Gəncədə
833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar verilib
Azərbaycan Hökumətinin və Dünya Bankının birgə maliyyələşdirməsi üzrə həyata keçirilən Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin (Əlavə maliyyələşdirmə) alt komponenti olan Məcburi Köçkün Gənclərin Dəstəklənməsi proqramının ilk mərhələsinə yekun vurulub.
Bu münasibətlə Gəncə şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, aidiyyəti orqanların və media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbir
iştirakçılarına məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli
Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifahının
yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident
xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərə dövlət
qayğısının artırılması, həmçinin özəl sektorun bu sahədəki problemlərin həllini
dəstəkləməsi istiqamətində işlər aparılır.
Qeyd olunub ki, “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir
İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün Əlavə Maliyyələşdirmə” çərçivəsində
həyata keçirilən “Gəlir İmkanlarının Dəstəklənməsi” komponentinin
alt-komponenti olan “Məcburi Köçkün Gənclərin Dəstəklənməsi” proqramına əsasən
ölkədə 2500 məcburi köçkün gəncinin peşə təlimlərinə cəlb olunması, seçdikləri
sahələr üzrə biliyə yeyələnməsi, təcrübə toplaması, təlimlərin sonunda
sertifikat və avadanlıqlar alması nəzərdə tutulub.
Layihənin şərtlərinə uyğun olaraq, proqramın
icrasının 3 mərhələ üzrə həyata keçirilməsi planlaşdırılıb. Artıq birinci mərhələ çərçivəsində 2500 məcburi
köçkün gəncinin 833 nəfəri 6 ay peşə üzrə və 3 ay kompüter bacarıqları üzrə təlimlər
keçiblər. Təlimləri uğurla başa vuran gənclər əlavə olaraq,
15 günlük “Biznesin idarə olunması” təlimlərinə
cəlb olunub.
Layihə çərçivəsində məcburi
köçkün gənclər 40-dan çox istiqamət – mühasib, dərzi, çilingər, dülgər, bərbər,
plastik qapı-pəncərə ustası, dizayner, mebel ustası, xalçaçı, videooperator,
fotoqraf, şirniyyatçı, rəngsaz, qaynaqçı, qaz operatoru, kompüter operatoru və
s. peşələr üzrə təlimlərdə iştirak ediblər.
Peşə təlimlərini və biznes təlimi üzrə
imtahanları qənaətbəxş səviyyədə başa çatdıran, biznes planları layihənin
İcraçı Komitəsi tərəfindən təsdiq edilən gənclərə, öz bizneslərini
formalaşdırmaq üçün, bu il noyabr ayının 19-dan etibarən alət və avadanlıqların
verilməsinə başlanılıb.
Gəncədə keçirilən tədbirdə də bir qrup gəncə seçdikləri peşələrə uyğun alət və avadanlıqlar verilib.