Xəbərlər Ağcabədidə 645 məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin inşası yekunlaşmaq üzrədir

 

Ağcabədidə 645 məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin inşası yekunlaşmaq üzrədir

 

Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan üç yeni qəsəbənin inşası yekunlaşmaq üzrədir.



Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə tikilən qəsəbələr ümumilikdə 645 evdən ibarətdir. Dövlət tərəfindən qəsəbələrin salınması üçün 132 hektar torpaq sahəsi ayrılıb.

Vağazin obasında məskunlaşan məcburi köçkünlər üçün inşa edilən qəsəbə 256 evdən, Qarakeçdi obasında məskunlaşan məcburi köçkünlər üçün qəsəbə 245 evdən, Şeylanlı obasında məskunlaşan məcburi köçkünlər üçün qəsəbə isə 144 evdən ibarətdir. Mənzillərin 62-si birotaqlı, 260-ı ikiotaqlı, 260-ı üçotaqlı, 63-ü dördotaqlıdır. Qəsəbədəki evlərin hər birinin 12 sot həyətyanı sahəsi var. Hər bir ev fərdi sanitar qovşaqla təmin edilib. Mənzillərdə kombi istilik sistemi də quraşdırılacaq. Qeyd edək ki, qəsəbələrdə ikisi 192 yerlik, biri isə 108 yerlik olmaqla üç məktəb binası, həmçinin inzibati bina, tibb məntəqəsi də tikilib.



Artıq evlərdə və sosial obyektlərdə hörgü işləri başa çatıb. Evlərin dam örtükləri, döşəmə və tavan vurulub, pəncərələr qoyulub. Qəsəbədə infrastruktur işləri də həyata keçirilib. Hər biri 500 kubmetr olan üç ədəd içməli su anbarının inşasında son tamamlanma işləri görülür, 35/10 Kv-lıq elektrik yarımstansiyası tikilir. Xarici və daxili qaz xətləri, həmçinin elektrik yarımstansiyasından hava xətti çəkilib, işıq dirəkləri basdırılıb. Qrunt sularının kənarlaşdırılması üçün drenaj xətti inşa edilib, mənbəyini Yuxarı Qarabağ kanalından götürən içməli və təsərrüfat suyu xətti çəkilib. Qəsəbələri birləşdirən ümumi uzunluğu 8700 metr olan avtomobil yolunun 3500 metr hissəsinə asfalt örtük salınıb.



Hazırda sosial obyektlərin dam örtüyü vurulur, mənzillərdə rəngsaz və santexnik işləri aparılır, divarlar rənglənir. Nasosxana və sudurulducu qurğunun, qəsəbələrin daxilində yağış sularının axıdılması üçün 27 kilometr uzunluqda beton arxların tikintisi davam etdirilir. Qəsəbədaxili kabelləşmə işləri aparılır, yollara asfalt örtük salınır.



Tikintidə əsasən yerli sakinlər və məcburi köçkünlər olmaqla mindən artıq artıq işçi, 100-ə yaxın texnika çalışır. İşlərin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.