Ölkə
başçısı Samux rayonunda məcburi köçkünlər üçün inşa
edilən yaşayış kompleksinin tikintisi ilə tanış olub.
İyunun 24-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün
inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olub.
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına görülən
işlər barədə məlumat verib.
Bildirilib ki, Samux rayonunda 459
ailədən ibarət 1603 nəfər məskunlaşıb. Onların da böyük hissəsi Kəlbəcər
rayonundan olan məcburi köçkünlərdi. İnşasına bu ildən başlanan və hazırda
tikintisi davam edən kompleksə rayon ərazisində daha ağır şəraitdə yaşayan
məcburi köçkün ailələri köçürüləcək. Kompleksə hər biri dördmərtəbəli olmaqla 9
yaşayış binası daxildir. Hər bir mənzilin tam təmirli vəziyyətdə məcburi
köçkünlərə təhvil verilməsi nəzərdə tutulub. Hazırda ərazidə infrastrukturun
qurulması ilə bağlı intensiv iş gedir. Buraya elektrik verilişinin təmin
olunması, su təchizatının qurulması, qaz xətlərinin çəkilməsi daxildir.
Qeyd
edək ki, dörd hektar sahəni əhatə edən yaşayış kompleksinə 144 şagird yerlik
tam orta məktəb, 50 uşaq yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, tibb
məntəqəsi və klub-icma mərkəzi daxildir. Ərazi tam abadlaşdırılacaq və
yaşıllaşdırma işləri həyata keçiriləcək.
Xatırladaq
ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması
məqsədilə həyata keçirilən siyasət nəticəsində indiyədək 300 mindən çox insanın
mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət büdcəsinin və Dövlət Neft
Fondunun vəsaitləri hesabına indiyədək ölkədə 100-dən çox qəsəbə və
hündürmərtəbəli binalardan ibarət yaşayış massivləri salınıb.