Xəbərlər Şirvanda 685 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış məhəlləsi istifadəyə verilib.

Şirvanda 685 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış məhəlləsi istifadəyə verilib.


Şirvan şəhəri ərazisində 685 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsi istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, ictimaiyyət nümayəndələri və məcburi köçkünlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyev qaçqınların məişət şəraitinin yaxşılaşdırılmasını prioritet istiqamətlərindən biri kimi elan edib. O, bu kateqoriyadan olan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün qəbul olunan qərarların, imzalanan fərman və sərəncamların icrası ilə bağlı görülən işlər barədə geniş məlumat verib və bu işlərin davamlı olacağını vurğulayıb. Şirvanda salınan yeni qəsəbənin inşasını bu işlərin bariz nümunəsi kimi dəyərləndirən komitə sədri Kürdəmir və Ucarda da yeni qəsəbələrin inşasının başa çatdırıldığını deyib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, şəhərdə məskunlaşan məcburi köçkünlərin yeni il ərəfəsində yeni mənzillə təmin olunmasını dövlətin onlara ən qiymətli hədiyyəsi olduğunu bildirib.

Zəngilan rayonundan olan məcburi köçkün Xuraman Qurbanova yeni il ərəfəsində məcburi köçkün ailələri üçün inşa edilən qəsəbənin istifadəyə verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Məlumat verilib ki, yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilib. Məhəllənin salınması üçün Şirvan şəhərində 10 hektar torpaq sahəsi ayrılıb.

Kompleksin tikintisinə 2018-ci ilin dekabr ayında başlanılıb. Baş plana əsasən yeni yaşayış kompleksində hər biri 9 mərtəbəli olmaqla 13 yaşayış binası, 540 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası tikilib, müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleksə Şirvan şəhəri ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Binalardakı otaqların 64-ü bir, 298-i iki, 207-si üç, 53-ü isə dörd otaqlıdır. Kompleksin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud 110/35/6 kilovoltluq “Cənub” yarımstansiyasının 110 və 35 kilovoltluq açıq paylayıcı qurğularında 110-35 kilovoltluq avadanlıqlar dəyişdirilməklə yenidənqurma işləri aparılıb, 6,32 kilometr uzunluğunda iki dövrəli 35 kilovoltluq elektrik veriliş xətti çəkilib, məhəllədaxili yeni 35/6 kilovoltluq qapalı yarımstansiya tikilib və 2 ədəd 6,3 MVA-lıq güc transformatoru quraşdırılıb. Bundan əlavə, kompleksin ərazisində 2 ədəd 6/0,4 kilovoltluq transformator məntəqəsi tikilib və 4 ədəd 1000 kilovoltluq transformator quraşdırılıb. Sahədaxili elektrik təchizatı üzrə 1,2 kilometr uzunluğunda 6 kilovoltluq və 9,47 kilometr uzunluğunda 0,4 kilovoltluq kabel xətləri çəkilib və kompleksin ərazisinin işıqlandırılması təmin edilib.

İçməli su təchizatını təmin etmək üçün 400 millimetrlik magistral su kəmərindən 0,892 kilometr uzunluğunda xarici 110 millimetrlik polietilen boru kəməri çəkilmiş, 3 ədəd (içməli su) 500 kubmetrlik su anbarları, nasosxana və nəzarətçi binası tikilib. Ərazidə sahədaxili içməli 1,977 kilometr su şəbəkəsi tikilib və 5 ədəd yanğın hidrantları quraşdırılıb. Yaşıllaşdırma sahələrinin suvarılması üçün 1 ədəd 500 kubmetrlik su anbarı, nasosxana tikilib, 10,83 kilometr sahədaxili suvarma şəbəkəsi çəkilib.

Qaz təchizatını təmin etmək məqsədi ilə 3,306 kilometr uzunluğunda orta təzyiqli polietilen boru vasitəsilə əraziyə çatdırılıb və qazanxana üçün 1 ədəd qaztənzimləyici məntəqə quraşdırılıb.

İstilik təchizatı üçün isə 1,336 kilometr uzunluğunda yeraltı beton kanal quraşdırılıb və bu kanallarda müxtəlif diametrli polad borulardan 5,372 kilometr uzunluğunda istilik xətləri çəkilib, 1 ədəd qazanxana və burada hər birinin gücü 1,5Gkal/saat olmaqla 4 qazan quraşdırılıb və servis binası tikilib.