İyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi açılışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, yeni yaşayış məhəlləsi dövlətimizin başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən yaradılıb. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni yaşayış məhəlləsinin ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.
Mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.
Bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də vurğulamaq lazımdır. Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub. Qeyd edək ki, 2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonunadək 58 min 223 ailə və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. 2019-cu ilin birinci rübündə isə 2.227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub.
Sonra Laçın rayonu Bozlu tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, bu təhsil ocağı 220 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir.
Məktəbin idman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var.
Sonra dövlətimizin başçısı və birinci xanım məcburi köçkünlərlə görüşüblər.
Məcburi köçkünləri salamlayan Prezident İlham Əliyev deyib ki:
- Bu gün çox əlamətdar bir gündür. Pirallahı rayonunda məcburi köçkünlər üçün gözəl evlər istifadəyə verilir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl hadisədir. Keyfiyyətli tikilib. Bu günə qədər yararsız binalarda yaşamış köçkünlər indi bu binalarda yaşayacaqlar. Bu, bir daha onu göstərir ki, dövlət məcburi köçkünlərə çox böyük qayğı, diqqət göstərir.
Son illərdə böyük işlər görülüb, həm Bakı şəhərində, həm də bütün bölgələrdə. Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Pirallahı rayonunda yaşayan köçkünlər üçün bu gün bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir. Gözəl mənzillər, məktəb - bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür.
Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. Sizi bir daha bu hadisə münasibətilə ürəkdən təbrik edirəm.
Sakinlər: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Ümumiyyətlə, Pirallahı rayonunun inkişafı uğurlu gedir. Burada infrastruktur obyektləri inşa edilir, yaradılır, binalar tikilir, təmir olunur. Yəni, Pirallahı adası tam yeni görkəm alıb. Artıq bir neçə ildir ki, burada gedən quruculuq işləri çox yaxşı nəticə verir. Siz yaxşı bilirsiniz ki, əvvəllər Pirallahıda vəziyyət o qədər də ürəkaçan deyildi. İndi burada bütün lazımi şərait yaradılıbdır.
Laçın rayonundan məcburi köçkün Sevda Musayeva : Çox hörmətli cənab Prezident. Əziz Mehriban xanım. İcazə verin, Sizi Pirallahı sakinləri, - yəni, mən özümü də artıq Pirallahı sakini hesab edirəm, 27 ildir burada məskunlaşmışıq, - məcburi köçkünlər adından və bir təhsil işçisi adından salamlayım, Sizə öz dərin minnətdarlığımı bildirim. Qaçqınlara və məcburi köçkünlərə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə minnətdarlığımı, təşəkkürümü bildirirəm. Azərbaycanın inkişafı, tərəqqisi, dünya birliyində qüdrətli dövlətə çevrilməsi baxımından apardığınız həm xarici, həm daxili siyasəti mən bir təhsil işçisi kimi bəyənir və dəstəkləyirəm. Mən təhsil işçisi olduğuma görə bu sahədən danışacağam. Hər bir dövlətin inkişafı üçün, bilirsiniz ki, əsas onun elmi, təhsilidir. Bu, danılmazdır. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllimə, təhsilə, elmə böyük qiymət vermişdir. Elə bu baxımdan onun apardığı siyasətin davamını sizlərdə də hiss edirik, görürük.
Sevda Musayeva görülən bütün bu işlərə, onlara göstərilən diqqətə və məcburi köçkün ailələri üçün yeni məktəblərin inşasına, onların müasir avadanlıqla təmin edilməsinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bir daha minnətdarlığını bildirib.
O dedi: Bir də Mehriban xanım, Sizə gözaydınlığı verirəm. Mən də bir anayam, Siz də bir anasınız. Sizə gözaydınlığı verirəm. Oğlunuz Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirib geri qayıdıb. Gözünüz aydın olsun.
Mehriban xanım Əliyeva: Çox sağ olun. Allah bütün balaları qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm.
Məcburi köçkünlər üçün biz indi bu şəraiti yaradırıq. Hələ də ağır vəziyyətdə yaşayan köçkünlərimiz var və onların problemləri də gündəlikdədir. İndi genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində.
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı da qəbul edilib. Proqram əsasında evlər tikilir, qəsəbələr salınır. Yüzdən çox qəsəbə salınıbdır və bu istiqamətdə bundan sonra da işlər aparılacaq. Qeyd etdiyim kimi, bu il ən azı altı min ailə yeni mənzillərlə təmin ediləcək. Gələn il ondan da çox yeni evlərin tikilməsi nəzərdə tutulur.
Burada, Pirallahı rayonunda köçkünlər uzun illərdir ki, yaşayırlar. Köçkünlərin əksəriyyəti Laçın rayonundandır. Laçın rayonu 1992-ci ilin may ayında işğal altına düşmüşdür. Laçın və Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaratdı. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanın işğalçı siyasətinin qarşısının alınması üçün böyük səylər göstərilmişdir. Uğurlu Horadiz əməliyyatı aparılmışdır. Beləliklə, Azərbaycan işğal olunmuş torpaqların bir hissəsini azad edə bilmişdir.
Sonrakı dövrlərdə ordu quruculuğu istiqamətində böyük işlər görüldü. Bu işlərin nəticəsində 2016-cı ildə torpaqlarımızın bir hissəsi də işğalçılardan azad edildi. Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir.