Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şükürbəyli kəndinin təməlini qoyub
Mayın 4-də Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə
iştirak edib.
Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat
verildi.
Bildirildi ki, Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması
planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq
əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi
üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin
tikilməsi nəzərdə tutulur.
Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib.
Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb. Burada da sakinlərin məşğulluğunun təminatı ilə bağlı bütün zəruri tədbirlər görüləcək.