Azərbaycanda məcburi köçkünlər üçün tikilən sayca ən böyük yaşayış məhəllələrindən biri olacaq kompleksdə hər biri 7 mərtəbədən ibarət olan 24 ədəd binanın tikintisi həyata keçirilir. Sumqayıt şəhər ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsindən 1000 ailənin birinci mərhələ çərçivəsində bu kompleksə köçürülməsi nəzərədə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Dövlət Proqramı”na edilmiş əlavələr əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149S №-li Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 1.7 bəndinin icrası ilə əlaqədar çoxmərətəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi tam müasir standartlara cavab verən bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilir.
Kompleksdə 23 bina 42 mənzilli, 1 bina isə 35 mənzillidir. Ümumili tikilməkdə olan çoxmərtəbəli binalarda 77 ədəd 1 otaqlı, 420 ədəd 2 otaqlı, 406 ədəd 3 otaqlı, 98 ədəd 4 otaqlı mənzil olacaq.
Yeni yaşayış məhəlləsində o cümlədən 792 yerlik məktəb, 140 yerlik bağça, klub icma mərkəzi, tibb məntəqəsi, telefon qovşağı , inzibati binalar, 1 ədəd 35 kV yarımstansiya, 2 ədəd 10 kV yarımstansiyanın inşası nəzərdə tutulur.
Ölkə başçısının tapşırığına əsasən kompeksdə sakinlərin istirahəti üçün tələb olunan müasir infrastrukturun yaradılması da nəzərdə tutulur.