Xəbərlər Pirallahı rayonunda məcburi köçkünlər üçün nəzərdə tutulan 300 ailəlik yaşayış məhəlləsində son tamamlanma işləri həyata keçirilir.

Pirallahı rayonunda məcburi köçkünlər üçün nəzərdə tutulan 300 ailəlik yaşayış məhəlləsində son tamamlanma işləri həyata keçirilir.


           Azərbaycanda həyata keçirilən sosial siyasət, insanların yaşayış səviyyəsinin yaxşılaşması doğma torpaqlarının nisgili ilə yaşayan qaçqın və məcburi köçkünlərin timsalında da özünü aydın büruzə verir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ulu öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası sayəsində indiyədək 6 milyardan  manatdan çox vəsait sərf olunub. Müasir standartlara cavab verən 100-dən çox yaşayış kompleksi salınıb,minlərlə qaçqın və məcburi köçkün ailəsi  yeni mənzillərlə təmin olunub. Şəhər və rayonlarda bu məqsədlə ayrılmış ərazilərdə salınmış qəsəbələr tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və həmin ərazilər yaraşıqlı yerlərə çevrilib. Ölkəmizdə olan 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi isə 2016-cı ildə başa çatdırılıb və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilib. Və bu işlər sürətlə davam etdirilir…


           Qeyd edək ki, ölkə başçısının xüsusi tapşırığına əsasən son illər bu istiqamətdə görülən işləri daha da sürətləndirilib. Məhz bunun bariz nümunəsidir ki, hal-hazırda ölkənin müxtəlif nöqtələrində məcburi köçkünlər üçün yaşayış kompleksi, qəsəbə və məhəllələrin tikintisi paralel şəkildə həyata keçirilir və vaxtından əvvəl təhvil verilməsi nəzərdə tutulur. Bu cür yaşayış məhəllələrindən biri də Bakı şəhəri, Pirallahı rayonunda salınır. 300 ailəlik bütün zəruri sosial-texniki infrastruktur  olan yaşayış məhəlləsində son tamamlanma işləri həyata keçirilir.


           Kompleksin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”-nın və ona edilmiş Əlavələrin müvafiq bəndlərinə, o cümlədən ötən ilin iyun ayında “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsinin icrası çərçivəsində həyata keçirilir.  


           Xatırladaq ki, ötən ilin martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən müşavirə də məhz bu məsələyə - Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsinə həsr olunmuşdu. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun yurd-yuvasını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verir. 


           Müşavirədə çıxış edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva bildirib ki, əsas məqsəd qəzalı binalarda yaşayan köçkünləri yeni mənzillərlə təmin etməkdir: “Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”.