Yeni il ərəfəsində daha bir rayonda məcburi köçkün ailələri üçün yeni məhəllənin açılışı olub.
Dekabrın 30-da Göygöl rayonunda məcburi
köçkünlər üçün salınan yeni yaşayış məhəlləsi istifadəyə verilib.
Açılış
mərasimində Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondunun direktoru Mahir Abbaszadə və Göygöl Rayon İcra Hakimiyyətinin
başçısı Arif Seyidov, ictimaiyyət nümayəndələri, məcburi köçkünlər iştirak
ediblər.
Prezident
İlham Əliyevin apardığı siyasət və həyata keçirdiyi islahatlar nəticəsində
ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan uğurlar davamlı xarakter
daşıyır. Bunun nəticəsidir ki, müharibədən əziyyət çəkən insanların, o cümlədən
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində görülən işlərin miqyası ilbəil genişlənir. Son
iki il ərzində ölkə ərazisində bütün zəruri sosial-texniki infrastrukturu olan
13 qəsəbə və bir bina tikilib istifadəyə verilib. Ümumilikdə isə indiyədək 300
mindən çox qaçqın və məcburi köçkünün – 62 mindən çox ailənin mənzil-məişət
şəraiti yaxşılaşdırılıb. Gələn il 7 minə qədər məcburi köçkün ailəsinin yeni ev
və mənzillə təmin edilməsi nəzərdə tutulur.
Məcburi
köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərən
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır şəraitdə,
həyat üçün təhlükəli bina və tikililərdə müvəqqəti məskunlaşan ailələrin
birinci növbədə yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırıq icra
edilir. Məhz Mehriban Əliyevanın çağırışı ilə özəl sektor məcburi köçkünlərin
mənzil probleminin həllinə öz töhfəsini verməyə başlayıb. Dövlətimizin başçısı
tərəfindən də dəstəklənən bu təşəbbüsə qoşulan sahibkarlıq subyektlərinin sayı
artmaqdadır.
Göygöldəki
açılış mərasimində bu barədə məlumat verən Dövlət Komitəsinin sədri Rövşən
Rzayev məcburi köçkünlərə dövlətimizin başçısının Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb, onlara yeni mənzillərdə xoş
günlər, firavanlıq arzulayıb. Əminliklə qeyd edilib ki, məcburi köçkünlərin öz
doğma yurdlarına qayıdacaqları gün uzaqda deyildir. Ölkə rəhbərinin qətiyyətli
siyasəti Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi ilə
nəticələnəcək.
Göygöl
Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxışında Göygöldə müvəqqəti
məskunlaşmış məcburi köçkünlərin hər bir müraciətinə yerli orqanların
həssaslıqla yanaşdığını, onlara lazımi köməklik göstərildiyini bildirib və yeni
istifadəyə verilən məhəllənin rayon ərazisindəki məcburi köçkünlərin mənzil
problemini tam həll etdiyini deyib.
Göygöldəki hər biri beşmərtəbəli olmaqla 3 yaşayış binasından
ibarət məhəllə ölkə ərazisində qaçqınlar və məcburi köçkünlər üçün salınmış,
bütün zəruri sosial-texniki infrastrukturu olan 110-cu qəsəbədir. 130 məcburi
köçkün ailəsi üçün nəzərdə tutulan məhəllənin tikintisi “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması
üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb.
Məhəllə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
(MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 1,5 hektar torpaq sahəsində
tikinti işlərinə 2019-cu ilin avqust ayında başlanılıb. Məhəllədəki binalarda
mənzillərin 15-i birotaqlı, 55-i ikiotaqlı, 50-i üçotaqlı, 10-u dördotaqlıdır.
Buraya Göygöl rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda
müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.
Məhəlləni elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud
“Göygöl-1” yarımstansiyasında yenidənqurma işləri aparılıb və birdövrəli
elektrik verilişi xətti çəkilib. Bundan əlavə, kompleksin ərazisində
transformator məntəqəsi tikilib və güc transformator quraşdırılıb, kabel
xətləri çəkilib, ərazinin işıqlandırılması təmin edilib.
İçməli su təchizatını təmin etmək üçün boru kəməri çəkilib, bir
içməli su anbarı, yanğın əleyhinə iki su anbarı, nasosxana və nəzarətçi binası
tikilib. Kanalizasiya şəbəkəsi qurulub. Məhəllə təbii qazla təchiz edilib,
bunun üçün müvafiq infrastruktur yaradılıb.
Kompleksdə abadlıq və yaşıllaşdırma işləri görülüb, məhəllədaxili
yollar çəkilib, sanitariya-təmizləmə meydançası tikilib.
Yeni il ərəfəsində məcburi köçkünlərin yeni mənzillərdə
yerləşdirilməsinə başlanılıb.