Ucarda və Göyçayda məcburi köçkünlər üçün yeni yaşayış binaları istifadəyə verilib
Dekabrın 29-da məcburi köçkünlər üçün Ucar rayonunda 250 mənzildən ibarət
altı bina, Göyçay rayonunda isə 80 mənzilli bir bina istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirlərdə
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən
Rzayev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Məcburi Köçkünlərin Sosial İnkişaf
Fondunun direktoru Mahir Abbaszadə, yerli ictimaiyyətin nümayəndələri, məcburi
köçkünlər iştirak ediblər.
Ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter
daşıyır. Bu sahədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti
Prezident İlham Əliyev uğurla davam etdirir. Hər il minlərlə məcburi köçkün ailəsi
yeni inşa edilən, rahat mənzillərə köçürülür. Birinci vitse-prezident xanım
Mehriban Əliyevanın xüsusi diqqəti sayəsində bu kateqoriyadan olan vətəndaşların
sosial problemlərinin, xüsusən mənzil-məişət məsələlərinin həlli
üçün yol xəritəsi hazırlanıb və icra olunur.
Ucarda və Göyçayda yeni istifadəyə
verilmiş binalar “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə
tutulan tədbirlər çərçivəsində inşa edilib.
Ucar rayonunda istifadəyə verilən
məhəllə ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 109-cu qəsəbədir. Məhəllənin
inşası üşün 4 hektar torpaq sahəsi ayrılıb, tikinti işlərinə may ayında
başlanılıb. Buradakı binalar beş mərtəbəlidir. Mənzillərdən 25-i
birotaqlı, 110-u ikiotaqlı, 100-ü üçotaqlı, 15-i dördotaqlıdır.
Məhəllədə 220 şagird yerlik məktəb,
100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilib, o cümlədən
müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma
işləri görülüb.
Ucar rayonu ərazisindəki
yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi
köçkün ailələri bu məhəlləyə köçürüləcəklər.
Məhəllənin elektrik təchizatını təmin
etmək məqsədi ilə yaxınlıqda yerləşən “Ucar” yarımstansiyasının Açıq Paylayıcı
Qurğularında yenidənqurma işləri aparılıb, yarımstansiyanın ərazisində 10
kV-luq yeni Qapalı Paylayıcı Qurğu inşa edilib. Bundan başqa, ikidövrəli
elektrik verilişi xətti çəkilib, trasformator məntəqəsi tikilib və 2 ədəd
güc transformatoru quraşdırılıb, məhəllənin ərazisinin işıqlandırılması təmin
edilib.
İçməli su təchizatı üçün
yaxınlıqdan keçən mövcud magistral su kəmərindən boru xətti çəkilib, iki (içməli və yanğın əleyhinə) su anbarı, su nasosxanası tikilib, müvafiq şəbəkə yaradılıb. Məhəllədə
həmçinin kanalizasiya və suvarma şəbəkəsi, təbii qaz təchizatı sistemi qurulub.
İstilik təchizatı üçün mənzillərdə qazla işləyən kombi tipli suqızdırıcılar
quraşdırılıb. 220 yerlik məktəb binasının istilik təchizatı üçün qazla işləyən
2 ədəd və 100 yerlik uşaq baxçasının istilik təchizatı üçün isə 2 ədəd
qızdırıcı qazanla təmin edilmiş qazanxana binaları tikilib. Məhəllədəki
binaların hər birində videomüşahidə kameraları quraşdırılıb. Ərazidə abadlıq və
yaşıllaşdırma işləri görülüb, asfalt beton yol-küçə şəbəkəsi salınıb,
sanitariya-təmizləmə meydançaları tikilib.
Göyçay rayonunda 0,5 hektar
torpaq sahəsində 80 mənzilli binanın tikintisinə cari ilin yanvar ayında
başlanılıb. Tam müasir standartlara uyğun inşa edilən binada yaşayış üçün hər
bir şərait yaradılıb, müvafiq mühəndis kommunikasiya şəbəkələri qurulub.
Binadakı mənzillərdən 15-i birotaqlı, 30-u ikiotaqlı, 30-u üç otaqlı, 5-i
dördotaqlıdır.
Binanın elektrik təchizatını təmin
etmək məqsədi ilə yaxınlıqda yerləşən mövcud "Çörək zavodu"
yarımstansiyasında və mövcud "3-cü Şəhər" hava xəttində yenidənqurma
işləri aparılıb, kabel xətti çəkilib və KTY quraşdırılıb. Sahədaxili elektrik təchizatı
üzrə də kabel xətləri çəkilib və binanın ərazisinin işıqlandırılması təmin
edilib.
İçməli su təchizatını təmin etmək
üçün boru kəməri çəkilib, 2 ədəd içməli su, 2 ədəd yanğın əleyhinə su anbarı,
nasosxana və nəzarətçi binası tikilib. Ərazidə sahədaxili içməli su və yanğına
qarşı su şəbəkəsi tikilib və 10 ədəd hidrantı quraşdırılıb. Kanalizasiya şəbəkəsi
qurulub, əlahiddə çirkab suları təmizləyicisi və dizel generatoru quraşdırılıb,
kanalizasiya nasosxanası və nəzarətçi binası tikilib.
Yaşılaşdırma sahələrinin
suvarılması üçün su anbarı, nasosxana tikilib, sahədaxili suvarma şəbəkəsi çəkilib
və suvarma kranları quraşdırılıb.
Qaz təchizatını təmin etmək məqsədi
ilə Göyçay 2 saylı Qaz Paylayışı Stansiyadan orta təzyiqli polietilen yeraltı
qaz boru kəməri çəkilib və şkaf tipli qaztənzimləyici məntəqə quraşdırılıb, mənzillər
borular vasitəsi ilə aşağı təzyiqli qaz ilə təmin edilib. Hər mənzildə isə
ayrılıqda qaz tənzimləyici reduktorlar, PQ-4 tipli qaz peçləri və
G-4 smart kart tipli qaz sayğacları quraşdırılıb.
İstilik təchizatı üçün hər mənzildə
24 kvt gücündə kombi tipli suqızdırıcı cihazlar quraşdırılıb.
Ərazidə abadlıq və yaşıllaşdırma
işləri görülüb, asfaltbeton yol-küçə şəbəkəsi, drenaj şəbəkəsi və nasosxanası
tikilib, sanitariya-təmizləmə meydança inşa olunub.
Ucar və Göyçay rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni il yeni mənzillərdə qarşılayacaqlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bunun üçün bütün zəruri tədbirləri görür.