Xəbərlər Cocuq Mərcanlının yenidən qurulmasının ikinci mərhələsinə başlanılıb.

Cocuq Mərcanlının yenidən qurulmasının ikinci mərhələsinə başlanılıb.


           Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb.


           Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və inşaat işlərini aparacaq tikinti şirkətlərinin nümayəndələri Cocuq Mərcanlıda olub, yeni qəsəbə salınacaq əraziyə baxış keçiriblər.


           Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov jurnalistlərə müsahibəsində bildirib ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial-infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub.


           Tikinti işlərinin təxminən 3 ay müddətinə başa çatdırılacağını deyən MKSİF-in direktoru Sabir Əhmədov qeyd edib ki, 17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşılıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək.


           Qeyd edək ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.


           Xatırladaq ki, Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdur.  Ulu öndərin qətiyyəti  sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və hərb tariximizə şanlı səhifə kimi yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində 20 kənd, o cümlədən Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi. Amma təhlükəsizlik baxımından bu kənddə uzun müddət məskunlaşmaq qeyri-mümkün idi. Ötən ilin aprelindəki dördgünlük müharibədə ordumuzun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycanın nəzarətinə keçdi. Məhz Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsindən sonra cocuqmərcanlılıların torpaq həsrətinə son qoyuldu.