Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib
Oktyabrın 8-də Bakının Qaradağ rayonunda
məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı
olub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
açılışda iştirak ediblər.
Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və
“Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlət
başçısı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə
yaradılan şərait barədə məlumat verdilər.
Bildirilib
ki, təməli ötən ilin sentyabrında qoyulan bu kompleksdə, ümumilikdə, onmərtəbəli
13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və
trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə,
eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman
meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli
üçün hərtərəfli infrastruktur qurulub.
Kompleksin
ərazisində inşa olunan məktəb binası ilə tanışlıq zamanı qeyd olundu ki, təhsil
ocağı 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada
şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb.
Prezident
İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə təhsilin
inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən
soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər. İndiyədək istifadəyə verilən
bu cür şəhərciklərdə məcburi köçkün uşaqların təhsilini normal təmin etmək üçün
müasir məktəblər yaradılıb. Bütün bunlar, ümumilikdə, ölkədə təhsilin yüksək
səviyyədə olmasına xidmət edir, bu sahənin maddi-texniki bazasını
möhkəmləndirir.
“Qobu
Park-2” yaşayış kompleksinin ərazisində uşaq bağçası da fəaliyyət göstərəcək.
Bağça ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban
Əliyevaya məlumat verildi ki, 220 yerlik uşaq bağçası da lazımi inventarla
təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul
olmaq üçün bütün imkanlar var.
Bu
bağçanın timsalında da aydın görmək olur ki, gələcəyimiz olan körpələrin sağlam
və bilikli böyüməsi üçün dövlət səviyyəsində olduqca əhəmiyyətli layihələr icra
olunur. Ölkəmizdə müasir səviyyədə uşaq bağçaları, körpələr evlərinin
yaradılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin də
mühüm əhəmiyyəti var.
Sonra
yaşayış komplekslərinin maketləri ilə tanışlıq oldu. Bildirildi ki, təməli ötən
ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər
üçün salınmış 106-cı qəsəbədir. Sifarişçisi “Paşa Holding”, podratçısı isə
“Kristal Abşeron” MTK olan yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən
“Qobu Park-1” yaşayış kompleksinin yanında inşa edilib. Hazırda “Qobu Park-3”
yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış
komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-2” yaşayış
kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış oldular. Qeyd olundu ki,
kompleksdə bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var.
Bütün mənzillər zəruri inventarla təchiz edilib.
Sonra
dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün,
şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində oldular. Bildirildi ki, dördotaqlı
mənzil bütün mebellərlə təchiz olunub.
Daha
sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəridə
Cabbarovanın ailə üzvləri ilə görüşüb söhbət etdilər.
Prezident
İlham ƏLİYEV: Bu gün sizin həyatınızda çox
əlamətdar bir gündür. Siz yeni mənzilə köçürsünüz. Bu münasibətlə sizi və digər
bacı-qardaşlarımızı təbrik edirəm. Bu iki yaşayış kompleksinin istifadəyə
verilməsi çox gözəl, əlamətdar hadisədir. Burada 1300 köçkün ailəsi ən müasir
şəraitdə yaşayacaq. Burada gözəl binalar tikilib, infrastruktur yaradılıb,
bütün təchizat təşkil olunub - qaz, su, işıq, istilik, gözəl həyət. Ona görə bu
kompleksin istifadəyə verilməsi, əlbəttə ki, ölkəmiqyaslı bir hadisədir.
“Qobu-1”
yaşayış kompleksi keçən il istifadəyə verilmişdir və biz açılışda iştirak
etmişdik. Orada artıq 1000-dən çox ailə yaşayır, burada isə 1300 ailə və
“Qobu-3” yaşayış kompleksində də 1300 ailə yaşayacaq. Beləliklə, 4000-ə yaxın
ailə bu gözəl şəraitlə təmin olunub. Məktəblər, uşaq bağçaları, ticarət
mərkəzi, tibb məntəqəsi – yaşayış üçün bütün lazımi şərait yaradılıb. Bu
qəsəbəyə gözəl yollar da çəkilib, ona görə nəqliyyat problemləri də olmayacaq.
Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan
vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır. Bildiyiniz kimi,
yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb.
Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda
köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Eyni zamanda, hələ də
ağır vəziyyətdə yaşayan soydaşlarımız var, – yataqxanalarda, məktəblərdə, uyğun
olmayan binalarda, – onların da problemləri həll olunacaq. Hər il Azərbaycanda
minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə
5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər
tikib təhvil veririk. Yəni, bu, əslində bir şəhərdir. İndi Qobu qəsəbəsində
yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var. Təsadüfi deyil ki,
beynəlxalq təşkilatlar, o cümlədən BMT Azərbaycanda məcburi köçkünlərə
göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirir, bir çox
ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyasət bir nümunə kimi
göstərilir. Eyni zamanda, bildiyiniz kimi, bu il məcburi köçkünlərə dövlət
tərəfindən ayrılan müavinətin həcmi də 50 faiz artıbdır. Hər bir köçkünə bu
məbləğ verilir, baxmayaraq ki, o, işlə təmin olunub, təmin olunmayıb. Bu da
bizim sosial siyasətimizin nəticəsidir. Biz bundan sonra da ardıcıl olaraq bu
siyasəti aparacağıq, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın yaşayış
problemlərini həll edəcəyik.
Ancaq
əlbəttə ki, əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad
ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu
da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar
Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir
şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri
nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi,
hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür.
Evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu uzun illər Biləsuvarda
salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına
qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq
işləri aparılır, iş yerləri yaradılır.
Azərbaycanın
ərazi bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün dünya
tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq.
Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu,
danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik.
Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz
yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı
günü yaxınlaşdırır.
Bu
gözəl yaşayış yerini özəl sektor inşa edib. Bu da bir yenilikdir. Çünki bu günə
qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondunun xətti ilə tikmişik. Mən
çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət
daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl
uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya
verib. “Qobu-1”, “Qobu-2” və bu gün tikilməkdə olan “Qobu-3” yaşayış
kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır. Mən bu fürsətdən
istifadə edərək, bütün Azərbaycan şirkətlərinə, - kimin böyük imkanı var, kimin
o qədər də böyük imkanı yoxdur, - deyirəm ki, həmrəylik göstərməlidirlər,
sosial məsuliyyət daşımalıdırlar. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik,
təbəqələşmə, yoxsullar olmamalıdır. Yoxsulluqla bağlı mübarizə indi görün, nə
qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd
edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz
bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi 10-15 faizdir.
Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir.
Ona
görə özəl sektor daha da məsuliyyətli olmalıdır. Dövlət bu qədər kömək
göstərir, kreditlər verir, şərait yaradır, infrastruktur layihələrini icra
edir. Ona görə özəl sektor gərək bu işlərə qoşulsun və Dövlətqaçqınkoma
müraciət etsin, desin ki, mən istəyirəm köçkünə bir, beş, yüz mənzil verim. Bu,
olmalıdır. Əminəm ki, bu sözlərimdən sonra Dövlətqaçqınkoma ediləcək
müraciətlərin sayı çox olacaq. Sizi bir daha təbrik edirəm.
Fəridə
Cabbarovanın qardaşı Elxan QASIMOV: Çox
sağ olun.
Prezident
İlham ƏLİYEV: Siz bu günə qədər harada
yaşayırdınız?
Elxan
QASIMOV: Lökbatan qəsəbəsində.
Prezident
İlham ƏLİYEV: Kirayədə?
Elxan
QASIMOV: Xeyr, müvəqqəti verilmiş fin
evlərdə.
Prezident
İlham ƏLİYEV: O evlər nə vaxt tikilmişdi – bəlkə
də 50-60 il bundan əvvəl. Onlar indi söküldü?
Rövşən
RZAYEV: Bəli, qamış evlərdə yaşayanların
hamısı “Qobu Park-1”ə köçürüldü. Mən məruzə etmişdim. Mehriban xanımın
tapşırığı var idi, ən çətin vəziyyətdə, zirzəmilərdə, həm də qamış evlərdə
yaşayanların hamısı son nəfərə qədər köçürüldü və indi “Qobu Park-1”də
yaşayırlar.
Prezident
İlham ƏLİYEV: Bu problemi mən çoxdan bilirəm. Çünki
mən ilk dəfə Qaradağ rayonundan deputat seçilmişdim. Hələ o vaxt mənim
təşəbbüsümlə “Ümid” qəsəbəsi salındı. Mən o vaxt millət vəkili idim. “Ümid”
qəsəbəsində təqribən, 300 mənzil inşa etmişdik. Sonra növbəti mərhələdə daha da
genişləndi.
Rövşən
RZAYEV: İndi orada 500 mənzil var.
Prezident
İlham ƏLİYEV: Eyni zamanda, Lökbatan qəsəbəsində
mənim təşəbbüsümlə bir beşmərtəbəli bina da tikilmişdi və o binanın açılışına
ulu öndər Heydər Əliyev də gəlmişdi. O vaxt bu, bir yenilik idi. Çünki dövlətin
o qədər də böyük vəsaiti yox idi. Ona görə o vaxt mən təşəbbüs göstərmişdim, bu
təşəbbüsə qoşulanlar da oldu, bu addımları atdıq. Yadımdadır, o qamış evlər
həmişə narahatlıq yaradırdı. Çünki onlar vaxtilə müvəqqəti tikilmişdi və
yaşamaq üçün tamamilə yararsız idi.
Rövşən
RZAYEV: Mehriban xanımın tapşırığı ilə mən
orada olmuşdum və bütün şəkilləri təqdim etmişdim. İndi onlar “Qobu Park-1”də
yaşayırlar. Bütün ailələr hər zaman təşəkkürlərini bildirirlər.
Fəridə
CABBAROVA: Cənab Prezident, Sizi xoş gördük.
Siz bilirsiniz ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi
köçkünlər, o cümlədən bütün Azərbaycan vətəndaşları Sizi çox istəyir, Sizin
fəaliyyətinizə çox böyük dəyər verirlər. Mən yuxumda belə görməzdim ki,
Sizinlə, Mehriban xanımla görüşərəm, bir süfrə arxasında əyləşərəm. Bu gün
mənim üçün ikiqat bayramdır ki, həm bizə ev verildi, həm də Sizinlə - Ali Baş
Komandanımızla bir çay süfrəsi arxasında əyləşmişik. Sizə böyük təşəkkür
edirik.
Siz
bizim qürur yerimizsiniz. Sizin cəsarətiniz danılmazdır. Bu yaxınlarda
beynəlxalq tədbirdə Dağlıq Qarabağ haqqında cəsarətlə dediyiniz sözlərə görə,
Sizinlə fəxr edirik. Qürur duyuruq ki, bizim arxamızda Sizin kimi dəyərli Vətən
oğlumuz, qardaşımız var.
Sizə
bütün qaçqınlar, məcburi köçkünlər, şəhid ailələri adından böyük təşəkkür
edirik. Sizin daimi diqqətiniz şəhid ailələrinin, Qarabağ müharibəsi
əlillərinin üzərindədir. Bunu heç kim dana bilməz. Bunu danmaq üçün gərək kar,
kor olasan ki, bu gözəllikləri, bu diqqəti hiss etməyəsən.
Özüm
haqqında deyim ki, biz əslən laçınlıyıq. Faciədən doqquz ay öncə Xocalı
şəhərinə köçmüşdük. Yoldaşım təhsilli idi, o vaxt Xocalı gözəlləşir demişdilər,
ora iş üçün getmişdi. Bir aydan sonra dedi, mən utanaram xocalılılardan ki,
burada vəzifə axtarım. Mən hərbçi olacağam. Həmin gün Xocalı özünümüdafiə
batalyonuna yazıldı və son damla qanına qədər döyüşdü. Övladlarımız Nicat
doqquz aylıq idi, Fuad isə iki yaşında. Yoldaşım dedi ki, “Fəridə, səni
qohumlarım çıxaracaq. Mən arxada döyüş yoldaşlarımın üzünə baxa bilmərəm, bir
kişi kimi başımı qaldıra bilmərəm”.
O
gündən də Vətəni üçün getdi, heç məzarı da yoxdur. Övladlarım atalarına layiq
böyüdülər, təhsil alıb, hərbi xidmətlərini kişi kimi başa vurub, çavuş rütbəsi
ilə gəldilər. Hər ikisinə təhsil vermişəm, Fuad ixtisasca qarmon müəllimidir,
Nicat universitet bitirib. Aprel döyüşlərində mən gecə saat 4-də bildim ki, hər
iki övladım eyni döyüş bölgəsindədir. Mənə demədən bir-birinə məsləhət ediblər.
Fuad deyib, “Nicat, sən subaysan, sən getmə, anamı, ailəmi saxla, mən gedim”.
Nicat da deyib ki, “Yox, Fuad, sən anaya, ailə-uşağa bax, mən gedim”. Yəni, mən
fəxr edirəm ki, onları atalarına layiq böyüdə bilmişəm. Nəinki mənim
oğlanlarım, şükür Allaha ki, bütün şəhid övladları layiqli vətənpərvər
oğullardırlar. İnşallah torpaqlarımız sülh yolu ilə alınsın, amma belə olmasa,
onların hər biri Sizin əmrinizlə torpaqlarımızı azad etməyə hazırdır.
Çox
sevindim. Bugünkü sevincimi bəlkə də 27 ildə yaşamamışdım. Bəlkə də mənim
gözlərim sevincdən bu günə qədər dolmamışdı. Allah Sizdən razı olsun.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun. Gözəl övladlar
böyütmüsünüz, onlar Vətən uğrunda vuruşmağa hər an hazırdırlar. Azərbaycan
gənclərinin mütləq əksəriyyəti vətənpərvərlik ruhunda tərbiyə alır, Vətənə
bağlıdır və Vətən üçün hər bir addım atmağa hazırdırlar.
O
ki qaldı, şəhid ailələrinin sosial müdafiəsinə, bu, daim diqqət mərkəzindədir.
Şəhid ailələri üçün həm maddi təminat təşkil edilib, eyni zamanda, onlara
mənzillər verilir. Minlərlə şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin
edilib. Qarabağ döyüşlərində fiziki imkanlarını itirmiş soydaşlarımıza bu il
600 avtomobil, son illərdə isə minlərlə avtomobil verilib. Mən deyə bilərəm ki,
Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərəfindən göstərilən qayğı
doğrudan da bir örnəkdir. Çünki bu gün biz də, siz də bütün dünyada gedən
prosesləri izləyirik, görürük ki, müxtəlif ölkələrdə qaçqınlar böhranı yaşanır,
o cümlədən Avropada və o qaçqınlar hansı vəziyyətdə yaşayırlar. Onların bir
çoxu dənizdə batır, bir çoxu isə elə bil ki, xüsusi qəfəs içində saxlanılır.
Onlara qeyri-insani münasibət göstərilir, şəxsiyyəti alçaldılır və bir çoxları
tamamilə yararsız yerlərdə yaşayır. Televizorda bunu görürük. Mən 2003-cü ildə
bəyan etmişdim ki, prezident seçilərəmsə, ilk növbədə, qaçqın şəhərciklərini
ləğv edəcəyəm. Çünki tamamilə bizə yaraşmayan bir mənzərə idi. Düzdür, o vaxta
qədər bizim maddi imkanlarımız yox idi ki, bunu edək. Ona görə bunları biz
2007-ci ildə ləğv etdik, bir dənə də qalmadı. Ondan sonra keçdik yataqxanalara,
məktəblərə, uyğunsuz binalarda yaşayan soydaşlarımızın problemlərinin həllinə.
İndi hər il bu məqsədlə ancaq tikinti üçün yüz milyonlarla manat ayrılır. Bu
istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Biz hamımız əminik ki,
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz də artır,
əhalimiz də artır. Bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. İllər keçəcək,
əhalimiz daha da artacaq, gücümüz daha da artacaq və istədiyimizə nail
olacağıq.
Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi
mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq
hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad
tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən
deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış
bir neçə adamın qarşısında o cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq
tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000
nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin –
canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün
dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa,
zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar.
Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər -
münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar.
Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox
idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar
və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya
dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər
kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq
hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida
işarəsi, vəssalam.