Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verib k, bu binalar “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli mərasim iştirakçıları.
Hörmətli soydaşlar, əziz dostlar.
İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağır problemi, xalqımızın ən böyük ağrısıdır. Qonşu ölkənin işğalçılıq siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma torpaqlarını, yurd-yuvalarını tərk edərək qaçqın və köçkün həyatı sürməyə məcburdurlar.
Dövlətimizin başçısı İlham Əliyev həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli görüşlərdə bu məsələni daim gündəmə gətirir. Bildiyiniz kimi, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək dünya ictimaiyyətinin diqqətini yenidən bu məsələyə yönəltmişdir. O, ölkəmizin ərazilərinin hələ də işğal altında olmasını və Azərbaycanda bir milyon insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını vurğulamışdır.
Uzun illərdir ki, biz müxtəlif tribunalardan öz haqq sözümüzü söyləyirik və biz sözdə yox, əməldə ədalətli reaksiya gözləyirik. Əfsuslar olsun ki, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar bu günün reallığıdır. Dünyada insan hüquqlarını qoruyan bir çox təşkilatlar fəaliyyət göstərir. Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir?
Bütün bu sualların cavablarını biz bilirik və hamı bilməlidir ki, əsas səbəb Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasətidir. Bütün bu illər boyu Azərbaycan dövləti soydaşlarımızın üzləşdiyi problemlərin həlli üçün öz gücü ilə bütün lazımi tədbirləri görüb, lazımi addımları atıb və bunun nəticələri bu gün göz qabağındadır. Ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, yüzədək müasir yaşayış kompleksi inşa olunub. Bu komplekslər bütün zəruri infrastrukturla təmin edilib. Əlli min qaçqın və köçkün ailəsi, ümumilikdə 250 min insan yeni evlərə, yeni mənzillərə köçürülüb. Dörd yüz min qaçqın və köçkün yeni işlə təmin olunub. Ümumilikdə, dövlətimiz bu tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərcləyib.
İndiki mərhələdə digər yerlərdə - yararsız binalarda, yarımçıq tikilmiş binalarda, yataqxanalarda, pansionatlarda, uşaq bağçalarında müvəqqəti məskunlaşmış soydaşlarımızın vəziyyəti yaxşılaşdırılmalıdır. İlk mərhələdə ən ağır vəziyyətdə yaşayan insanlar yeni mənzillərə köçürülməlidir. Bundan sonra ardıcıl olaraq digər qaçqın və köçkün ailələrinin yaşayış vəziyyəti yaxşılaşdırılmalıdır. Biz bunun üçün çalışırıq və çalışacağıq. Mən əminəm ki, Azərbaycan dövləti bu problemi öz gücü ilə həll edəcək.
Bildiyiniz kimi, Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir. Bizim müstəqil siyasətimiz var. Azərbaycan bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir. Bütün ölkədə geniş şəkildə quruculuq işləri aparılır. Bakının müasirləşməsi, paytaxtımızın gözəlliyi, təmizliyi, abadlığı barədə təkcə Azərbaycanda yox, xaricdə də danışırlar. Təkcə Bakı deyil, hər bir rayonda, hər bir regionda inkişaf gedir. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, yollar salınır, qazlaşdırma aparılır, insanları narahat edən məsələlər aradan qaldırılır, yeni imkanlar açılır.
Son illər ölkəmizdə turizmin inkişafı üçün böyük işlər görülür. Bu sahədə də böyük irəliləyiş var. Bir neçə gün bundan əvvəl dövlətimizin başçısı Şamaxı rayonunda bir neçə yeni obyektin, yeni yolların açılışlarında iştirak etmişdir, Dəmirçi kəndində yenidən inşa olunmuş turizm infrastrukturu ilə tanış olmuşdur. Həmin kənddə bərpa olunmuş qədim məscidi ziyarət etmişdir və yeni yolun – Dəmirçi kəndi ilə Lahıc qəsəbəsini birləşdirən yeni, daha qısa məsafəli, cəmi 22 kilometr uzunluğunda olan yolun salınması üçün bütün lazımi göstərişləri vermişdir.
Ondan əvvəlki həftədə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş mərasimdə Prezident ölkəmizin idman sahəsində qazandığı nailiyyətlər barədə geniş məlumat vermişdir. Mən əminəm ki, bunu siz hamınız yaxşı bilirsiniz. Bizim xalqımız, bizim idmançılarımız digər sahələrdə olduğu kimi, idman sahəsində də böyük qələbələrə imza atıblar. Biz 2015-ci ildə birinci Avropa Oyunlarını böyük uğurla keçirmişik. Bu il İslam Həmrəyliyi Oyunlarını keçirmişik. Bizim idmançılarımız son Olimpiya Oyunlarında 18 medal qazanıblar, Azərbaycanın bayrağını ucaldıblar. Budur bizim nailiyyətlərimiz. Bu sahədəki nailiyyətlərimiz dünyanın bütün idman ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir və ölkəmiz bir nümunə kimi təqdim olunur.
Ondan əvvəl isə Bakıda “Əsrin kontraktı”nın yeni mərhələsinin imzalanması mərasimi keçirilmişdir. Bu kontraktın uzadılması ölkəmizin hərtərəfli inkişafına güclü təkan verəcək. Bu, nə deməkdir? Bu, o deməkdir ki, yeni infrastruktur yaradılacaq, yeni iş yerləri açılacaq, ölkəmizə yeni sərmayələr gələcək, insanları narahat edən problemlər yenə də aradan qaldırılacaq. Bir sözlə, bu gün Azərbaycan inkişaf və tərəqqi yolu ilə irəliləyir. Bizim müstəqil siyasətimiz davam edəcək. Biz öz nailiyyətlərimizi görürük, öz gücümüzü dərk edirik. Biz onu da yaxşı başa düşməliyik ki, əgər dostlarımız, tərəfdarlarımız nailiyyətlərimizə sevinirlərsə, düşmənlərimiz heç də sevinmir və hər cür çirkin əməllərə əl atırlar. Amma biz bundan qorxmuruq, biz öz yolumuzla gedirik. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev üçün Azərbaycanın və Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür və biz bu yoldan dönməyəcəyik.
Eyni zamanda, mövcud problemləri, həllini tapmayan məsələləri də biz yaxşı bilirik və bunları aradan qaldırmaq üçün tam gücümüzlə çalışırıq və çalışacağıq. Mən əminəm ki, bütün arzularımıza nail olacağıq. Çünki bunun üçün bütün amillər – müstəqil siyasət, xoş niyyət, iqtisadi potensial və ən əsası xalqın inamı və dəstəyi var. Bir daha deyirəm ki, sizin dəstəyinizlə və Allahın köməyi ilə biz bütün arzularımıza nail olacağıq.
Əziz dostlar, bildiyiniz kimi, bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında yeni yaşayış kompleksinin təməli qoyuldu. Bu günlər orada tikinti işləri davam edir. Yaşayış kompleksi bütün lazımi infrastrukturla təmin olunacaq, orada binalarla yanaşı, uşaq bağçası, məktəb tikilir və gələn il 1026 yeni, tam təmirli mənzil qaçqın və məcburi köçkün ailələrinin istifadəsinə veriləcək. Bu ilin iyun ayında Xəzər rayonunun Şüvəlan qəsəbəsində çox pis vəziyyətdə olan pansionatda və Xətai rayonunda yarımçıq tikilmiş binada yaşayan 214 ailə Mehdiabad və Masazır qəsəbələrində yeni tikilmiş, tam təmirli evlərə köçürülüb. Bu gün isə biz Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş binalardakı tam təmirli mənzillərə 210 ailə, Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilmiş binadakı tam təmirli mənzillərə 50 ailə və Xətai rayonunda inşa edilmiş binadakı tam təmirli mənzillərə 465 ailə köçürürük. Ümumilikdə bu, 725 ailənin yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir.
Əziz soydaşlar, əziz qaçqın və məcburi köçkün ailələrinin üzvləri. Siz uzun illər çox çətin vəziyyətdə yaşamısınız, çətinliklərlə üzləşmisiniz. Buna baxmayaraq, siz ölkəmizdə gedən bütün quruculuq proseslərində iştirak etmisiniz, öz töhfənizi vermisiniz. Siz övladlarınızı böyütmüsünüz, tərbiyə etmisiniz. Mən fürsətdən istifadə edərək, sizə bir daha öz dərin hörmətimi və məhəbbətimi çatdırıram. Bu gün sizin həyatınızda yeni mərhələ başlanır. Siz yeni mənzillərə, yeni evlərə köçürsünüz. Arzum odur ki, bu evlərdə sizin həyatınız işıqlı və xoşbəxt olsun. Ən böyük arzum, - əminəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur, - doğma torpaqlarımızda, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan dövləti tərəfindən tikilmiş yeni mənzillərdə, yeni evlərdə sizin uşaqlarınızın, nəvələrinizin, nəticələrinizin toy mərasimində birgə iştirak edək. Çox sağ olun.
Laçın rayonundan məcburi köçkün Ağa ƏHMƏDOV çıxış edərək, birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva öz təşəkkürünü bildirib:” Biz 25 ildən artıqdır ki, Binəqədi rayonu ərazisindəki “Şəfəq” sanatoriyasında məskunlaşmışıq. Məskunlaşdığımız bina yararsız vəziyyətdə olduğundan burada yaşayan məcburi köçkünlərin həyat şəraiti son dərəcə ağır, dözülməz və çətin olmuşdur. Bu gün yeni mənzillərə köçürük. Sizin köməyiniz nəticəsində bu ağır şəraitdən qurtulduğumuza görə “Şəfəq” sanatoriyasında yaşayan bütün məcburi köçkünlər adından Sizə hədsiz dərəcədə təşəkkürümüzü və böyük hörmətimizi bildiririk.”
Laçın rayonundan məcburi köçkün Kəmalə QULİYEVA da çıxış edərək qaçqınlara və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Daha sonra binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidentə bildirilib ki, burada ikisi 80, biri isə 50 mənzilli olmaqla 3 bina inşa edilib. Bu cür layihələrin icrası bir daha sübut edir ki, dövlətimiz məcburi köçkünlərin mənzillərlə təmin olunmasına, onların sosial məsələlərinin həllinə daim böyük diqqətlə yanaşır. Belə binaların inşası həm də bu qəbildən olan vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində icra edilən layihələrin davamlı olduğunu nümayiş etdirir.