Xəbərlər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində tikinti işləri uğurla davam etdirilir.

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində tikinti işləri uğurla davam etdirilir.


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında tikilən yaşayış kompleksində 9 mərtəbəli 15 binanın inşası nəzərdə tutulur. Müasir beynalxalq tikinti normaları çərçivəsində tikilən çoxmərtəbəli binalarda 72 ədəd bir otaqlı, 360 ədəd iki otaqlı, 306 ədəd üç otaqlı, 72 ədəd dörd otaqlı mənzillər olacaq.


Bundan əlavə kompleksdə 560 şagird yerlik üç mərtəbəli məktəb binası, 280 yerlik iki mərtəbəli uşaq bağçası, 2 ədəd qazanxana,  klub icma mərkəzi və inzibati binaların tikintisi planlaşdırılır. 


Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Dövlət Proqramı”na edilmiş əlavələr əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149S  №-li Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 1.7 bəndinin icrası ilə əlaqədar çoxmərətəbəli binalardan  ibarət yeni yaşayış məhəlləsi tam müasir standartlara cavab verən bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilir.


Bu ilin sonuna kimi təhvil verilməsi gözlənilən yaşayış kompleksindəki bütün yaşayış binaları 24 saat fasiləsiz işıq, qaz, su və istiliklə təchiz olunacaq. Ərazidə tam yeni texnologiya və avadanlıqlardan istifadə edilməklə müasir standartlara cavab verən kanalizasiya sisteminin və eyni zamanda çirkab təmizləmə qurğularının qurulması planlaşdırılır.


Yaşayış məhəlləsində tikinti işləri yekunlaşdıqdan sonra ərazisində abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək.