Peşə təlimi alan bir qrup məcburi köçkün gəncinə işə başlamaq üçün avadanlıqlar verilib.
Azərbaycan Hökumətinin və Dünya
Bankının birgə maliyyələşdirməsi üzrə həyata keçirilən Məcburi Köçkünlərin
Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin (Əlavə maliyyələşdirmə)
alt komponenti olan Məcburi Köçkün Gənclərin Dəstəklənməsi proqramının ilk mərhələsinə
yekun vurulub.
Bu mərhələ çərçivəsində
növbəti tədbir dekabrın 10-da Mingəçevir şəhərində keçirilib. Tədbirdə
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dünya Bankı,
digər aidiyyəti orqan və jurnalistlər iştirakı ediblər.
Tədbir iştirakçılarına məlumat
verilib ki, dövlət başçısı məcburi köçkünlərin problemlərinin həllini sosial
siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramına
uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, eyni
zamanda onların məşğulluğunun artırılması üçün ardıcıl tədbirlər həyata
keçirilir.
Birinci vitse-prezident
xanım Mehriban Əliyeva da məcburi köçkün gənclərin təhsil, məşğulluq kimi
problemlərinin həllinə həssaslıqla yanaşır.
Proqram üzrə respublikanın
müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış 2500 məcburi köçkün gəncin
peşə təlimlərinə cəlb olunması, seçdikləri sahələr üzrə biliyə yiyələnməsi, təcrübə
əldə etməsi, təlimlərin sonunda sertifikat alması və təlim keçdikləri peşə üzrə
zəruri olan bütün avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.
Layihənin şərtlərinə uyğun
olaraq, proqram 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə köçkün gənclərdən
833 nəfəri 6 ay peşə və 3 ay kompüter bacarıqları üzrə təlimlər
keçib. Təlimləri uğurla başa çatdıran gənclər əlavə olaraq, 15 günlük
“Biznesin idarə olunması” təlimlərinə cəlb edilib.
Məcburi köçkün gənclər
mühasib, dərzi, çilingər, dülgər, bərbər, plastik qapı-pəncərə ustası,
dizayner, mebel ustası, xalçaçı, videooperator, fotoqraf, şirniyyatçı, rəngsaz,
qaynaqçı, qaz operatoru, kompüter operatoru kimi 40-dan çox ixtisas üzrə peşə təlimlərində
iştirak ediblər.
Peşə təlimlərini və biznes
təlimi üzrə imtahanları qənaətbəxş səviyyədə başa çatdıran, biznes planları
layihənin İcraçı Komitəsi tərəfindən təsdiq edilən gənclər, bu il noyabr ayının
19-dan etibarən seçdikləri sahə üzrə öz bizneslərini formalaşdırmaq üçün zəruri
olan bütün alət və avadanlıqlarla təmin edilir.
Mingəçevirdə keçirilən tədbirdə
də bir qrup gəncə seçdikləri peşələrə uyğun alət və avadanlıqlar verilib.
Xatırladaq ki, Məcburi Köçkün Gənclərin Dəstəklənməsi proqramının ilk mərhələsinin yekun vurulmasına noyabrın 29-da başlanılıb. Həmin gün Gəncə şəhərində məcburi köçkün gənclərə şəxsi bizneslərini qurmaq üçün avadanlıqlar təqdim edilib.