Xəbərlər Paytaxt Bakıda məskunlaşan məcburi köçkün ailələri üçün daha bir qəsəbənin tikintisi başa çatmaq üzrədir.

Paytaxt Bakıda məskunlaşan məcburi köçkün ailələri üçün daha bir qəsəbənin tikintisi başa çatmaq üzrədir.

 

      Bakı şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Sabunçu rayonu, Ramana qəsəbəsində  tikilən 9 mərtəbəli yaşayış binalarından ibarət 1512 ailəlik yeni məhəllənin tikinti işləri başa çatmaq üzrədir.

     Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması” haqqında 2019-cu il 19 aprel tarixli 1137 nömrəli Sərəncamı ilə Bakı şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrindən 1512 ailənin yeni mənzillərlə təmin edilməsi məqsədi ilə çoxmərtəbəli binalardan ibarət bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində son tamamlanma işləri həyata keçirilir.

     Qeyd edək ki, yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) həvalə edilib.

     Məhəllənin salınması üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə 11 hektar torpaq sahəsi ayrılmış, hər biri 9 mərtəbəli olmaqla 30 ədəd  45 və 54 mənzilli yaşayış binaları tikilmişdir.

      Kompleksdəki mənzillərin ümumi sayı 1512 olmaqla, sahəsi 124,308,00 m2-dir. Mənzillərdən 1 otaqlı 108 ədəd, 2 otaqlı  378 ədəd, 3 otaqlı 810 ədəd, 4 otaqlı  216 ədəddir.

      Yeni yaşayiş məhəlləsində 1200 şagird-yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, ats binası və s digər  sosial obyektlər də inşa edilib.

       Yaxın günlərdə yeni yaşayış kompleksinin ərazisində abadlıq və yaşıllaşdırma işlərinə  başlanılacaq.

       Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən kompeksdə sakinlərin istirahəti üçün tələb olunan müasir infrastrukturun yaradılması nəzərdə tutulub. O cümlədən, Prezidentin göstərişi ilə yeni yaşayış məhəlləsi elektrik, qaz, su və müasir istilik sistemi ilə tam təchiz edilərək məcburi köçkün ailələrinin ixtiyarına veriləcək.  

Bütün bunlar özlüyündə bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişəki kimi, bu gün də dövlətin, xüsusilə Prezident İlham Əliyevin xüsusi ilə diqqət yetirdiyi və qayğı göstərdiyi sahələrdəndir. Bu həssas məsələyə prinsipiallıqla yanaşma Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindəndir.