əksəriyyəti məcburi köçkünlər olmaqla, 2 minə yaxın işçi çalışır.


Diqqətə çatdırılıb ki, ötən ilin aprel ayında işğalçı Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Tərtər və Ağdam rayonlarının ərazisi böyük dağıntılara məruz qalıb. Ərazidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən də bərpa işləri aparılıb. Keçən il ərzində 200-dən çox dağılmış ev bərpa olunub. Prezidentin tapşırığı ilə ayrılmış vəsait hesabına 120 ailəyə dəymiş ziyana görə maddi yardım ödənilib. Hazırda Tərtər rayonunun kəndlərində 78 ev tikilir.


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sonra Tərtər rayonunun Şıxarx qəsəbəsinə gedərək, burada məskunlaşan məcburi köçkün ailələri ilə görüşüb, onlar üçün inşa edilən fərdi evlərin tikintisi ilə tanış olub. Bildirilib ki, erməni silahlı birləşmələrinin atəşi nəticəsində Tərtər rayonunun Şıxarx, Çaylı, Həsənqaya, Buruc və Əskipara kəndləri ərazisində məskunlaşan məcburi köçkün ailələrinin yaşadığı 78 dağılmış ev yenidən tikilir. Hazırda evlərin hörgü işləri başa çatıb. 47 evin dam örtüyü vurulub, tamamlama işləri aparılır.


Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Şıxarx kəndində olarkən Əli Həsənov böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb.


Baş nazirin müavini erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidənin mühüm siyasi əhəmiyyətə malik olduğunu deyib. Abidənin ölkəmizə səfər edən insanlara, xarici mətbuat nümayəndələrinə göstərilməsinin vacibliyini vurğulayıb.