Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib
Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu
Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri
Kamil Əliyev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban
Əliyevaya təməli ötən ilin iyulunda qoyulan kompleksdə yaradılan şərait barədə
məlumat verdilər.
Bildirildi ki, sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal
Abşeron” MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və
“Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış
komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Qeyd edildi ki, məcburi köçkünlər üçün salınan bu yaşayış
komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir
sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə “Qobu Park-1”,
ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci
yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci
yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu
komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt
məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri
yaradılıb. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası
inşa olunub.
Dövlətimizin başçısına və birinci xanıma ərazidə özəl şirkətlər
tərəfindən inşa olunan yaşayış kompleksi barədə də məlumat verildi. Bildirildi
ki, burada 2 bina inşa olunur və bu binalarda 100-ə yaxın mənzil olacaq.
Kompleksin ərazisində 280 yerlik uşaq bağçası inşa olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşaq
bağçasında yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, bağçada balacalara bilik öyrətməklə yanaşı,
onların istedadlarını üzə çıxarmaq, potensiallarını aşkarlamaq üçün hərtərəfli
imkan var.
Qeyd edək ki, gələcəyimiz olan körpələrin sağlam və bilikli
böyüməsi üçün son illərdə dövlət səviyyəsində və Heydər Əliyev Fondu tərəfindən
olduqca əhəmiyyətli layihələr icra olunur. Bütün bunlar göstərir ki, ölkədə
həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri də uşaqların sağlam,
firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasıdır. Həyata keçirilən bütün
bu mühüm layihələr uşaqların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi
istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və ardıcıl olduğunu
nümayiş etdirir.
Dövlətimizin başçısı və birinci xanım kompleksdə inşa olunan
Füzuli rayon 4 saylı tam orta məktəbində yaradılan şəraitlə də tanış oldular.
Bildirildi ki, 960 yerlik məktəb binası zəruri tədris avadanlığı
ilə təchiz edilib, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli
imkan yaradılıb.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil
sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni təhsil ocaqlarının
inşası, mövcud məktəb binalarının müasir səviyyədə yenilənməsi baxımından çox
mühüm layihələr icra olunub. Dövlət səviyyəsində bu istiqamətdə görülən işlərə
birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük
töhfələr verib. Belə müasir məktəb binasının inşası bir daha göstərir ki,
ölkədə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından
didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər.
Sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin layihəsi olan
“Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası haqqında məlumat verildi.
Qeyd edildi ki, ilk dəfə həyata keçirilən bu layihənin məqsədi
məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da
yaxşılaşdırılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də
istehsal prosesi təmin ediləcək. Layihəyə il ərzində “Qobu Park-1”, “Qobu
Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində
yaşayan 70 məcburi köçkün cəlb ediləcək. Toxuculuğun sirlərinə daha dərindən
yiyələnənlər emalatxanalarda müəllim kimi çalışacaq, digərləri isə evlərində
dəzgahlarla təmin olunacaqlar. Onlar hədiyyəlik xalçalar toxuyacaqlar. Layihə
çərçivəsində xalçaların satışı da təmin ediləcək. Emalatxanada Qarabağın
maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır.
Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici
bazara da çıxarılacaq. Burada uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin
və xarici dil kurslarının təşkili də nəzərdə tutulur.
“Qobu Park-3” yaşayış kompleksində inşa olunan mənzillərlə
tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki,
kompleksdəki mənzillərin ümumi sayı 1336-dır. Onların 156-sı bir, 580-i iki,
384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi
kombi sistemi ilə təchiz edilib. Bu kompleksə, əsasən, Yasamal rayonundakı
yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi
köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat
sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə
sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb,
uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri
görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil
dayanacağı sakinlərin ixtiyarına veriləcək.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
kompleksdə reallaşdırılan iki biznes layihəsi barədə də məlumat verildi.
Qeyd olundu ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə
əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr məcburi köçkünlərin
məşğulluğunun biznes-layihələr vasitəsilə təmin olunması məqsədi daşıyır. İlk
dəfədir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə istehsal
müəssisələri qurulub. Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının
istehsal olunacağı müəssisədə 40-dan çox iş yerinin yaradılması nəzərdə
tutulur. Müəssisədə gün ərzində 1000-ə yaxın yumşaq və 500-ə yaxın plastik
oyuncaq istehsal ediləcək. Yumşaq oyuncaq təxminən 15-20, plastikdə oyuncaqlar
isə 10 çeşiddə olacaq.
Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə
tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25
nəfər işlə təmin olunacaq. Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi “Qobu
Park 3”ün sakinlərindən formalaşdırılacaq. Şirkətlər icarə xərclərindən azad
olunub ki, bu da müvafiq layihələrin kompleksdə reallaşdırılmasını sahibkarlar
üçün cəlbedici edir. Layihələr yalnız sosial əhəmiyyəti ilə seçilmir. Onlar,
eyni zamanda, biznesyönümlüdür. Belə ki, hər iki müəssisədə istehsal olunacaq
məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edəcək.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
məcburi köçkünlərlə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident
İlham Əliyevin
çıxışı
-Bu gün biz Respublika Gününü qeyd edirik. Sizi və bütün
Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Bu bayram
günündə məcburi köçkünlər üçün salınmış “Qobu 3” yaşayış kompleksinin açılışını
qeyd edirik. Burada bütün şərait yaradılıb. İndi mən şəraitlə tanış oldum, ən
yüksək səviyyədə işlər görülüb. “Qobu Park-3” bu qəsəbədə salınmış üçüncü böyük
yaşayış kompleksidir. “Qobu Park-3” kompleksində 1336 məcburi köçkün ailəsi
yerləşəcək. 960 şagirdlik məktəb, - özü də çox gözəl məktəbdir, - fəaliyyət
göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Bütövlükdə
Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi
yerləşdiriləcəkdir.
“Qobu-1” və “Qobu-2” layihəsi artıq 2018-ci və 2019-cu illərdə
istifadəyə verilib. Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin
təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl
daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il
ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb. Çünki bu 3 şəhərcikdə
toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əgər
iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi
hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya
həyata keçər. Beləliklə, boş bir ərazidə böyük infrastruktur layihələri icra
edildi. Çünki bütün bu binaların kommunikasiyaları, təchizatı ən yüksək
səviyyədə təşkil edildi – su, qaz, elektrik enerjisi, daxili yollar, nəqliyyat
məsələləri öz həllini tapdı. Burada, eyni zamanda, tibb məntəqəsi, ticarət
yerləri, iş yerləri yaradılıb, - bu da nəzərə alınıb, - çünki burada yaşayacaq
vətəndaşlar artıq burada işlə də təmin ediləcək. Xüsusilə qadınlar üçün burada
xalçaçılıq emalatxanası fəaliyyət göstərəcək və digər istehsalyönümlü kiçik
müəssisələr artıq fəaliyyətə hazırdır. Nəzərə alsaq ki, burada yaşayacaq
insanlar uzun illər çox ağır vəziyyətdə yaşayıblar, - bugünkü təqdimatda
onların indiki yaşayış yeri göstərilir, - əlbəttə ki, bu, ailələrə böyük sevinc
bəxş edəcək.
Bu qəsəbənin xüsusiyyəti ondan ibarətdir ki, burada bütün işlər
özəl sektor tərəfindən görülmüşdür. Bu da çox sevindirici haldır. Şadam ki,
mənim bir neçə il bundan əvvəlki çağırışımdan sonra özəl sektor artıq bu önəmli
sosial layihələrə də qoşuldu. O vaxt mən özəl sektoru bu işlərə dəvət etmişdim
və şadam ki, mənim çağırışım cavabsız qalmayıb. Bütün tikinti işləri, bütün
investisiyalar özəl sektor tərəfindən təmin edilibdir. Burada xüsusilə Paşa
Holdinq şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bu şirkət çoxşaxəli
fəaliyyətlə məşğuldur. Bu şirkətin bütün dövrlərdə sosialyönümlü layihələri
təqdirəlayiqdir. Onu da bildirməliyəm ki, heç bir reklam etmədən, necə
deyərlər, özünü tərifləmədən bu işləri ardıcıl şəkildə görür. Bu gün koronavirus
şəraitində Paşa Holdinq şirkəti və digər özəl şirkətlər ehtiyacı olan
insanların yanındadırlar. Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki,
biznesin sosial məsuliyyəti artır. Şadam ki, bu təşəbbüsə digər özəl şirkətlər
qoşuldu və bu yaxınlıqda digər şirkətlər tərəfindən iki bina tikilir. Ümid
edirəm ki, bizim başqa şirkətlərimiz də bu işə qoşulacaqlar. Çünki Azərbaycanda
bir çox böyük şirkətlər, holdinqlər var. Onlar Azərbaycanda pul qazanırlar,
ölkəmizdə hökm sürən sabitlikdən, biznesə göstərilən dəstəkdən faydalanırlar.
Əlbəttə ki, onların sosial məsuliyyəti də lazımi səviyyədə olmalıdır. Ona görə
bu yaşayış komplekslərinin tikintisi rəmzi xarakter daşıyır. Birinci növbədə
dövlət öz iradəsini ortaya qoyur. Bildiyiniz kimi, məcburi köçkünlərin problemlərinin
həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən,
özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır.
Nəzərə alsaq ki, ümumiyyətlə Azərbaycanda 300 mindən çox məcburi köçkün bu günə
qədər mənzillərlə, fərdi evlərlə təmin olunub və onlardan təqribən 20 mini bir
şirkət tərəfindən görülmüş işlər nəticəsində evlərlə təmin edilir.
Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır.
Bildiyiniz kimi, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim
proqramımın tərkib hissəsi məhz bu məsələ idi. Söz vermişdim ki, beş il ərzində
Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il
ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin demək olar ki,
bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə
yaşayırdılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında,
çadırlarda yaşayırdılar. Çadır şəhərciklərinin ləğv olunması hesab edirəm ki,
bizim çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb.
Son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürür. Son 4-5
il ərzində neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinin şahidi olmuşuq.
Buna baxmayaraq, məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir
yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur. Keçən il məcburi
köçkünlər üçün rekord sayda evlər-mənzillər tikildi – 5 minə yaxın. Bu il
qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə,
mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı
şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan
yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin
İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq.
Eyni zamanda, məcburi köçkünlərin sosial təminatı yaxşılaşır.
Keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artmışdır. Hər bir məcburi
köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. Əlbəttə,
indi dünyada bir neçə ölkədə məcburi köçkünlər vardır və bu ölkələrin sayı
artır. Çünki müharibələr, toqquşmalar geniş vüsət alır, yeni köçkün
şəhərcikləri salınır. Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəyə göstərilən
diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə
təsdiqləyiblər. Çünki biz köçkünləri belə gözəl evlərlə təmin edirik. Evlərin
həm quruluşu, həm daxili dizaynı, təchizatı göz oxşayır. Azərbaycan bu sahədə
də qabaqcıl yerlərdədir və hesab edirəm ki, bu, bizim borcumuzdur, bunu biz
edirik və edəcəyik.
Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki,
bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən
sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl
binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi
yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli
irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı
bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar
azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış
tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin
görülməsi də nəzərdə tutulur.
Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək,
bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu
göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində
minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin
timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər
görüləcək və hansı sürətlə görüləcəkdir. Biz Cocuq Mərcanlını uğurlu hərbi
qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat
qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar. Bəzən belə fikirlər
səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra
qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma
torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl köçkünləri. Onlar uzun illər başqa
yerlərdə yaşayıblar, o cümlədən Bakı şəhərində. Ancaq imkan olan kimi onlar
hətta növbəyə durmuşdular ki, tezliklə öz doğma torpağına qayıtsınlar. Eyni
zamanda, işğaldan azad olunan Şıxarx qəsəbəsi. İndi orada da böyük şəhərcik
salınıb. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən
Azərbaycanın tarixi məkanıdır, işğaldan azad olunan ərazidə böyük şəhərcik
salınıb. Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri
görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcəkdir.
Yenə də deyirəm, hərbi güc, bizim beynəlxalq mövqelərimiz,
beynəlxalq təşkilatların münaqişə ilə bağlı sərgilədiyi mövqe. Xüsusilə son
illər ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi
bütövlüyünü qətiyyətlə dəstəkləyir, dünyanın bütün aparıcı ölkələri, həmçinin.
Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri” bunu
bir daha göstərdi. O saxta prezidenti, dırnaqarası prezidenti heç kim tanımadı.
Dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər. ATƏT-in Minsk qrupunun
həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama
Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar
bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan
torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi
üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol
oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz
ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri
olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını
təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim
Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli
ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki,
sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim
üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli
tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik.
Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bu gün müzakirə edilən və
danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın
rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq
mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi
müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri
aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə
deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur.
Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu, ancaq
mərhələli yanaşma ola bilər. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi
tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın.
Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti
düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı
mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək
istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü
çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ
Azərbaycandır və nida işarəsi.
Ancaq yenə də bu məsələ ilə məşğul olanda hər zaman mən keçmişə
qayıdıram, tarixə qayıdıram və sual verirəm. Nə üçün torpaqlarımız işğal altına
düşdü? Necə oldu ki, biz bu torpaqları qoruya bilmədik? Necə oldu ki, ermənilər
xarici dəstəyin hesabına torpaqları işğal etdilər, insanları öz doğma
torpaqlarından didərgin saldılar? Mən bu suallara cavabı bilirəm və Azərbaycan
xalqı da bilir. Amma yenə də həmişə fikirləşirəm ki, əgər o vaxt Azərbaycanın
başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən
işğal edilə bilməzdi. Çünki onun dövründə Azərbaycan hakimiyyəti Dağlıq
Qarabağda elə bir möhkəm iradəyə sahib idi ki, bir nəfər erməni də səsini
çıxara bilmirdi. Düzdür, Moskvaya, Siyasi Büroya donoslar yazırdılar ki, guya
onları orada incidirlər və yaxud da onlar diskriminasiyaya uğrayırlar. Hamısı
yalan idi. Çünki iqtisadi göstəricilər var, onlar göstərir ki, Dağlıq Qarabağda
yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan
insanlardan pis yaşamayıblar. Ancaq Heydər Əliyevin qətiyyəti, iradəsi,
cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin. Ondan
əvvəl - 1960-cı illərdə hadisələr baş verib. Ancaq Heydər Əliyev Azərbaycana
rəhbərlik etməyə başlayandan sonra və Bakıdan Moskvaya gedənə qədər orada heç
bir hadisə olmayıb. Mən şəxsən atamla birlikdə Dağlıq Qarabağda olmuşam,
Xankəndidə, Şuşada. Mən o ab-havanı görmüşəm, 1980-ci illərin əvvəllərində həm
qış aylarında, - o məşhur fotolar, videolar var, - həm də yaz aylarında. Orada
- həm Xankəndidə, həm də başqa yerlərdə heç bir problem yox idi.
Mənim gözümün qabağında ermənilər Heydər Əliyevin qarşısında
fərəqət durmuşdular, onu salamlayırdılar. Orada Azərbaycan dilində poeziya günü
keçirilmişdir. Erməni, Azərbaycan şairləri Azərbaycan dilində şeirlər
deyirdilər. Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti, müdrikliyi imkan
vermirdi ki, bir dənə də erməni baş qaldırsın. Şuşada olan zaman o qədim
Azərbaycan şəhərinin tarixini görərkən biz bir daha görürdük ki, bizim nə qədər
böyük tarixi irsimiz var. Yadımdadır, Ulu Öndər ev-muzeyləri, Üzeyir
Hacıbəylinin ev-muzeyi haqqında və digər göstərişlər vermişdi ki, Azərbaycan
mədəniyyəti orada daim yaşasın. Ermənilər və burada yerli satqınlar Heydər
Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar. Aydın
məsələdir ki, Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar.
Buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırdılar.
İndikilər də yazırlar. O vaxt Siyasi Büroya yazırdılar. Bunlar isə bizdən Qərb
ölkələrinə donos yazırlar. İndiki milli satqınlar dediyim o cinayətkar ünsür
dəstəsi o vaxtın donos yazanlarından fərqlənmirlər. Onlar da özlərinə başqa
ölkədə himayədar axtarırdılar, bunlar da. Onların da, bunların da əsas məqsədi
hakimiyyətdir, nəyin bahasına olursa-olsun. Bax, buna görə torpaqlar işğal
altına düşüb. Baxın, Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər
Sovetindən yüksək vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş nə baş verdi?
Bir erməni millətçisi məqalə ilə çıxış etdi ki, Dağlıq Qarabağ Ermənistana
verilməlidir. Özü də harada? Fransa qəzetində. Artıq erməni diasporu bu işlərə
qoşulmuşdu. Sovet İttifaqının başında dayanan adamlar da öz ermənipərəst
mövqeyi ilə fərqlənmişlər. Biz bunu yaxşı bilirik və artıq hərəkət başladı. O
vaxt Azərbaycan hakimiyyəti nə etdi? 1987–ci ilin noyabrı idi. Heydər Əliyev
vəzifədən gedəndə sonra cəmi iki həftə keçmişdi. Buradakılar neylədilər? Heç
nə. Veclərinə də almadılar. Onlar elə bil ki, bu torpağın övladları deyildilər.
Biganə qaldılar, reaksiya vermədilər. Vəziyyəti nəzarət altında saxlaya
bilmədilər və nəticə etibarilə, çox da keçmədi, təxribat törədildi. Bu tarixə
bu nöqteyi-nəzərdən baxın. Cəmi 3-4 ay keçdi, 1988-ci ilin fevral ayında
Sumqayıt təxribatı törədildi. Nə idi o təxribat. Erməni quldurları orada dəstə
yaradıb bir neçə ermənini öldürüb bunu Azərbaycan xalqının ayağına yazdılar. Bu
da tarixi faktlardır.
İstintaqı biz aparmamışıq. İstintaqı Moskvadan gələn istintaq
qrupu aparırdı. Orada bilindi ki, bu dəstənin başında dayanan ermənidir. Onun
təcavüz etdiyi şahidlər üzünə demişdilər, o kadrlar var. Onun qətlə yetirdiyi
insanların qohumları, yaxınları demişdilər ki, bizi öldürən budur. Baxın, sonra nə olur? Bu adam həbs olunur, ona hökm verilir. Bir ildən
sonra o cəza çəkmək üçün Ermənistana göndərilir. Ermənistanda nə edirlər? Onu
buraxırlar. Yaxşı, bu adam erməniləri öldürüb, bu da təsdiq olunub, istintaq
materialları var. Nə üçün siz onu buraxırsınız? Deməli, bu, bəri başdan
qurulmuş təxribat idi. Bu təxribatı ermənilər törədiblər, sonra yıxıblar
Azərbaycan xalqının üstünə. Bu da onlara fürsət verib ki, Dağlıq Qarabağ
məsələsini qaldırsınlar. Bax, budur tarix. Azərbaycan hakimiyyəti nə edib? Heç
nə. O vaxt Azərbaycanın başında duran adam bilmirdi ki, Moskvanın o
çinovniklərinin dabanını necə yalasın. Budur milli rəzalət. Sovet İttifaqı
dağılandan sonra bir neçə ay keçmədi, dərhal Xocalı soyqırımı törədildi.
Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Xalqımıza qarşı qanlı
cinayət, soyqırımı törədildi. Ondan bir neçə ay sonra - 1992-ci ilin may ayında
Şuşa və Laçın işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi. Bir
nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz
şəhərlərimizi qoruya bilmədi. Ancaq Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək
üçün xəyanət etmişdi. Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq
edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa alınmaz qaladır. Onu almaq
mümkün deyil. Az kontingentlə oranı illərlə müdafiə etmək olar, satdılar ki,
hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Belə də oldu. Sonra Laçını da
satdılar. Hakimiyyətə gəldilər. Onların əsas məqsədi hakimiyyətə gəlmək və
olan-qalan sərvətləri talamaq idi.
Azərbaycan
Xalq Cəbhəsinin cinayətkar əməlləri bununla bitmir. Ondan sonra onların
yarıtmaz fəaliyyəti nəticəsində Kəlbəcər işğal olundu. Müdafiəni düzgün qura
bilməmişdilər. Kim quracaqdı müdafiəni? Kim məşğul idi müdafiə ilə? Hərbi işdən
heç bir xəbəri olmayan savadsız və xəyanətkar adamlar. Kim idi dövlətin
başında? Xalq arasında heç bir hörməti olmayan boşboğaz. Kim gətirdi saldı bizim
xalqımızı bu bəlaya? Onlar. O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə
vəziyyət yaransın? Ona görə biz bunu bilməliyik. Kəlbəcər əldən gedəndən sonra
neylədilər? Vəziyyəti bərpa etmək əvəzinə başladılar öz ordumuza qarşı
mübarizəyə. Burada torpaqlar əldən gedir, onlar isə Gəncəni bombalayırdılar.
Kəlbəcər, Laçın, Şuşa rayonları işğal olunandan sonra Dağlıq Qarabağla
Ermənistan arasında bağlantı yarandı. Onlar isə Gəncəni bombalayırlar. Kim edib
onu? Azərbaycan Xalq Cəbhəsi. Bu gün elə orada-burada fırlananlar da bu işdə
əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik
atdı. Məhz ondan sonra Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və
vəziyyət sabitləşdi.
Budur
səbəbkarlar, budur tarixi həqiqətlər. Bu gün vəziyyəti düzəltmək, torpaqları
işğaldan azad etmək üçün nə qədər böyük səylər göstərilir. Ancaq Aprel
döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu
istənilən vəzifəni icra edə bilər.
Bu
gün Respublika Günüdür. Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur
mənbəyimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman
aləmində ilk respublika məhz Azərbaycanda yarandı, Azərbaycan xalqı bunun
təşəbbüskarı olub. Eyni zamanda, biz bu gün də tarixdən ibrət götürməliyik. Nə üçün
Respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi? Nə üçün müstəqilliyi
qoruya bilmədi? Bu suallardır. Biz düzgün nəticə çıxarmaq üçün tarixi
bilməliyik. Burada heç bir mifologiyadan söhbət gedə bilməz. Hansısa hadisələri
şişirtməklə biz özümüzü aldatmamalıyıq. Nə üçün? Çünki o hadisələr
təkrarlanmasın. Nə üçün? Çünki müstəqilliyimiz əbədi olsun. Azərbaycan Xalq
Cümhuriyyəti rus imperiyasının dağılması nəticəsində yaranmışdır. Ancaq cəmi
iki ilə yaxın yaşadı. Çox önəmli addımlar atılmışdır. Müstəqillik elan olundu,
dövlət atributları təsis edildi. Milli Ordu, Bakı Dövlət Universiteti
yaradıldı, mütərəqqi qanunlar qəbul edildi. Amma, eyni zamanda, biz bilməliyik
ki, o müstəqillik şərti xarakter daşıyırdı. Bakıda söz sahibi xarici generallar
idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları
ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı. Respublika Azərbaycan
ərazisinə tam nəzarət etmirdi. Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki,
Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim
şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt
bağışlamaq olmaz. Ona görə biz bu həqiqətləri bilməliyik və gənc nəsil də
bilməlidir. Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik. Həqiqəti bilməliyik
ki, bu, təkrarlanmasın. Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşadı,
müstəqilliyi qoruya bilmədilər. Azərbaycanın başında duranların bir çoxu ölkəni
tərk etdi, müstəqillik əldən getdi. Bilirsiniz, gözəl şüarlar demək olar. Amma
bu şüarların arxasında gərək iradə, güc və əməl olsun.
Bizim
1920-ci ildə endirilən üçrəngli bayrağımızı 70 il sonra Heydər Əliyev
Naxçıvanda yenidən qaldırdı. Gücün varsa, bayraq həmişə yüksəklərdə olacaq. O
vaxt Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət
bayrağı rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında
vəsatət qaldırıldı ki, onlar da eyni addımı atsınlar. Etmədilər. Çünki
qorxurdular. O vaxt hələ Sovet İttifaqı dağılmamışdı. Qorxurdular ki, Moskvadan
bunları tənbeh edəcəklər. Ona görə bu tarixi gün həmişə həm qürur mənbəyimiz
olmalıdır, həm də daim yadda saxlamalıyıq ki, biz müstəqilliyi əbədi, dönməz
etməliyik. Bunu kim etməlidir? Biz – Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti.
Ona görə ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi,
ölkəmizdə aparılan islahatlar iqtisadi, sosial sahədə, milli dəyərlərlə bağlı
olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki,
bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, həmişə
möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun.
Bir
daha sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Bu gözəl bayram
münasibətilə bütün Azərbaycan xalqına yeni uğurlar, xoşbəxtlik arzulayıram. Sağ
olun.
X X X
Zəngilan
rayonundan məcburi köçkün İbrahim
Teymurov dedi:
-Hörmətli
cənab Prezident.
Hörmətli
Birinci vitse-prezident Mehriban xanım.
İcazə
verin, bu əziz gündə Sizi 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən
təbrik edim. Bəli, biz o vaxtlar yiyəsizlik ucbatından didərgin düşdük. Gəlib
respublikamızın müxtəlif bölgələrində məskunlaşdıq. Allah rəhmət eləsin, o vaxt
Ulu Öndər bizə kim harada məskunlaşmışdısa yaxşı şərait yaratdı və biz mümkün
qədər respublikanın o vaxtkı gücü səviyyəsində lazımi şəraitdə məskunlaşdıq.
Düzdür, çətin zamanlar idi, yataqxanalar idi, çadırlar yaradılmışdı. O vaxtdan
bəri mərhələ-mərhələ, davamlı olaraq bu çadır şəhərcikləri yeni-yeni şəhərlərin
tikilməsi ilə ləğv olundu. Üzü bəri davamlı olaraq yenə də, möhtərəm Prezident,
Sizin sayənizdə, Sizin quruculuğunuz nəticəsində davamlı surətdə neçə-neçə
şəhərcik salındı. Bu, heç də sadə iş deyil. Bu gün biz buraya gələndə girib
evlərə baxdıq. Müasir məktəb, hər bir şərait, infrastruktur çox gözəldir. Biz
hamımız Sizə çox böyük alqış edirik, minnətdarlığımızı bildiririk. Çox sağ olun
ki, Siz məcburi köçkünləri həmişə yadda saxlayırsınız, həmişə qayğımıza
qalırsınız. Minnətdarıq Sizə. Möhtərəm Prezident, bayaq qeyd etdiniz, Allahın
köməyi, Sizin iradəniz və başçılığınız ilə biz o bayrağı aparıb Şuşada və işğal
olunmuş digər torpaqlarda Sizinlə birgə sancacağıq. Allah o günü bizə
göstərsin. Sağ olun.
Prezident
İlham Əliyev: Sağ olun.
X X X
Şuşa
rayonundan məcburi köçkün Könül
İsmayılova dedi:
-Möhtərəm
cənab Prezident.
Hörmətli
Mehriban xanım.
Mən
də bu gözəl gündə çıxış etmək istəyirəm. Biz elə bir gündə qarşılaşmışıq ki, bu
gün həm bu gözəl “Qobu Park” açılır, həm də Respublika Günü qeyd edilir.
Hamımızı təbrik edirəm. Bu gözəl gündə demək istəyirəm ki, məcburi köçkünlərin
üzərində Sizin daim qayğınız və diqqətiniz olubdur. Bu, bizim nəzərimizdən heç
vaxt yayınmayıb. Biz həmişə Sizdən bu qayğını və diqqəti görmüşük. Mehriban
xanım, Siz məcburi köçkünlərlə, xalqla tez-tez ünsiyyətdə olursunuz, onlarla
söhbət edirsiniz. Səmimi söhbətlərinizə həmişə qulaq asmışam, diqqətlə
izləmişəm. Siz onların dərdlərini həmişə dinləmisiniz və köməyinizin də
bəhrəsini biz həmişə görmüşük. Ona görə biz Sizə xalqın Prezidenti, xalqın
Mehriban xanımı deyirik. Biz Sizi bu gözəl gün münasibətilə ürəkdən alqışlayırıq.
Bu gözəl həyat, övladlarımızın oxuyacağı bu gözəl məktəb, uşaq bağçası,
poliklinika üçün Sizə təşəkkür edirik. Mən bir şuşalı məcburi köçkün kimi arzu
edirəm və inanıram ki, - Sizin gördüyünüz işlərin, həyata keçirdiyiniz
layihələrin şahidiyəm, - Şuşada da mənzillərimizin açarlarını Sizin əlinizdən
alacağıq. Biz buna inanırıq və Sizə çox minnətdarıq. Bu gözəl gün münasibətilə
Sizi ürəkdən təbrik edirik. Sizin yaxşılıqlarınız heç vaxt yadımızdan
çıxmayacaq, heç vaxt unudulmayacaq. Gördüyünüz işlər davamlıdır, olub və həmişə
də olacaq. Sağ olun.
Prezident
İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bir daha
bayramınız mübarək olsun!
X X X
Qeyd
edək ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, pandemiyanın
qlobal iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ciddi zərbələrə baxmayaraq,
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial-iqtisadi inkişafa
hesablanan layihələrin uğurlu icrası ardıcıllıqla davam etdirilir. Bunun
nəticəsini hər bir vətəndaş, o cümlədən qaçqın və məcburi köçkünlər öz
həyatlarında hiss edirlər. Ölkədə həyata keçirilən dövlət siyasətinin əsas
istiqamətlərindən biri də bu qəbildən olan soydaşlarımızın sosial
problemlərinin həllidir. Bununla bağlı dövlətimizin başçısı tərəfindən
ümumilikdə 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Dövlət
Proqramı təsdiqlənib.
Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi
köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərin
sosial məsələlərinin həllinə olduqca həssaslıqla yanaşır, bu qəbildən olan
soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması,
sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərir. Bu
qayğı özünü yeni inşa olunan “Qobu Park-3” yaşayış kompleksində də aydın
nümayiş etdirir.